“Ərdoğanın Rusiyalı həmkarına barışıq məktubu və bir gün sonra İstanbul havalimanında qanlı saldırı təsadüfi deyil” Dünya

“Ərdoğanın Rusiyalı həmkarına barışıq məktubu və bir gün sonra İstanbul havalimanında qanlı saldırı təsadüfi deyil”

Vüqasr Zifəroğlu: "Bu teror hadisəsində xarici kəşfiyyat strukturlarının da barmağı ola bilər"

Elxan Şahinoğlu: "İŞİD-in imkanları genişdir, müəyyən dövlətlərdə adamları var"

Fərhad Mehdiyev: "Məqsəd nə olursa-olsun, Türkiyəyə gələn xarici turistlərin qarşısının alınmasıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Su-24 təyyarəsinin pilotunun ölümü ilə bağlı ünvanladığı başsağlı məktubundan sonra daha bir terror faciəsi yaşandı. İyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk Hava limanında dəhşətli partlayış törədildi. Xarici reyslər terminalında baş verən 2 partlayış nəticəsində 36 ölü, 147 yaralı var. Terrorun məhz Rusiya-Türkiyə münasibətlərinin düzəldiyi bir vaxtda baş verməsini çoxları təsadüf hesab etmir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Atatürk Hava Limanında baş verən terror aktı təsadüf deyil. Hadisə Türkiyəni cəzalandırmaq məqsədilə törədilib. "Türkiyə Rusiya ilə münasibətləri nizamlayan kimi terror hadisəsi baş verdi. Ehtimal edilir ki, terror aktını İŞİD törədib. Türkiyənin İsrail və Rusiya ilə yaxınlaşması İŞİD-i ciddi narahat edir. Çünki İŞİD üçün həm Rusiya, həm də İsrail düşməndir. İŞİD şübhələnir ki, Rusiya və Türkiyə barışsa, bu təşkilata qarşı ortaq əməliyyatlar başlaya bilər. Türkiyənin Rusiyaya verdiyi yol xəritəsində Suriya ilə bağlı xüsusi məqamlar yer alıb.
Hesab edirəm ki, İŞİD buna cavab olaraq bu hadisəni törədib. Məqsəd Türkiyəni qorxuya salmaqdır. İŞİD Türkiyəni ürəyindən vurdu. Atatürk Hava Limanı ən ciddi qorunan yerlərdən biridir. Turistlər məhz hava limanı vasitəsi ilə Türkiyəyə gəlirlər. Bu, İŞİD-in Türkiyənin turizm sektoruna vurduğu zərbə kimi də qiymətləndirilə bilər".
E.Şahinoğlu bildirib ki, Türkiyə terror aktından dərhal sonra ya tək, ya da müttəfiqləri ilə birlikdə İŞİD-ə qarşı mübarizəni gücləndirməlidir:
"Düşünmürəm ki, hansısa dövlət terror aktından öz məqsədi üçün istifadə etsin. Bu məsələnin üstünün nə vaxtsa açılacağı məlumdur. İŞİD-in imkanları genişdir, müəyyən dövlətlərdə adamları var. İŞİD Fransada, Belçikada oxşar terror aktları törədə bilirsə, qonşu Türkiyədə bunu edə bilməsi təbii qarşılanmalıdır".
Politoloq, həmçinin hadisənin Türkiyənin Rusiyadan üzr istəməsi ilə əlaqələndirilməsinə də münasibət bildirib: "Hadisə baş verir və dərhal ətrafında şayiələr yayılır. Belə bir iddia cəfəngiyyatdır. Hansı dövlət öz vətəndaşlarının qətliamını əvvəlcədən bildiyi halda bunun qarşısını almaz? Türkiyə öz ağlını o qədərmi itirib ki, vətəndaşlarını qətlə yetirən İŞİD-lə hansısa, əlbir planda olsun. Ola bilsin ki, bu qətliamdan sonra Rusiya-Türkiyə münasibətləri daha da sürətlənsin. Rusiya Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edirdi. Bu halda Rusiyanın ittihamları əsassız çıxdı. Türkiyə bu hadisədən sonra İŞİD-ə qarşı mübarizəni gücləndirməlidir. Necə ki, PKK ötən ilin 22 iyulunda hücumlara başladı və Türkiyə ordusu 8 minə yaxın terrorçunu zərərsizləşdirdi. Ona görə də İŞİD-ə qarşı mübarizə daha da genişləndiriləcək. Ola bilsin ki, Türkiyə hansısa bir koalissiyada iştirak etsin".
Politoloq Fərhad Mehdiyev hesab edir ki, partlayışın məhz hava limanında baş verməsi, ölkənin əsas qazanc mənbələrindən olan turist axınının, ö cümlədən Rusiyadan gələnlərin qarşısını almaqdır: "Türkiyə prezidentinin məktub məsələsindən sonra ölkəyə rus turistlərinin artması ehtimalı çoxalmışdı. Amma bu terror yəqin ki, turist axınına böyük zərbə olacaq. Partlayış beynəlxalq limanda baş verib. Burada isə məqsəd birdir: nə olursa-olsun, Türkiyəyə gələn xarici turistlərin qarşısı alınsın. Partlayışın törədilməsi bir başa buna yönəlib. Deyə bilərəm ki, Türkiyədə baş verən terror hadisələri hələ davam edəcək. Diqqət edin, Amerika 16 terror olacağına dair öz vətəndaşlarına məlumat verib. Əfsuslar olsun ki, Amerikanın verdiyi məlumatlar çox vaxt düz çıxır. Ona görə Türkiyədə yenidən partlayışların olacağı çox realdı".
