Aİ Türkiyəyə “vizasız rejim tətbiq edə bilər“ Dünya

Aİ Türkiyəyə “vizasız rejim tətbiq edə bilər“

Amma Türkiyə Avropa İttifaqının meyarlarına cavab verməlidir

Cavid

Avropa Komissiyası çərşənbə günü Türkiyə vətəndaşları üçün Avropa İttifaqının şengen ərazisi daxilində vizasız gediş-gəliş şərtlərinin təsdiqini elan edə bilər, mənbələr BBC-yə məlumat verib. Bu addım Türkiyənin Yunanıstana Egeydən keçmiş miqrantları geri götürməyə razılığının bir hissəsidir. Amma Türkiyə hələ Avropa İttifaqının meyarlarına cavab verməlidir. Bu barədə BBC-nin Avropa redaktoru Katya Adler deyir.
Onun sözlərinə görə, Aİ qorxur ki, viza sazişi alınmasa, bu, Türkiyənin miqrantlara görə öhdəliyinə xitam verilməsi ilə nəticələnə bilər. Türkiyədən və Şimali Afrikadan Avropaya gələn miqrant və qaçqınların sayı nəhəngdir. Bu hal Avropa İttifaqı dövlətləri arasında siyasi böhran yaradıb. Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir.
Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ qanuni sorğu ilə müraciət edən daha bir suriyalı qəbul etməlidir. Türkiyə hökuməti sazişin ona aid olan hissəsini yerinə yetirdiyini desə də, diplomatların sözlərinə görə, Türkiyə şərtlərin yalnız yarısını yerinə yetirib. İnsan hüquqları qrupları əqdin qanuniliyini sual edirlər. Onların iddialarına görə, Türkiyə qayıtmaq üçün təhlükəsiz yer deyil. Ötən ay isə Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, bu saziş nəticə göstərməyə başlayıb.
O, sazişin insan hüquqları qrupları tərəfindən tənqid edilməsinə baxmayaraq, "qaçqınlara münasibətdə dünyada ən yaxşı nümunə" kimi Türkiyə hökumətini yüksək qiymətləndirib. Eyni zamanda, Türkiyənin baş naziri Ahmed Davutoğlu bəyan edib ki, ölkəsi sazişin ona aid olan hissəsini yerinə yetirib. O, Aİ-nin şengen ərazisi üçün viza məsələsinin Türkiyə üçün "həyati əhəmiyyətli" olduğunu da deyib. Aİ və Türkiyə arasında imzalanmış sazişdə deyilir ki, vizanın iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-nə qədər 72 şərti yerinə yetirməlidir. Diplomatların sözlərinə görə, Türkiyə şərtlərin yalnız yarısını yerinə yetirib.