“Şoyqunun qəfil İrana getməsi...” Dünya

“Şoyqunun qəfil İrana getməsi...”

Üzeyir Cəfərov: "Həm regionda olan mürəkkəb hadisələr, həm də siyasi aləmdə baş verən bəzi gəlişmələrlə birbaşa bağlıdır"

"Dünən gözlənilmədən Rusiya müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfərə getdi. Özü də bu elə bir vaxtda baş verdi ki, ötən həftə rusiyalı nazirin iranlı həmkarı Moskvada olmuşdu və hələ də mətbuat və siyasət aləmi bu səfəri müzakirə edir, tərəflər arasında bağlanmış 9 milyardlıq silah sazişi haqqında danışır, təhlillər edirdi. Əlbəttə ki, belə səfərlər əvvəlcədən razılaşdırılır və çox böyük hazırlıqlar görülür, sənədlər hazırlanır". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, S. Şoyqunun qəfil İrana getməsi həm regionda olan mürəkkəb hadisələr, həm də siyasi aləmdə baş verən bəzi gəlişmələrlə birbaşa bağlıdır: "Artıq S. Şoyqu səfər çərçivəsində İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hoseyn Dehqan ilə görüşüb. Gözlənilməz səfər Suriyada güc tətbiqinin dayandırılması ilə əlaqədar ilkin razılaşmanın əldə edildiyi bir ərəfəyə təsadüf etdiyindən demək olar ki, bu, daha çox məhz Bəşər Əsədlə bağlı olan çox ciddi məsələdir. Onu da qeyd edim ki, məhz rəsmi Tehranın və Moskvanın xeyir-duası ilə bu gün Suriya rejimi öz mövcudluğunu qoruya bilib. Elə bu arada Rusiya prezidenti Vladimir Putinin bir saatdan çox telefonla ABŞ dövlət başçısı Barak Obama ilə Suriya, Türkiyə və digər qlobal məsələləri müzakirə etməsi də böyük ehtimalla Şoyqunun təcili İrana səfər etməsinə səbəb olub".
Ekspert bildirib ki, sabahdan Azərbaycan dövlət başçısının da İrana rəsmi səfərinin başlaması, Rusiya müdafiə nazirinin bu ölkəyə təcili səfəri regionla, Azərbaycanla, xüsusən də Dağlıq Qarabağla bağlı hansısa müzakirələrin olcağı təxmini yaradır: "Təxminlərimin nəticələri haqda yaxın günlərdə yəqin ki, həm eşidəcək, həm də ola bilsin ki, görəcəyik. Bu səfərlər adi səfərlərdən sayıla bilməz. Bunun arxasında çox ciddi məsələlər dayanır".