Əfqanıstanda XİN binası yaxınlığındakı partlayışda azı 6 nəfər ölüb -YENİLƏNİB Dünya

Əfqanıstanda XİN binası yaxınlığındakı partlayışda azı 6 nəfər ölüb -YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında törədilən partlayışda azı 6 mülki vətəndaş ölüb.

APA "kabulnow" saytına istinadən xəbər verir ki, bu barədə Taliban polisi məlumat verib.

Kabildə Taliban polisinin Kabildəki sözçüsü Xalid Zadran bildirib ki, partlayış kamikadzenin vurulmasından sonra baş verib. O, kamikadzenin partlayıcısının partlaması nəticəsində 6 mülki şəxsin həlak olduğunu, 3 Taliban üzvü də daxil olmaqla, bir neçə nəfərin yaralandığını təsdiqləyib. İtaliya QHT-si tərəfindən idarə olunan təcili tibbi yardım xəstəxanası partlayış nəticəsində iki nəfərin öldüyünü və 12 nəfərin yaralandığını təsdiqləyib. “Bizim Cərrahiyyə Mərkəzimizə biri uşaq daxil olmaqla 12 yaralı pasient və 2 şəxs artıq ölmüş halda qəbul edilib”, - bildirilib.

***

13:28

Kabildə Taliban rejiminin Xarici İşlər Nazirliyinin binasının yaxınlığında partlayış olub.

APA Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, partlayış bu gün Taliban əməkdaşları nazirliyin binasını tərk edərkən baş verib.

İtkilər haqqında hələlik məlumat verilmir.