Ermənistanda hökumət böhranı Dünya

Ermənistanda hökumət böhranı

Sarksiyanın istefası işğalçı dövlətin sosial vəziyyətini yaxşılaşdırmayacaq

Cavid

Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkə prezidentinə istefa ərizəsini təqdim edib. Serj Sarkisyan baş nazirin istefasını qəbul edib. Bu barədə hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) İcra Orqanının toplantısından sonra elan edilib. Baş nazirin istefasının səbəbləri barədə heç bir açıqlama verilməyib.
Öz Facebook səhifəsində Tiqran Sarkisyan "həmvətənlilərə" xitabən yazıb ki, istefa xahişi ilə ölkə prezidentinə hələ fevral ayında müraciət edibmiş: "Mənim bu qərarım yetkin düşünülmüşdür. Biz bir sıra dövlət əhəmiyyətli tədbir və Respublikaçılar Partiyasının iqtisadi forumunu keçirmək zərurətilə başğlı ərizəmi daha sonra təqdim etmək qərarına gəlmişdik".
"Armenpress" agentliyinin məlumatına görə, baş nazir onunla "bir yerdə işləyənlərə və prezidentə" təşəkkürünü bildirib, yeni hökumət kabinetinə "vətənpərvər və səmərəli" işləməyi arzulayıb.
Qeyd edək ki, son illər hökumət kabinetinin fəaliyyəti tez-tez Ermənistanın qeyri-iqtidar qüvvələrinin tənqid hədəfinə çevrilib. Xüsusilə parlamentin hakim ERP fraksiyasından sonra sayca ikinci olan Firavan Ermənistan Partiyası Tiqran Sarkisyanın öz vəzifəsinin öhdəsindən gəlmədiyini bildirirdi və ona etimadsızlıq elan etmək məsələsini parlamentin gündəliyinə daxil etməyə çalışırdı.
Son həftələr isə parlamentdə təmsil olunan dörd qeyri-iqtidar qüvvələri - Firavan Ermənistan, Daşnaksutyun, İrs partiyaları və Erməni Milli Konqresi - bir sıra görüşlərdən sonra aprel ayının sonunda baş nazirin istefası tələbilə üç gün fasiləsiz mitinq keçirmək qərarına gəliblər.
Müxalifət baş naziri ölkənin iqtisadi siyasətini iflasa uğratmaqda ittiham edir və hökumət tərəfindən tətbiq edilən pensiya islahatına qarşı çıxış edir.
Sarkisyanın istefası Ermənistanda gözlənilməz hadisə kimi qarşılanmayıb və hökumət rəhbərinin mövqelərinin çoxdan laxladığı hamıya məlum idi.
Qeyd edək ki, T.Sərkisyan və hökuməti vaxtaşırı olaraq Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyəti və korrupsiya ilə bağlı tənqidlərə məruz qalırdı. Lakin baş nazirə ən sarsıdıcı zərbəni keçmiş prezident, Ermənistan siyasətinə güclü təsir rıçaqlarını əlində saxlayan Robert Köçəryanın şəxsən ona hücuma keçməsi oldu. Ötən ilin dekabrında R.Köçəryan baş naziri hökumətin pensiya islahatları planı ilə bağlı mətbuatda kəskin tənqid etdi. Tiqran Sərkisyanı səriştəsizlikdə və bacarıqsızlıqda günahlandıran Köçəryan onu istefaya çağırdı.
T.Sarkisyan keçmiş prezidentə açıq cavab verməyə cəsarət etmədi və siyasi analitiklər dərhal belə qənaətə gəldilər ki, R.Köçəryanın baş nazirə şəxsən hücuma keçməsi onun yenidən hakimiyyətə qayıtmaq planlarının işə düşdüyünü göstərir. Əslində R.Köçəryan hökumətin qismində həm də prezident və keçmiş silah yoldaşı Serj Sərkisyanın da iqtisadi siyasətini tənqid etmiş olurdu. Köçəryanın Sərkisyanla münasibətlərinin son illər xeyli soyuduğu sirr deyil və Ermənistanda bunu bilməyən yoxdur.
Baş nazir T.Sarkisyan həmçinin Firəvan Ermənistan Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın tənqidləri altında idi. Tsarukyanın parlament fraksiyası dəfələrlə baş naziri və hökuməti yarıtmaz iqtisadi siyasətə görə tənqid edib. Hakim Respublika partiyası isə belə görünür ki, baş naziri bu hücumlardan qorumaqda elə də maraqlı deyildi.
İndi T.Sarkisyanın istefasından sonra Ermənistanda yeni hökuməti kimin formalaşdıracağına dair müxtəlif fərziyyələr yayılır. Siyasi müşahidəçilər Robert Köçəryanın yenidən hakimiyyət başına qayıtmaq planlarını xatırladaraq qeyd edirlər ki, baş nazir postunu məhz o tuta bilər. Köçəryan baş nazir olmaq istəsə Sərkisyanın ona müqavimət göstərməsini gözləmək olmazdı.
