
Türkiyənin şərqində sərhəd ərazilər minalardan təmizlənəcək. Bu barədə məlumatı Türkiyənin "Akşam" qəzeti yayıb. Məlumata görə, xərclərin 75%-ni Avropa İttifaqı öz üzərinə götürüb.
Bu barədə "Akşam" qəzetini məlumatlandıran mənbə bildirib ki, sərhəd ərazilərin minalardan təmizlənməsinə artıq başlanılıb. İşlər Türkiyə Baş Qərargahı və DİN-in birgə səyləri ilə həyata keçirilir. Nəticədə 11 milyon 665 min 641 kv. metr sahə minalardan təmizlənəcək. Bundan sonra burada müasir xəbərdarlıq sistemi tətbiq ediləcək. Sərhəddin qanunsuz keçilməsi ilə bağlı istənilən halın qarşısı 26 axtarış-müşahidə avtomobilinin vasitəsilə alınacaq.
Layihənin büdcəsi 52 milyon 450 min avro təşkil edir. Məbləğin dörddə üç hissəsi Aİ-nin büdcəsindən daxil olacaq.
Qəzet "Minaların təmizlənməsindən sonra Ermənistanla sərhədlərin açılması gözlənilirmi" sualına da cavab verib: "Çox güman ki, sərhəd Ermənistanın, işğal etdiyi ərazilərin bəzisini Azərbaycana qaytardıqdan sonra açılacaq. Bundan sonra Türkiyə-Ermənistan arasında dəmiryolu daşımaları da mümkün olacaq".