Xameneyi Səudiyyə Ərəbistanını kəskin tənqid edib Dünya

Xameneyi Səudiyyə Ərəbistanını kəskin tənqid edib

"The Daily Mail" yazır ki, iranlıların Həcc ziyarətinə yasaq qoyulmasının ardınca ölkənin ali rəhbəri Səudiyyə Ərəbistanını kəskin tənqid edib. Ayətullah Əli Xameneyi deyib ki, İslamın ən müqəddəs ocağının baxıcılığını Səudiyyəyə vermək olmaz. O deyib ki, "vüqarlı və imanlı İran xalqının Allahın məkanına ziyarətini yasaqlayan Səudiyyə hakimiyyəti şərəfsizdir".
Ali rəhbər bildirib ki, Səudiyyənın hakimləri taxt-taclarını dünyanın lovğa güclərini dəstəkləməklə və sionizm və ABŞ-la müttəfiq olmaqla qoruyurlar. Xameneyi İslamın iki müqəddəs şəhəri - Məkkə və Mədinənin xadimləri sayılan Səudiyyə kral ailəsini Həcci siyasiləşdirməkdə ittiham edib.
O deyib ki, səudlar bu həftənin sonunda başlanacaq Həcc ziyarətini iranlıların üzünə qapamaqla özlərini "cılız və rəzil iblis" kimi aparıblar.
Xameneyi ABŞ-a işarə edərək əlavə edib ki, səudlar "böyük iblisin qorxusundan tir-tir əsirlər". Bu, son üç onillikdə ilk dəfədir ki, İran zəvvarlarının Səudiyyəyə gəlişinə qadağan qoyulur.
Məqalədə deyilir ki, hətta buna da baxmayaraq İran ali rəhbərinin nitqi aşırı sərt olub. Əli Xameneyi deyib ki, İslam dünyası, ümumiyyətlə bu iki müqəddəs yerə nəzarətin Səudiyyədə qalıb-qalmaması məsələsini həll etməlidir. İran lideri habelə ötənilki Həcc ziyarəti zamanı 464 iranlı da daxil 2300 zəvvarın basabasda həlak olmasına Riyadın reaksiyasını kəskin tənqid edib. Ayətullah deyib ki, "səudlar həmin dəhşətli qəzaya görə utanıb üzr istəməkdənsə, hadisənin baş verməsi səbəblərini araşdıracaq beynəlxalq islami komissiyanın yaradılmasına etiraz ediblər".
"The Mail" xatırladır ki, iki regional güc - İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər xüsusilə də Suriya və Yəmən münaqişələrinə görə son dərəcə gərginləşib.
Lakin məqalədə deyilir ki, Riyad və Tehran arasında buna bənzər söz çəkişməsi bir dəfə də 1987-ci ildə baş verib. O zaman Məkkədə anti-ABŞ aksiyası keçirən iranlı zəvvarlarla Səudiyyənin təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmada 400 nəfər həlak olmuşdu. O toqquşmadan sonra iranlıların Məkkəyə gəlişi 4 il qadağan olunmuşdu.
Əli Xameneyi həmçinin Səudiyyəni Həcc ziyarətinə gələn zəvvarların ABŞ və sionist rejiminin agentləri tərəfindən yoxlanmasını təşkil etməkdə günahlandırıb.
İki ölkə arasında diplomatik münasibətlər yanvar ayında Səudiyyənin bir tanınmış şiə ruhanisini edam etməsinin ardınca Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra kəsilib. Ötən il 60 min iranlı Həcc ziyarətinə çıxıb, lakin builki ziyarət barədə iki ölkə arasında razılıq əldə edilməyib. Riyad bildirib ki, İran tərəfi Səudiyyədən qeyri-məqbul tələblərdə bulunurdu. Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Nayef İranı Həcc ziyarətini siyasiləşdirməkdə günahlandırıb.