Baş nazir postu Köçəryanın növbəti prezident seçkilərində hakimiyyəti asanlıqla geri qaytarması yolunda tramplin olmalıdır. Əsas məsələ Ermənistanın asılı olduğu Rusiyanın bu siyasi gedişə necə reaksiya verəcəyidir. Ermənistan mətbuatında dolaşan xəbərlərə görə R.Köçəryan bu günlərdə Moskvada olub və prezident Vladimir Putinlə görüşüb. Bundan əvvəlki prezident seçkilərində Rusiya nə Köçəryanın, nə onun oliqarx müttəfiqinin hakimiyyəti Sərkisyandan almasına müsbət münasibət bildirmədi. Ancaq növbəti seçkilərdə Köçəryanın yenidən hakimiyyəti ələ almaq planları ciddidir.
Doğrudur, bəzi müşahidəçilərə görə, o, Qaqik Tsarukyanın baş nazir postuna namizədliyini verə bilər. Lakin bu, Köçəryanın hakimiyyətə qayıtmaq planlarına təsir etməyəcək. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Eduard Şarmazanov deyib ki, yeni baş nazirin namizədliyi bütün parlament fraksiyaları ilə müzakirələrdən sonra müəyyən ediləcək. Şarmazanova görə, istisna deyil ki, yeni baş nazir hakim partiyanın üzvü olmasın.
T.Sarkisyanın istefası Ermənistanda yaranan sosial-iqtisadi və siyasi vəziyyətlə daha çox bağlanılır. Yerli politoloqların bildirdiyinə görə, ölkə artıq sosial partlayış ərəfəsindədir. Əhali hakimiyyətin fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən ciddi narazıdır. Xalq kütlələri ölkədəki vəziyyətə görə hakim partiyanı ittiham edir, onu istefaya səsləyir. Serj Sarkisyan iqtidarının hələ də saxtakarlıq, zorakılıq yolu ilə hakimiyyətdə qalmaq siyasətini davam etdirməsi, müxalifəti zorakılıqla susdurması etirazları daha da artırır.
Ermənistanda ən böyük problemlərdən biri də yoxsulluğun səviyyəsinin getdikcə yüksəlməsidir. Hakimiyyətdə olan rəsmilərin ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizliyin getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqqında ağızdolusu danışıb dünya ictimaiyyətinə yalan məlumatlar vermələrinə baxmayaraq, faktlar tamamilə bunun əksini deyir. Hətta iş o yerə çatıb ki, güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalı da ölkədə mövcud real həqiqətlərin tamam fərqli olduğunu bildirir. Burada qeyd olunur ki, Ermənistanda gənclərin çoxu işsizdir. Ölkə rəhbərliyinin işsizliyin azalması baradə pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik getdikcə artmaqdadır. Ermənistanda xarici borcların artması isə vəziyyəti daha da pisləşdirir. Məlumat üçün bildirək ki, 2013-cü il martın 31-nə Ermənistanın dövlət borcu 4,205 milyard dollar təşkil edir. Dövlət borcunun ümumi həcmindən hökumətin borcu 3,66 milyard, Mərkəzi Bankın borcu isə 546 milyon dollar təşkil edir. 2014-cü ilin proqnozlarına görə, ilin sonuna Ermənistanın ümumi borcu 4,694 milyard dollar olacaq. Buna görə də erməni separatizminin müasir mərhələdə əsas müəllifi olan akademik Abel Aqanbekyan Ermənistanın iqtisadi inkişafından xeyli narazıdır. Onun fikrincə, Ermənistan iqtisadi inkişafına görə inkişaf etməkdə olan dövlətlərdən 7 dəfə geri qalır. Erməni ekspertləri bildirərlər ki, hər keçən gün Ermənistanda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi ölkədə narazıların sayının böyük sürətlə artmasına gətirib çıxarmaqdadır. Bu xüsusda əvvəlki kimi daha çox diqqəti cəlb edən hal əhaliyə satılan təbii qazın qiymətinin artırılması üçün hökumət tərəfindən müvafiq addımların atılmasıdır. "İrs" Partiyasının parlamentdəki fraksiyanın rəhbəri Ruben Akopyanın sözlərinə görə, inhisarçılığın, kölgə iqtisadiyyatının və korrupsiyanın mövcud olduğu bir ölkədə sosial proqram həyata keçirilə bilməz: "İnhisarçılıq, kölgə iqtisadiyyatı və korrupsiya sistemi artıq təhlükəli həddə çatıb. Nəticədə biz bu gün sosial üsyan ərəfəsindəyik. Çoxsaylı sosial gərginlik, eləcə də alınan qazın qiymətinin qalxması sosial partlayışa səbəb ola bilər".
