Britaniya mətbuatı İŞİD-dən yazdı Dünya

Britaniya mətbuatı İŞİD-dən yazdı

İŞİD dünya birjaları vasitəsilə milyonlar qazanır

Cavid

"The Daily Telegraph" qəzeti yazır ki, özünü İslam Dövləti adlandıran türrorçu təşkilat dünya birjaları vasitəsilə milyonlarla dollar qazanır.
Qəzetin müxbiri Colin Freeman yazır ki, terrorçular bu məqsədlə, qəsb etdiyi Mosulun Mərkəzi Bankındakı pullardan istifadə edir. Məqalədə deyilir ki, İŞİD banklardan oğurlanmış dollarları birjada oynatmaqla günə 20 milyon dollar qazanc götürür.
Daha sonra həmin pul Yaxın Şərqin qanuni qiymətli kağız birjalarında "yuyulur". Qəzet yazır ki, İŞİD bu maliyyə əməliyytalarını İordaniya və İraq bankları vasitəsilə həyata keçirir.
"The Telegraph" qeyd edir ki, qrupun habelə nəzarətində olan ərazilərdə insanlardan və bizneslərdən qarət etdiyi, girovpulu kimi aldığı vəsait də xarici banklar vasitəsilə yuyulur.
Məqalədə deyilir ki, söhbət ilk növbədə İordaniyanın banklarından gedir.
Pensiyalardan oğurluq
Bu kimi məlumatlar Britaniya parlamenti Xarici İşlər Komitəsinin nəzdində yaradılmış alt komitə tərəfindən araşdırılır. Qrupun yaradılmasında məqsəd İŞİD-in maliyyələşdirilməsində hansı ölkələrin banklarından istifadə olunduğunun təhlil edilməsidir.
Bu qrupun dinləmələrində bildirilib ki, İŞİD 2014-cü ildə Mosulu ələ keçirəndə şəhərin mərkəzi bankında olan təxminən 429 milyon dolları oğurlayıb.
"The Telegraph" yazır ki, qrup həmçinin İraq hökumətinin hələ də ödəməkdə olduğu pensiya pullarından oğurluq edir. Sözü gedən alt komitənin sədri John Baron deyib ki, İŞİD-in pensiyalardan oğurladığı pullar İordaniya bankları vasitəsilə "təmizlənir" və təkrar Bağdad bankına qayıdır. İŞİD bu sistemdən özünü maliyyələşdirmək üçün istifadə edir.
"Həvalə" sistemi nədir?
Pullar İŞİD-in xəzinəsinə "həvalə" adlanan pul köçürmələri vasitəsilə ötürülür. Bu nəzarətsiz idarə olunan sistem belə işləyir ki, hər hansı ölkədə xüsusi maliyyə agentinə vəsait ödənir, əvəzində başqa bir ölkədə həmin məbləğdə pul alınır.
Lakin bu sistemə nəzarət olunmadığından həqiqətdə verilən pulla alınan pulun eyni olub-olmadığını yoxlamaq mümkün olmur. Hazırda Britaniya parlamentinin komitəsi İŞİD-in bu məqsədlə hansı banklardan sui-istifadə etdiyini araşdırır.
Britaniya xarici işlər nazirinin müavini Tobias Ellwood parlament komitəsinə bildirib ki, yerli maliyyə sistemində "dəlmə-deşiklər" mövcud olsa da, hazırda bu qanunsuz kanalların bağlanması tədbirləri görülür.
Dekabr ayında İraqın Mərkəzi Bankı bildirmişdi ki, ABŞ-ın xüsusi orqanları ona şübhəli görünən 142 valyutadəyişmə məntəqəsinin siyahısını verib.
Bununla belə cənab Ellwood deyib ki, İŞİD-in birjalar vasitəsilə günə 20 milyon dollar əldə etməsi barədə iddialar bir qədər şişirdilib.