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, analitik Vuqar Zifəroğlu bildirib ki, Türkiyə ilə İsrailin Roma anlaşması, ardınca Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarına barışıq məktubu və bir gün sonra İstanbul havalimanında qanlı saldırı təsadüfi deyil. Onun sözlərinə görə, əslində bölgədə bundan sonra baş verəcək hadisələrə birbaşa təsir edəcək və hər üçündə baş rolda Türkiyənin yer aldığı sözügedən vacib hadisələr, biri-biri ilə əlaqəlidir: "Son terror hadisəsini məhz Ankaranın İsrail və Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə atdığı addımların nəticəsi kimi qiymətləndirmək olar. Hələlik rəsmi şəkildə teroru heç bir təşkilat üstlənməyib. İlkin açıqlamalar ünvanın İŞİD olduğunu göstərir, Türkiyə mediası 1982-ci ildə Ankara Esenboğa hava limanında baş verən terror hadisəsi ilə paralellər apararaq, ASALA-nın hazırki varisi PKK-ya da işarə vurur. İstənilən halda hər iki teror təşkilatına qarşı aparılan ciddi və nəticəli əməliyyatlar belə bir "cavabın" verilməsi üçün əsas ola bilər. Amma indi, məhz Ankaranın münasibətləri son illərdə kəskin olduğu iki ölkə ilə razılaşmaya bu qədər yaxın olduğu zaman belə bir miqyasda terorun həyata keçirilməsi, istər istəməz şübhələrə yol açır. Yəni məsələn, bu teror hadisəsində xarici kəşfiyyat strukturlarının da barmağı ola bilər". O deyib ki, başqa bir məqam məhz havalimanının, özü də bu cür qorxunc, düşünüllmüş və açıq şəkildəhədəf məntəqəsi olaraq seçilməsidir: "Ümumiyyətlə son bir ildə Türkiyənin mərkəz şəhərlərinin teror hədəfinə çevrilməsinin səbəbi, ilk növbədə turist sektorunun çökməsinə, bununla da Türkiyə iqtisadiyyatının ciddi ziyan verməkdir ki, faktiki olaraq buna da nail olunur. Turizm sektoru – Türkiyə iqtisadiyyatının "şahdamar"ıdır və bu damarın sıxılması, qardaş ölkəyə ciddi maliyyə itkilərinə səbəb olur. Havalimanının hədəf kimi seçilməsi də əslində birbaşa turizm sektoruna yönəlik həmlədir, həm də turistlərə mesajdır. Deməli, burada həm də bir üstüörtülü şantaj da var, Türkiyəni nələrəsə məcbur etmək, dizə gətirmək məqsədi ilə...
Hər halda İsraillə razılaşmanın əldə edilməsi, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımların atılması heç də bütün tərəfləri razı salmır. Niyə?".
Analitik bildirib ki, Türkiyə və İsrail arasında razılaşma sənədinin ratifikasiya olunması ilə hər iki ölkə arasında 2010-cu ildən başlayaraq davam edən böhranın həllini tapması deməkdir: "Bildiyiniz kimi bu iki ölkə arasında üç məsələdə ciddi narazılıq var idi: Mavi Mərmərə" məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödənilməsi və Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılması. Sənədin ratifikasiyaya təqdim edilməsi hər üç məsələ ilə bağlı razılaşmanın olduğuna dəlalət edir. Təbii ki, bu regionda marağı olan ölkələri, Qərbi, İranı, eləcə də Rusiyanı narahat etməyə bilməz. İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli birmənalı şəkildə Rusiyanın bu sahədə olan monopoliyasına ciddi zərbə vurmuş olacaq. Eyni zamanda, Fələstin məsələsində əldə edilən razılaşma və həmçinin region münaqişələri ilə bağlı mümkün əməkdaşlıq, təkcə Rusiyanın deyil, İranın da ciddi narahatçılığına əsas verəcək. Bildiyiniz kimi, İran Fələstin məsələsindən hər zaman öz siyasi təbliğatında geniş istifadə edib və bu məsələdə İsrailin əleyhinə ən ciddi təbliğat mexanizmini qurmağa müvəffəq olmuş tərəfdir. Bu səbəbdən vurğulamaq lazımdır ki, Türkiyə-İsrail münasibətlərinin normal məcraya qayıtması və siyasi, eləcə də iqtisadi sahədə əməkdaşlıq etmələri həm Moskvanın, həm də Tehranın maraqlarına cavab vermir. Əslində Türkiyə-İsrail razılaşması cox ciddi razılaşmadır və vurğulamaq lazımdır ki, bir çox məsələlərə öz təsirini göstərəcək.

