Qaqauziya da Rusiyaya birləşdirilir Dünya

Qaqauziya da Rusiyaya birləşdirilir

Rusiyanın "bomba"sı bu dəfə Moldovada partladı

Cavid

Ukraynada baş verən məlum hadisələrin MDB məkanında digər separatçı rejimlər üçün də təhlükəli presedent yaradacağına dair verilən proqnozlar özünü doğruldur. Məsələ burasındadır ki, artıq bəzi separatçı rejimlər yaranmış durumdan öz lehinə istifadə etmək istəyir. Məsələn, Moldovanın separatçı Dnestryanı rejimi də Rusiyanın tərkibinə daxil olmaq istəyir.
"Vedomosti" nəşrinin verdiyi məlumata görə, Dnestryanı bölgə "parlament"inin sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə bununla bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, 2006-cı ildə keçirilən "referendum"da Dnestryanı əhalisinin 97,2 faizi Rusiyaya birləşməyə səs verib. Mixail Burla qeyd edib ki, Dnestryanıda rus dili dövlət dili elan edilib və orada 200 min Rusiya vətəndaşı yaşayır.
Xatırladaq ki, bu münaqişənin tarixi də 1989-cu ilə dayanır. Məhz həmin ildə Moldova parlamenti dillə bağlı qərar qəbul edərək, moldovan dilini dövlət dili elan edib və əlifbanı kiril qrafikasından latın qrafikasına dəyişib. Dnestryanı bölgənin əhalisi bu qərarı moldovan millətinin və dilinin hakim millət və dil elan olunması, ölkədə yaşayan digər millətlərin isə ikinci dərəcəli vəziyyətə salınması kimi qəbul edib. Onlar bunu diskriminasiya hesab edərək separatçılıq fəaliyyətinə başlayıblar. Əvvəlcə bu fəaliyyət tətillər formasında olub. 1990-cı il sentyabrın 2-də isə bölgədə referendum keçirilərək, SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. Dnestryanı Moldova Respublikasının təsis edildiyi tarix də məhz 2 sentyabr 1990-cı il hesab olunur. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, Dnestryanı Moldova Respublikası "müstəqil dövlət" elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i "müstəqilliyin" lehinə səs verib.
Tərəflər arasında dərinləşən uçurum 1992-ci ildə silahlı münaqişə ilə nəticələnib. 1992-ci ilin yayında Bender və Dubossar şəhərləri ətrafında gedən döyüşlərdə hər iki tərəfdən 700-dək itki qeydə alınıb. Ölənlərin 300 nəfəri Moldovanın, 400 nəfəri isə Dnestryanının payına düşür. Bir həftə davam edən döyüşlər zamanı Bender və Dubossar əhalisinin bir hissəsi evlərini tərk edərək Ukraynaya qaçıb. O vaxt Dnestryanıda dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu isə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. Bununla da silahlı qarşıdurmaya son qoyulub. İyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb. İmzalanma mərasimində Dnestryanı separatçılarının lideri İqor Smirnov da iştirak edib. Bunun ardınca Ukraynaya getmiş qaçqınlar öz evlərinə dönüblər. Döyüşlər zamanı daha çox Bender və Dubossar şəhərlərinə ziyan dəyib. O vaxtdan indiyə qədər problem çözülməmiş qalır və buna əsas səbəb də Rusiya faktorudur. Moldova öz ərazisindən rus hərbi birləşmələrini çıxarmağı tələb etsə də, Kreml hər dəfə bunu rədd edib.
İndi isə Ukraynada məlum olaylar Dnestyanı kimi separatçı rejimləri həvəsə gətirib və onlar da Rusiyanın tərkibinə daxil olmağa hazır olduqlarını bəyan edirlər. Xatırladaq ki, Moldovada Dnestryanı ilə bağlı həm də Qaqaquziya problemi var. Ötən ay Qaqauziyada referendum keçirilib və Qaqauziyanın Moldovadan ayrılaraq müstəqilliyinə səs verilib. Referenduma, həmçinin, səsvermədə iştirak edənlərin Gömrük İttifaqına və Avropa Birliyinə münasibətlərini əks etdirən sual da daxil edilib.
