ABŞ Kremllə bağlı sanksiyalar siyahısını uzatdı Dünya

ABŞ Kremllə bağlı sanksiyalar siyahısını uzatdı

Sanksiyalara bir çox özəl şirkətlərin törəmələri və xaricdə olan bölmələri düşüb

Cavid

Azadlıq Radiosunun müxbiri Mike Eckel yazır ki, Birləşmiş Ştatlar Ukraynanın şərqində gedən münaqişə və Krımın ilhaqı ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan 34 fərdi və şirkəti özünün sanksiyalar siyahısına əlavə edib.
Kreml bu qərara dərhal reaksiya verərək, onu düşmənçilik addımı adlandırıb və buna xarakteri hələlik bəlli olmayan əks-tədbirlərlə cavab veriləcəyini bəyan edib.
ABŞ-ın bu qərarından bir gün əvvəl Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyaların uzadılması barədə qərar qəbul etmişdi.
ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən açıqlanmış siyahıdakı bir neçə şirkət Kremllə yaxın bağlara malik olan biznesmenlərə aiddir. Bunların arasında neft ticarətçisi Gennady Timcenko və milyarder sənayeçi Arkady və Boris Rotenberg qardaşları da var. Milyarder qardaşlar Putinin cüdo yoldaşları hesab edilirlər.
Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, sanksiyalar yalnız Rusiya Minsk razılaşmasına tam əməl etdiyi təqdirdə qaldırıla bilər. Bu sazişə Rusiyanın Ukraynaya onun öz sərhədləri üzərində nəzarəti qaytarması da daxildir.
Özünü müstəqil elan etmiş "Donetsk və Luqansk xalq respublikalarının" bir sıra rəsmiləri də sanksiyalar siyahısına əlavə edilib. Bura özlərini "Luhansk Xalq Respublikası"nın baş naziri və baş nazirin müavini təyin etmiş Sergey Tsyplakov və Vasily Nikitin-in də adları əlavə olunub.
ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındakı yeni adlar arasında devrilmiş Ukrayna prezidenti Yanukoviçin keçmiş rəsmiləri də var. Bunlardan bir də nümayişçilərə atəş açmaq əmri veridiyi söylənən keçmiş daxili işlər naziri Vitaly Zakarcenkodur.
Sanksiyalar siyahısında dövlət şirkətlərinin filialları – VTB və Sberbank bankları var. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və "Sberbank" banklarının qeyri-dövlət təqaüd fondları var.
Habelə bir sıra müdafiə firmalarını birləşdirən Rostec konqlomeratı da var.
İlhaq edilmiş Krımdakı üç şərabçılıq zavodu, bir kinostudiya, kurort və bir neçə banklar da bu siyahıya əlavə edilib.
Sanksiyalar altında həmçinin "Qals-Development" developer firması, Novikombank, "Aviapriborostroenie" konserni, "Müasir texnologiyalar", "Obidinonnaya dviqatelestroitelnaya korporasiya", "Oboronoprom", "Aviasiya avadanlığı", "Elmi-istehsalat birləşməsi SPLAV", "Rosoboroneksport" və başqa şirkətlər düşüblər.
Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni iqtisadi sanksiyalarının yeni siyahısına Krım şirkətləri də düşüb. Bunlar arasında "Yalta kinostudiya", "Massandra" və "Yuniversalavia" şirkətləri var. Həmçinin "Yandeks.Denqi" ABŞ sanksiyaları ilə üzləşib.

ABŞ Rusiyanın Krımı ilhaq etməsinə görə bundan əvvəl də bir neçə dəfə bu ölkənin məmurlarına və bəzi iş adamlarına qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasında tətbiq olunub. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 200-dən çox adama şamil edilir.

ABŞ-dan başqa digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir.
Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.
Kremlin sözçüsü Dmitry Peskov Rusiya mediasına bildirib ki, Moskva ABŞ-ın uzadılmış sanksiyalar siyahısı ilə bağlı əks-tədbirlərin görülməsi məsələsinə baxır.
O deyib ki, bu düşmənçilik addımı iki ölkə arasındakı ikitərəfli münasibətlərə dağıdıcı təsir göstərir.