Ruben Akopyan vurğulayır ki, Ermənistanı idarə edən siyasi güc ölkədə yaranmış vəziyyəti düzgün qiymətləndirməli və dəqiq qərarlar qəbul etməlidir. Təbii qazın qiymət artımının xalqın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracağını deyən R.Akopyan Ermənistanın sosial qiyamın astanasında olduğunu bildirib.
Digər bir ekspert S.Zakaryan isə bildirib ki, əgər belə getsə, ən geci 10-15 ildən sonra Ermənistan əhalisiz bir zonaya çevrilə bilər. Əmək qabiliyyətli insanların 70 faizdən çoxu işsizlik əzabında qovrulmaqdadır. Ölkə qarşıdurmalar və qanlı toqquşmalar meydanına dönüb. Burada ərzaq məhsullarının qiyməti Avropa ölkələri ilə müqayisədə 65-70 faiz baha, əməkhaqlarının, pensiya və müavinətlərin həcmi isə 8-10 dəfə aşağıdır. Bu ilin ortalarında bütün növ məhsulların qiymətlərində dəhşətli artım müşahidə olunub. Çörək və un məmulatlarının qiyməti bahalaşıb: "Xalqı yalan informasiyalarla aldadan Sarkisyanın dediyinə görə, guya ölkədə ötən il ümumi daxili məhsul artımı 4 faizi haqlayıb. Əslində, bu, belə deyil. Bu ilin iqtisadi proqnozları isə daha qorxuncdur. 2014-cü ildə Ermənistanı tam iflas gözləyir. Əgər iqtisadi böhran qasırğası səngiməsə, qanlı hadisələrin Ermənistanı da öz ağuşuna alacağı şəksizdir. Çünki sosiologiya assosiyasıyasının rəhbəri, professor Gevorq Poqosyanın dediyi kimi, artıq Ermənistan öz-özünü məhvə aparan ölkələr sırasındadır. XX əsrdə siyasi və iqtisadi cəhətdən müstəqil yaşaya bilməyən ölkələr var ki, kökünü sudan çıxarmaq üçün ya beynəlxalq təşkilatlara sığınmaq məcburiyyətində qalır, ya da biryolluq məhv olub tarix səhnəsindən silinirlər. Təəssüf ki, beynəlxalq təşkilatlar da, vaxtilə Ermənistanı Azərbaycan torpaqlarını işğala sövq edən dövlətlər də, hətta xaricdəki erməni diasporları da artıq "Get, öz dərdinə özün çarə qıl", - deyə ona arxa çevirib tədricən qeybə çəkilməkdədirlər".
Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryanın fikrincə, "qarşıdakı illərdə ölkə əhalisini daha acınacaqlı vəziyyət gözləyir. Çünki iqtisadi böhranın qarşısını almaq üçün hökumət konkret proqram və sənədlər paketinə malik deyil. Ölkə özünün reabilitasiya imkanlarını tamam itirib. Vəziyyətdən yeganə çıxış yolu təcili olaraq işğalçı siyasətlə vidalaşmaq, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmaq və onların köməyilə ölkəni iqtisadi və siyasi fəlakətdən qurtulmaqdır". Ermənistanın sabiq prezidenti Levon Ter Petrosyanın və sabiq daxili işlər naziri Vardan Oskanyanın da fikri belədir. Onlar da deyirlər ki, Ermənistanın fəlakət bataqlığından qurtulmasının yalnız bir yolu var: Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün torpaqlarını geri qaytarmaq. Əks-təqdirdə, Ermənistan özü-özünü itirmək təhlükəsi qarşısında qalacaq.
Ekspert Tərlan Həsənovun fikrincə, bu gün Ermənistan dünya adlı teatr səhnəsində canlı obraz yox, sadəcə, cansız maket funksiyasını yerinə yetirir. Uzun illərdən bəri regional miqyaslı bir proqram belə həyata keçirmək iqtidarında olmayan, bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmış, öz çirkin işğalçılıq siyasətindən imtina etmədiyi üçün qonşu dövlətlərdən uzaq düşmüş Ermənistan siyasi və iqtisadi böhran içindədir. Bu ölkənin hələ ağır fəlakətlərlə üzləşəcəyi dünyanın super dövlətlərinə də məlumdur: "Təsadüfi deyil ki, beynəlxalq ekspertlər Ermənistanı "siyasi-iqtisadi gələcəyi zülmət içində olan, ümid qapıları tam qapanmış, öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmış bədbəxt bir ölkə" adlandırırlar. Sarksiyanın istefası da məhz sırf iqtisadi, ölkədə yaranan ağır iqtisadi amillərlə bağlıdır".