Rusiya indi də Fransa seçkisinə müdaxilədə ittiham olunur Dünya

Rusiya indi də Fransa seçkisinə müdaxilədə ittiham olunur

"Financial Times" qəzeti yazır ki, Fransada siyasətçi Emmanuel Makronun kampaniyası Rusiyanı və onun dövlət mediasını Fransa prezident seçkilərində potensial baxımdan qalib ola biləck namizədə qarşı haker və saxta xəbər hücumunda ittiham edib.
Makronun seçki komandasının rəhbəri Ricard Ferrand deyib ki, namizədə qarşı Rusiyadan qaynaqlanan "yüzlərlə, hətta minlərlə haker hücumu" olub.
"Bu gün biz faktlara diqqət yetirməliyik: Rusiyanın iki əsas media qurumu - Rusiya dövlətinin mülkiyyətində olan Russia Today və Sputnik saxta xəbərlərin tirajlanması ilə məşğuldur" - deyib Ferrand Fransa 2 telekanalına.
Bu bəyanat Avropa kəşfiyyatının son zamanlar Rusiyanın Fransada, Hollandiyada və Almaniyada keçiriləcək prezident və parlament seçkilərinə müdaxiləsi təhlükəsi olduğu barədə məlumatları ilə səsləşir.
Bundan əvvəl ABŞ kəşfiyyatı ötən il bu ölkədə keçirilmiş seçkilərdə Rusiyanın Demokratik Partiyaya haker hücumu barədə məlumat vermişdi.
"Financial Times" yazır ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qəzetin şərh üçün müraciətinə cavab verməyib.
Lakin Rusiya rəsmiləri və təhlilçiləri Ferrand-ın iddilarını Qərb siyasi elitasının düşdüyü panikanın əlaməti kimi rədd ediblər.
Kremlə qarşı bundan əvvəl də ittihamların səsləndiyini qeyd edən bir Rusiya rəsmisi deyib ki, "Rusiyanın xortdan kimi təqdim olunması cəhdləri davam edir".
"Bu bizi kədərləndirir, lakin biz bu iddiaların tamamilə əsassız olduğunu deyə bilərik" - deyib həmin rəsmi.
Russia Today televiziyası Fransadan sələnən ittihamların əsassız olduğunu bildirib.
Ötən ay Fransanın müdafiə naziri Jean-Yves Le Drian demişdi ki, "kütləvi saxta informasiyanın yağıdırılmasından" seçki nəticələrinə təsir aləti kimi istifadə edilə bilər.
Fransanın antikiberhücum kəşfiyyat agentliyi ANSSI hələ ötən il prezidentliyə namizədləri sözü gedən təhlükələrdən agah etmişdi.
Seçkiyə müstəqil namizəd kimi qatılan cənab Macron öz siyasi partiyasını bir ildir ki, yaradıb və dərhal da rəy sorğularının liderinə çevrilib.
Rəy sorğuları göstərir ki, o artıq populyarlığına görə sağ-mərkəzçi namizəd Frankois Fillonu geridə qoyub və may ayında keçirləcək ikinci seçki raundunda iki namizəddən biri ola bilər.
"Financial Times" yazır ki, Makron meydana çıxmazdan əvvəl Moskva Fransadakı seçki kampaniyasına arxayınçılıqla baxırdı. Moskva seçkidə ifrat sağçı Marine Le Pen-in uğurunu istəsə də, onu Fillon da qane edirdi, çünki bu siyasətçi Rusiya üçün daha məqbul namizəd idi.
Rusiya Elmlər Akademiyasından Fransa üzrə ekspert Sergey Fyodorv deyir ki, əslində cənab Hamondan başqa bütün prezidentliyə namizədlər keçmişlərdən fərqli olaraq bu kampaniyada Rusiyaya münasibətdə çox praqmatik və dost mövqe tuturdular.
Lakin Makron Rusiya ilə daha yaxşı münasibətlərə və sanksiyaların yumşaldılmasına çağıran Fillondan fərqli olaraq Moskvanın kəskin tənqidçisidir.
"Cənab Ferrand bildirib ki, Macron məhz bu səbəbə görə Rusiya tərəfindən hədəflənir. Çünki o daha güclü Avropanın tərəfdarıdır" - deyib kampaniya rəhbəri.
"Financial Times" yazır ki, Makron seçki kampaniyası yarışında liderliyə keçəndən bəri Rusiya mediası və analitikləri onu "qlobal elitanın oyunçusu" kimi təqdim edirlər. Onlar hətta hədələyirlər ki, WikiLeaks-in Macrona dair kompromatları var.
Keçmiş respublikaçı millət vəkili Nicolas Dhuicq Rusiyanın Sputnik şəbəkəsinə müsahibəsində deyib ki, Makronu "çox zəngin, homoseksuallar lobbisi" dəstəkləyir və guya o radiostansiya başçısı Mathie Galletlə nikahdankənar homoseksual əlaqələrdə olub.
Fire Eye kibertəhlükəsilik firmasının cənubi Avropa üzrə direktoru David Grout deyib ki, hazırda Avropa seçkilərinə müdaxilə edən Rusiya qrupları az əvvəl ABŞ-da Demokratik Partiyanın serverlərinə haker müdaxiləsi edən qruplardır.