Amma bu zaman ikinci bir addım atilir. İsraillə əldə edilən razılaşma ilə paralel Rusiya ilə məktub diplomatlyası işə düşür, nəticədə həm də İsraillə qaz razılaşmasına Rusiyanın mümkün müxalifliyi yumuşaldılır, hətta "Türk axını" layihəsinin təkrar rəfdən götürülərək müzakirəyə çəxarılması məsələsi gündəmə gətirilir. Ərdoğan həmin məktubda üzr istəyib, ya istəməyib, əslində hazırda bölgədə, elə Türkiyənin özündə baş verənlərin fonunda bu doğrudan da bir təfərrüatdır.
Baş nazir dəyişikliyindən sonra xarici siyasətdə müəyyən yumuşalmaların olacağı gözlənilirdi və bu təbii ki, daha çox özünü İsrail və Rusiyaya münasibətdə göstərməli idi ki, bu barədə dəfələrlə qeyd etmişik. Rusiya ilə bağlı son gəlişmələr, istər telefon zəngi, istər məktub məsələsi, bu iki ölkə arasında normal münasibətlərin bərpası üçün əsas ola bilər. Bu gün, hazırki dönəmdə hər iki ölkənin biri-birinə ehtiyacı var və məhz hər iki ölkənin Avropa Birliyi ilə soyuq münasibətlərinin davam etməsi fonunda Ankaranın ard-arda istər İsrail, istərsə də Rusiya ilə münasibətlərini müsbət istiqamətə döndərmək üçün ciddi addımlar atması, təqdirəlayiqdir və bölgədə baş verən proseslərə, o cümlədən Suriya məsələsinə ciddi təsir göstərə bilər.
Bildiyimiz kimi, təyyarə olayından sonra Türkiyə faktiki olaraq Qərbdən lazımi dəstək ala bilmədi. Digər tərəfdən Qərb rəsmi Ankaranın Suriya siyasətini dəstəkləmək əvəzinə İŞİD faktorunu qabartmaqla faktiki olaraq Əsəd rejimi ilə bağlı məsələni arxa plana keçirdi və bununla da daha çox rəsmi Moskva və Tehranla maraqlarını uzaşdırdı, nəinki Türkiyə ilə. Və bununla yanaşı ABŞ PYD və PKK-ya dəstəyini gücləndirməklə faktiki olaraq NATO üzvü olan müttəfiqini çətin duruma saldı. Avropa Birliyi isə miqrant məsələsində verdiyi vədi yerinə yetirmədi və bütün yükü Türkiyənin üzərinə qoydu, Almaniya isə hətta qondarma erməni soyqırımını tanıdı. Bütün bu olanların fonunda Türkiyənin Rusiya ilə münasibətlərini normallaşdırmaq istəyindən daha təbii nə ola bilər? Lakin bu münasibətlərin normallaşdırmaq və eləcə də razılaşmaların əldə edilməsinin bir bədəli də olmalı idi. Bu bədəli isə İstanbulda havalimanında 36 şəhid ödədi".