İstanbulda beynəlxalq konfrans keçirilib Dünya

İstanbulda beynəlxalq konfrans keçirilib

Toğrul Türkeş: "Gəncliyimizin öz kökündən qopmadan inkişaf etməsi əsas məqsədimizdir"

İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə BMT-nin Mədəniyyətləri İttifaqı təşkilatının birlikdə təşkil etdiyi "Ekstremizmə varan radikallıqla mübarizədə gənclərin rolu" mövzusunda beynəlxalq konfrans başlayıb.
Konfransın açılışında çıxış edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qlobal terrorçuluğun mənbəyini təşkil edən amillərin aradan qaldırılmasında gənclərlə aparılacaq proqram xarakterli ardıcıl işlərin çox faydalı olacağını vurğulayıb: "Dünyaya idealist pəncərədən baxan gəncliyin enerjisini öz ölkəsinin inkişafına daha fəal şəkildə yönəltməsinə çalışmalıyıq. Fəaliyyətimizin episentrinə gənclərlə iş məsələlərini yerləşdirməliyik. Bu günBMT ilə başladığımız bu müştərək işi var gücümüzlə davam etdirəcəyik və özünü bu işə həsr etmiş bütün dövlət və sivil toplum təşkilatları ilə yaxından əməkdaşlıq edəcəyik".
BMT Mədəniyyətlər İttifaqı təşkilatının yüksək səviyyəli təmsilçisi Nasir Əbdüləziz əl-Nasir gənclərin terror təşkilatlarına yönəlmələrinin səbəbləri üzərində dayanıb. O deyib ki, gənclərin radikal qruplara qoşulmasının qarşısını almaq üçün hər şeydən əvvəl onlara güvən və etimad aşılanmalıdır: "Bu məqsədlə biz xüsusilə Orta Şərqdə və Şimali Afrikada daimi proqramlar həyata keçiririk. Bütün işlərdə gənclərin potensialından yaxşı istifadə edə bilsək, onların terror təşkilatlarına yönəlməsinin qarşısını böyük ölçüdə ala bilərik".
Türkiyə baş nazirinin müavini Toğrul Türkeş gənclər arasında yayılan radikalizm meyllərinin onların problemlərin həllində heç bir rol oynamadığına diqqəti cəlb edib: "Məlumatı təkcə istehlak edən deyil, eyni zamanda istehsal edən gəncliyin yetişdirilməsində təhsilin rolu böyükdür. Gəncliyimizin öz kökündən qopmadan inkişaf etməsi əsas məqsədimizdir. Cəmiyyətlərdəki dəyişmələrin sadəcə terror yolu ilə ola biləcəyinə dair terror təşkilatlarının gənclər üzərində apardıqları təbliğata qarşı biz ekstremizm yolunun düzgün olmadığını başa salmalıyıq. Bunun üçün gənclər ilk növbədə öz ölkələrində gələcəyə ümid görməlidir. Bu işdə medianın rolu çox önəmlidir. Öz ölkəsinə güvən və etimadın qalmamasının destruktiv təhlükələrinin qarşısını almaq üçün gənclərimizi yaşadığımız cəmiyyətlərə inteqrasiya etməliyik. Bu proseslərdə QHT-lər də öz üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər".
Konfransda R. Həsənov və N. Əbdüləziz əl Nasir əməkdaşlıq memorandum imzalayıblar.