Türkiyə ağır və çətin sınaqla üz-üzə Dünya

Türkiyə ağır və çətin sınaqla üz-üzə

Türkiyəyə ilkin olaraq Azərbaycan kömək etdi

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş verən dağıdıcı zəlzələ bütün dünyanı dəhşətə gətirdi. Zəlzələ Qəhrəmanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib. Çoxsaylı insanın ölümü və xəsarət almasına səbəb olan təbii fəlakətlə bağlı bir çox ölkələr Türkiyəyə yardım etmək üçün səfərbər olub. Onlarla ölkə zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları, tibbi briqadalar və humanitar yardım göndəriblər. Hazırda yardım kampaniyası davam etdirilir. Qardaş Türkiyəyə ilk dəstək Azərbaycandan olub. Zəlzələ baş verən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib. Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

Daha sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva, digər nazirlik və komitə rəhbərləri qardaş ölkədə baş verən təbii fəlakətdən kədərləndiklərini bildirərək Türkiyə xalqına başsağlığı veriblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımları və axtarış-xilasetmə qrupları, ordumuzun bir qrup hərbi tibb personalı qardaş ölkəyə yola salınıb.

Bundan başqa Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət də formalaşdırılıb. Ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.

Dünən Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını qardaş ölkəyə aparan təyyarə yola düşüb. Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Hava nəqliyyatı ilə ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar göndərilib.

Bakı sakinləri və bölgələrdə yaşayanlar da Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım toplama kampaniyasına başlayıblar. Əsasən qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri ilə yüklənmiş 4 TIR artıq qardaş ölkəyə göndərilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

"Hər zaman olduğu kimi, ilkin olaraq can Azərbaycandan kömək gəldi. Zəlzələnin ilk saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərilib. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mütəmadi olaraq əlaqə saxlayır", - Çavuşoğlu qeyd edib. Soylu isə bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib, hər çətin anımızda Azərbaycan yanımızda oldu: “Azərbaycanın göstərdiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir.Çox sağ olun".

Türkiyənin ölkəmizdəki səfirliyi də zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə Azərbaycana təşəkkür edib.

Bu barədə səfirliyin Tvitter hesabında yazılıb.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstək və birliyə görə təşəkkür edirik”, - qeyd edilib.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir. Qeyd olunub ki, şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.

Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib.

***

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq.

Ərdoğan həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq.

Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədəkarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.

***

Azərbaycanın Türkiyədəki səfirliyində, həmçinin, operativ qərargah yaradılıb. Qərargan İstanbul, Qarsdakı baş konsulluqlarla əlaqəli fəaliyyət göstərilir. Qərargah Türkiyənin daxili işlər nazirliyi, AFAD və digər əlaqəli qurumları ilə əlaqədədir.

Qərargahdan BBC News Azərbaycancaya “tələbələrlə daimi əlaqədə olduqlarını bildiriblər:

Bölgədəki Azərbaycan vətəndaşlarının sayları yeri bələdiyyələrdən alınan məlumatlarla dəqiqləşdirilir: “Zəlzələ bölgəsində həm tələbələr, həm də Azərbaycan kökənli olan Türkiyə vətəndaşları da var”, qərargahın rəhbəri səfir Rəşad Məmmədov BBC-yə bildirib.

***

NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.

Bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, bu, baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə isə Türkiyə və Suriyada ümumilikdə 23 milyondan çox insan zəlzələnin təsirinə "məruz qalıb".

Onlardan 1 milyondan çoxu uşaqlardır, ÜST-nin fövqəladə hallar üzrə baş mütəxəssisi Adelheid Marschang-ın BMT-nin səhiyyə agentliyinin icra komitəsinə verdiyi məlumatda qeyd olunub.

Hər iki zəlzələnin hiss edildiyi Suriyada isə vəziyyət daha kritik həddə çatır. Belə ki, yolların dağılması nəticəsində BMT-nin Türkiyədən keçməklə Suriyaya apardığı yardımların çatdırılması qeyri-mümkün olub.

"Bu, regionda yaşanan bir neçə böhranın ən pik həddidir", - Marschang bildirib.

Onun sözlərinə görə "beynəlxalq yardımın azalması fonunda 12 ilə yaxındır davam edən mürəkkəb böhran" nəticəsində ölkənin ehtiyacları daha da artıb.

***

“BMT baş verən güclü zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardım olaraq BMT-nin Böhranlara Cavab Fondundan 25 milyon dollar ayırıb”.

Bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ayrılan vəsait regionda təcili xilasetmə fəaliyyətlərinə yönləndiriləcək:

“BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib ki, o, bölgədə insanların tək olmadıqlarını və humanitar icmanın onları bu böhrandan çıxış yolunda hər addımda dəstəkləyəcəklərini təmin etmək istəyir. Bölgədə fövqəladə halların qiymətləndirilməsi davam edir.

Zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon insanın 1,7 milyonunu suriyalı qaçqınlar təşkil edir. Türkiyədə bütün səylər hazırda axtarış-xilasetmə işlərinə yönəlib və UNICEF hökumətlə fəlakət və fövqəladə halların idarə edilməsi üzrə koordinasiyalı çalışır”.

Ümumilikdə indiyədək 60-dan çox ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları və digər humanitar yardımlar göndərib. Bu sıraya Böyük Britaniya, İsveçrə, Avstriya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan, Bolqarıstan, Albaniya, Niderland, İspaniya, Polşa, NATO, ABŞ, Rusiya, Yaponiya, İsrail, Çin, Livan, Fələstin, Hindistan, Pakistan daxildir.

***

Zəlzələ üzrə ekspert Aysun Aykan deyib ki, biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq.

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkəsir, Qəhrəmanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib.

Türkiyədə zəlzələ riski olan vilayətlər haqqında məlumat verən Aykan xəbərdarlıq edib:

"Ölkəmizdə Kocaeli, Bursa, Balıkəsir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Əskişəhər, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Qəhrəmanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Ona görə də Türkiyənin hər hansı bir yerində dağıdıcı zəlzələnin olması bizim üçün təəccüblü deyil".

Cavid