Ermənistandakı çaxnaşma nədən xəbər verir? Dünya

Ermənistandakı çaxnaşma nədən xəbər verir?

Vətəndaş itaətsizliyi, yoxsa köhnə ssenari?

Ermənistanda siyasi vəziyyət həddindən artıq gərginləşib. İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları səngimək bilmir. Ancaq bütün bu narazılıqlara baxmayaraq, Ermənistan rəhbərliyi nəyin bahasına olursa olsun, hakimiyyəti əldən vermək istəmir. Bu arada İrəvanda milli təhlükəsizlik xidmətinin üzvü, 36 yaşlı Xaçatur Qahramanyanın intihar etdiyi bildirilir. Xaçaturun cəsədini anası öz mənzilində tapıb. İlkin araşdırmalara görə, cəsədin üzərində zorakılıq əlamətləri olmayıb. İstisna edilmir ki, Ermənistanda baş verən son hadisələrin Qarabağ
məsələsinə də bir sıra təsirləri ola bilər. Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə
görə, Ermənistanda vəziyyət uzun müddətdir gərgindir: "Ermənistanda terrorçu Qarabağ klanı hakimiyyəti zəbt etdiyi gündən Ermənistan cəmiyyəti əsarət altında yaşayır. Onlar Ermənistanda
hərbi xunta yaradıblar. Orada gərginginliyin artması Azərbaycanın xeyirinədir. Çünki vəziyyət elə bir həddə gəlib çata bilər ki, Ermənistanda və eyni zamanda Ermənistan ordusunda, hansı ki
onlar Azərbaycanın işğal olunmuş ərazilərindədir, gərginlik yarana bilər. Ermənistanda daxili çəkişmələr başlaya bilər, təbii ki, bu da bizim xeyrimizə ola bilər. Ermənilər bizim işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməsələr, biz hərbi gücə əl ata bilərik. Onların onsuz da
zəif ordusu daxili çəkişmələrdən sonra ümumiyyətlə bizə cavab verə bilməyəcək. Onların
qaçmaqdan və məhv olmaqdan başqa yolu olmayacaq". Deputat bildirib ki, erməni cəmiyyəti düşünüb ağıllı nəticə çıxarsa, Ermənistan bundan sonra da dövlət kimi yaşaya bilər: "Ermənilər Sarkisyan və onun komandasını süpürüb siyasi arenadan atmalıdırlar. Sarkisyan və onun
komandası çox ciddi cəhdlərlə çalışır ki, müxtəlif yollarla, hiyləgərliklərlə vəziyyətdən çıxsınlar.
Məsələn, ictimaiyyətin fikrini yayındırmaq üçün Azərbaycanla təmas xəttində ciddi təxribatlar törədə bilərlər. Ancaq mənə elə gəlir ki, Ermənistan cəmiyyəti ağıllı siyasətçiləri hakimiyyətə gətirmək üçün addımlar atmalıdır. Onlar daha düzgün, konstruktiv mövqedə olan, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərən insanları hakimiyyətə gətirməklə bu bəladan xilas ola bilərlər.
Təbii ki, Serj Sarkisyan və onun komandası buna mane olmağa çalışacaq. Onların hakimiyyətdən getməsi təkcə siyasi fəaliyyətlərinin sonu olmayacaq, eyni zamanda azadlıqda yaşamalarının da sonu olacaq. Bunlar Xocalıda və Azərbaycannın başqa işğal olunmuş
ərazilərində törətdikləri soyqırımlara, kütləvi qırğınlara görə ədalət qarşısında cavab verməli
olacaqlar. Buna görə də Sarkisyan danışıqlardan hər yolla boyun qaçırır, müxtəlif bəhanələrlə danışıqları pozur, status-kvonun qorunub saxlanmasına çalışır ki, özünün həm fiziki, həm də siyasi ömrü uzansın. Ancaq buna nail ola bilməyəcək. Mənə belə gəlir ki, Ermənistan cəmiyyəti və uzun illərdir Ermənistanı idarə edən xarici havadarlar dərk edir ki, bu rejim davam edə bilməz. Onlar da çıxış yolu axtarırlar. Rusiya və İran prezidentlərinin Azərbaycanda görüşü baş tutacaq. Mən hesab edirəm ki, prezidentlər Qarabağ məsələsini də müzakirə edəcək. Bütün bunlar hamısı bizim torpaqlarımızın yaxın zamanda işğaldan azad olunmasına imkan yarada bilər".
Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, Ermənistanda baş verənlər çızılmış bir ssenari ola bilər: "1996-cı ilin sonuna yaxın Azərbaycan prezidenti Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdı.
Ancaq Ermənistanın ozamankı baş naziri, Azərbaycanın işğal edilmiş zonalarında keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu". Onun sözlərinə görə, 1999-cu ildə Azərbaycan və Ermənistan yenidən problemin həllinə çox yaxınlaşdı, ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən, həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçyanı qətlə yetirdi:
"Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı. Bu ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttindəki hərbi əməliyyatlardan və Azərbaycanın hərbi uğurlarından sonra Ermənistan kompromislərə hazır olduğunu elan etdi. May və iyun aylarında
Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın diplomatik fəallığı artdı. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır. Ancaq 17 iyul
tarixində bir qrup silahlı şəxs İrəvanın mərkəzində yol polisinin post-patrul xidmətinin binasını
ələ keçirir. Təsadüfən orada Ermənistan polisinin rəis müavini olan general rütbəli şəxs də olur.
Saxlanılan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlindədir. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan çıxara bilmir. Bu nədir? Ermənistan üçün adi bir kriminal hadisə yoxsa Ermənistan "dağlıqqarabağşünasları"nın Dağlıq Qarabağ probleminin
həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul? Tamamilə mümkündür. Ancaq İrəvanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözmək fikrində
deyil."