Keçirilən "referundum"un nəticələri rəsmi Kişinyov üçün yaxşı heç nə vəd etmir. Çünki ötən ilin noyabr ayında Brüsseldə Avropa Birliyi ilə assossiasiya sazişini imzalayan Moldova hökuməti alternativ iqtisadi birliyə səs vermiş qaqauzlarla dil tapmağa məcbur olacaq. Mütəxəssislər hesab edirlər ki, "referendum"un nəticələri rəsmi Kişinyovun avrointeqrasiya kursuna ciddi təhlükədir və ölkənin digər regionlarında da zəncirvari reaksiyalara səbəb ola bilər.
Moldovanın keçmiş xarici işlər naziri Valeriu Ostalep düşünür ki, "referendum"un siyasi nəticələri böyük olacaq: "Ölkənin vacib hissəsinin dövlətin xarici siyasətinə baxışı belədir. Əgər buraya Dnestyanı regionu və kommunistləri də əlavə etsək, o zaman hökumətin yürütdüyü kursun legitimliyi riyaziyyat və məntiq nöqteyi-nəzərindən sual altına düşür".
Ancaq rəsmi Kişinyov Qaqauziyada keçirilən "referendum"u qanunsuz sayır.
Rusiya Dövlət Dumasında isə cari ilin fevral ayında Moldovanın Qaqauziya bölgəsində keçirilən "müqəddəratı təyin etmə" referendumu müsbət qiymətləndirilib. Rusiya deputatları onu "tamamilə vaxtında keçirilmiş" və Qaqauziya siyasi sisteminin yetkinliyini nümayiş etdirən referendum hesab edir, bu barədə Dövlət Dumasının rəsmi saytındakı məlumatda deyilir.
Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski Qaqauziya nümayəndə heyəti ilə görüşdə bildirib ki, o, Rusiyanın beynəlxalq hüquq normalarına riayət edərək, Qaqauziya ilə tərəfdaşlıq münasibətlərini genişləndirməyə və zəruri dəstəyi göstərməyə hazırdır.
Qaqauziya xalq yığıncağının sədri Dmitri Konstantinov da RF ilə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, rus dilinin muxtariyyət daxilində ünsiyyət üçün qaqauz dilindən sonra ikinci dil olduğunu vurğulayıb.
Öz növbəsində, "Qaqauziya rəhbəri" Mixail Formuzal rus şirkətlərinin 5 il ərzində vergidən azad olunacağını vəd edib. O, həmçinin muxtariyyətin Rusiya ilə enerji sahəsində əməkdaşlıq quracağına ümid etdiyini bildirib.
Mixail Formuzal açıqlamasında rəsmi Kişinyovun ünvanına hədə dolu bəynatlar verib: "Sabah başımıza gələcək hər hansı problemin aradan qaldırılmasına kimsə qarantiya verirmi? Məsələn, Avropa Birliyinə üzv olan 27 ölkə iqtisadi problemlərimizin aradan qaldırılmasına bizə qarantiya verirmi? Əgər bizim hüquqlarımız pozularsa, nəinki Rusiyaya, biz Türkiyəyə də, Polşaya və Avropadakı digər dostlarımıza da müraciət edəcəyik. Bizim hüquqlarımızı pozmağa heç kimin ixtiyarı yoxdur".
O, hətta Rusiya hökumətinə məktubla müraciət edərək Moldova əhalisinin sadələşdirilmiş prosedurla Rusiya Federasiyasının vətəndaşlığında yaşaması məsələsinə baxılmasını xahiş edib. Məktubda bildirilib ki, Moldova əhalisi rus cəmiyyətinə rahat şəkildə daxil ola bilərlər, çünki onlar rus dili və mədəniyyətini yaxşı bilir və onların çoxunu ruslarla provoslav dəyərlər birləşdirir.
Onu da bildirək ki, Ukrayna hadisələri və Krımın işğalı fonunda Qaqauziyada Kişinyovdan müdafiə üçün ordu formalaşdırmağa başlandığı elan edilib. Qaqauziyanın "rəsmi" saytının yaydığı məlumata görə, "yaşayış məntəqələrində xalq qvardiyasının fəaliyyətinə hazırlıq üzrə tədbirlər həyata keçirilir.
