Türkiyə Körfəz ölkələrində biznes imkanlarını genişləndirir Dünya

Türkiyə Körfəz ölkələrində biznes imkanlarını genişləndirir

Türkiyə podratçıları üçün Körfəz ölkələrində yeni əməkdaşlıq imkanı yaranıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Podratçılar Birliyi (TMB) açıqlama verib.

TMB üzvləri 30-31 may tarixlərində Ankarada Aramco rəsmiləri ilə görüşüblər.

TMB və Aramco ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Səudiyyə Ərəbistanında Biznes İmkanları” adlı tədbirdə 80-ə yaxın türk podrat və texniki məsləhət firmasının nümayəndələri iştirak edib.

“Səudiyyə Ərəbistanının son dövrdə siyasi münasibətlərin yaxşılaşması paralel olaraq sektorlararası təmasların artması nəticəsində beynəlxalq müqavilə xidmətlərindəki bu boşluğu aradan qaldıracağı gözlənilir.” – deyə Türkiyə Podratçılar Birliyindən verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yaxın gələcəkdə 3 trilyon dollara çatacaq nəhəng investisiya portfeli ilə bölgədə seçilərkən, türk podratçılar üçün bu, birinci mərhələdə ildə 10 milyard dollarlıq yeni biznes potensialı deməkdir.

Məlumat üçün bildirək ki, türk podratçılar üçün ən böyük bazar olan Rusiyada müqavilə biznesi müharibə səbəbindən əhəmiyyətli dərəcədə yavaşlayıb.

Sektorun 2021-ci ildə 11 milyard dollarlıq layihə həyata keçirdiyi Rusiyada bu rəqəm keçən il 2,3 milyard dollara, 2023-cü ilin ilk 5 ayında isə 626 milyon dollar qədər düşüb.