
"The İndependent" yazır ki, tanınmış kinorejissor və jurnalist Michael Moore ABŞ-da, onun özünün də hiss etmədiyi halda dövlət çevrilişi baş verdiyini iddia edib. Donald Trampın seçkidə qalib gələcəyini düzgün proqnozlaşdırmış jurnalistin qənaətinə görə Birləşmiş Ştatlarda "çevriliş" vəziyyətini prezident Tramp və onun vəzifələrə təyin etdiyi şəxslər yaradıblar.
Özünün Tvitter hesabından "New York Times" qəzetinin Trampın müşaviri barədə məqaləsinə link verən Moore yazır: "Əgər siz hələ də özünüzü 21-ci əsrdə çevriliş baş vermədiyinə inandırırsınızsa, bunu oxuyun və ayılın". Bu məqalədə söhbət indiyədək ifrat sağçı xəbər portalı "Breitbart News" saytına rəhbərlik edən Bannondan gedir.
Qəzet onun əvvəllər yalnız yüksək vəzifəli generalların tutduğu milli təhlükəszlik müşaviri vəzifəsinə gətirilməsini misli görünməmiş presedent adlandırır və bildirir ki, Ağ Evin son günlərdə elan edilmiş sərt siyasətlərinin arxasında məhz bu adam dayanır. "The İndependent" yazır ki, cənab Moore bu postu, prezident ABŞ baş prokuroru Sally Yatesi vəzifəsindən kənarlaşdırdıqdan az sonra göndərib.
Onun vəzifəsindən kənarlaşdırılmasına səbəb baş prokurorun müsəlman qadağasının qanuniliyini sorğu-sual etməsi və Ədliyyə Nazirliyini bu qadağanı dəstəkləməməyə çağırması olub. Lakin Ağ Evin rəsmi məlumatında baş prokurorun "ölkənin sərhədləri və qanunsuz miqrasiya sahələrindəki zəifliyi" əsas gətirilib. Tramp xanım Yatesi daha üzüyola olduğu söylənən Dana Boente ilə əvəzləyib. Lakin onun da tezliklə senatior Jeff Sessionla əvəzlənəcəyi gözlənilir. Onun namizədliyi hələlik Senat tərəfindən təsdiq olunmayıb.
Google şirkətinin mühəndislərindən biri özünün bloqpostunda iddia edir ki, müsəlman qadağası "çevrilişə hazırlığın zondaj şarıdır". Müəllif dediklərini onunla əsaslandırır ki, bəzi xəbərlərə görə Daxili Təhlükəsizlik Nazirliyinin vəkilləri müsəlman qadağasına qarşı çıxsalar da, cənab Bannon onların mövqeyini rədd edib.
"The Guardian" qəzetində dərc olunmuş məqalədə isə iddia edilir ki, Ağ Ev Dövlət Departamentində az qala bütün yüksək vəzifəli rəsmiləri "repressiya" edib. Yonatan Zungerin yazdığı postda deyilir ki, "administrasiya hazırda bütün icra hakimiyyətinin kiçik daxili çevrədə toplanması ilə məşğuldur". Bu ona görə edilir ki, federal bürokratlar, Konqres və məhkəmələr hadisələrə təsir gücünü itirsinlər.
Onun da yazdığına görə, müsəlman qadağanı kimi məsələlər ona görə ortalığa atılıb ki, administrasiya baş qataraq mütləq hakimiyyətə sahib olsun. "The İndependent" qəzetinin başqa bir məqaləsində Tramp 1970-ci illərdə impiçment edilmiş prezident Nixonla müqayisə edilir. Məqalədə deyilir ki, şərhçilər ABŞ baş prokurorunun vəzifədən azad edilməsini "bazar ertəsi qətliamı" adlandırıblar.
Qəzet yazır ki, Trumpdan başqa baş prokuroru işdən qovan yeganə prezident elə Nixon olub və onun özü 1973-cü ildə impiçmentə məruz qalıb. O vaxt baş prokurorun işdən qovulmasını "şənbə qətliamı" adlandırmışdılar.
"The İndependent" qəzetinin daha bir məqaləsində mükafatlı jurnalist Matthew Norman da yazır ki, Donald Tramp ABŞ-ın əsaslarını sarsıdan hərəkətlər edir. O yazır ki, əgər Tramp-Bannon tandem tutduğu yolu davam etdirsə, hüquq-mühafizə orqanlarının qarşısında iki yol qalacaq: ya məhkəməyə, ya da prezidentə tabe olmaq. Əgər onlar ikincini seçsələr, onda Amerikanın vətəndaş cəmiyyəti çökəcək.
Məqalədə deyilir ki, ədliyyə ilə yanaşı dövləti qoruyan başqa konstitusiya elementləri də var. İmpiçment var və nəhayət prezidentin devrilməsi üçün "qiyamı legitimləşdirən" 25-ci düzəliş var. Bundan başqa 22 aydan sonra çox güman ki, Konqres çoxluğunu demokratlar ələ keçirəcəklər. Lakin bu olduqca uzun müddətdir. Jurnalist yazır ki, hadisələrin dinamikası prezidenti onun 11 gün bundan əvvəl müdafiə edəcəyinə and içdiyi sənədlə üz-üzə qoya bilər.
Məqalədə deyilir ki, Amerikanın əsasını qoyan Atalar bu divarı tiranlığa qarşı ucaldıblar. "İndi görək Donald Tramp Thomas Jefferson və başqalarının qurduğu bu divarın dəyərini necə ödəcəyək?"