Rusiyanın baş nazirinin müavini Dmitry Raqozin bir müddət əvvəl deyib ki, "Moldova adlı qatar Avropaya gedəndə ola bilsin yolda bir neçə vaqonunu itirsin". Raqozin bununla da açıq şəkildə Dnestyryanı region və Qaqauziyanı nəzərdə tuturdu.
Stratfor Araşdırmalar Mərkəzinin gəldiyi qəanət isə belədir ki, əslində Moldovada yaşayan qaqauzlar arasında ölkənin Avropa Birliyi ilə inteqrasiya adı altında Rumıniyaya birləşmək narahatlığı var. Referendumda sonuncu sual məhz bununla bağlı idi ki, bu birləşmə baş versə, onda qaqauzlar öz müstəqiliklərini elan edə bilərlər.
Qaqauzlar yanvar ayında Rumıniya prezidenti Traian Basescunun Rumıniya ilə Moldovanın mümkün birləşməsi haqda verdiyi bəyanatı da diqqətə çəkirlər.
Stratfor yazır ki, Moldovada da Gürcüstandakı vəziyyət təkrar olunur. Rəsmi Tiflis Avropa Birliyinə inteqrasiyaya tərəfardır. Ancaq Gürcüstanın 2 regionu - Abxaziya və Cənubi Osetiya bu inteqrasiyanın əleyhinədir.
Moldovalı siyasi təhlilçi İgor Botan hesab edir ki, baş verənlər təhlükəlidir: "Bu daha çox siyasi konfliktdir. Qaqauziyanın Moldovadan çıxmaq hüququ yoxdur. Ancaq onlar bu konflikti həmişə gündəlikdə saxlaya bilərlər".
Xatırladaq ki, SSRİ dağılan vaxt, digər muxtar subyektlər və müttəfiq respublikalar kimi, Qaqauziya da müstəqilliyini elan etmişdi. O vaxt Moldova buna görə bölgəyə xüsusi təyinatlılarını göndərərək, Qaqauziyadakı müstəqillik hərəkatına rəhbərlik edənləri cəzalandırmaq istəmişdi. Ancaq qaqauzların yardımına gələn Rusiya hərbçiləri və Dnestryanı qurumdan olan könüllülər buna imkan verməmişdilər. Qaqauziya ilə Moldova arasında bu problem yalnız Kişinyovun bölgənin muxtariyyətini tanıyacağı barədə 1992-ci ildə Komrat ilə anlaşma imzalamasından sonra qalxdı. O vaxt Qaqauziya parlamenti müstəqillik elan edilməsi barədə aktı müvəqqəti dondurduğunu bəyan etdi. Lakin bu anlaşmadan 22 il ötməsinə baxmayaraq, Moldova parlamenti sənədi ratifikasiya etməyib. Bu isə Qaqauziyanı daha çox Rusiyadan dəstək istəməyə vadar edib. Moskva isə, Moldovanın Avropa Birliyinə yaxınlaşmasına cavab olaraq, Qaqauziyaya hər cür dəstək verir. Gözlənir ki, bu separatçı rejim də, Dnestryanı kimi, Rusiyanın tərkibinə daxil olmaq barədə müraciət ünvanlasın. Bütün bunlar isə olduqca təhlükəli presedentlərdir və bir vaxtlar Qarabağ ermənilərinin də analoji tələbdə çıxış etməyəcəyinə heç kim təminat verə bilməz.
Xatırladaq ki, 1991-ci ildə SSRİ dağılandan Moldovada qaqauzlar arasında da separtaçılıq meyilləri güclənib. Onlar 1991-ci ilin avqustunda özlərinin müstəqilliyini elan etdilər. Rəsmi Kişinyov ilə qaqauzların uzun danışıqlarından sonra 1994-cü ildə qaqauzlar yaşayan regiona "xüsusi muxtar zona" statusu verildi. Hazırda Moldovada 150 min, Ukraynada 30 min, Rusiyada 12 min qaqauz yaşayır. Qaqauzlar türkdilli xristian xalqdır.