Rusiya necə çökəcək? Dünya

Rusiya necə çökəcək?

25 il əvvəl Sovet İttifaqının dağılması təkcə bütöv bir dönəmin bitməsi deyil, həm də yeni bir eranın başlanğıcı demək idi. SSRİ-nin dağıntıları üzərində Avrasiyada böyük bir məkanı tutan Rusiya Federasiyası və daha 14 müstəqil dövlət meydana çıxdı. Şərqi Avropadan Qafqaz və Mərkəzi Asiyaya qədər keçmiş sovet republikaları qəflətən, heç olmasa, Rusiyadan asılı olmayan daxili və xarici siyasət yürütmək imkanı əldə etdi. Elə Rusiya da imperiyanı itirdiyinə baxmayaraq, iqtisadi, sosial və siyasi inkişafda yeni kurs cızmaq imkanı qazandı.
"Stratfor" yazır ki, amma köhnə vərdişlər böyük çətinliklə ölür. Sovet İttifaqı 70 illik mövcudluğu ərzində üzv ölkələrin şüurunda imtinası son dərəcə çətin vərdişləri möhkəm bərkidib. Bu ölkələrin vətəndaşları mərkəzləşdirilmiş, aşağı həyat səviyyəsi və korrusiya halları sıx-sıx olan siyasi sistemdə yaşamağa alışıblar. Rusiya imperiyasından miras qalmış bu səciyyəvi cizgilər hələ Sovet İttifaqına qədər meydana çıxmışdı. O, dağıldıqdan sonra da bunların əksəriyyəti müstəqillik əldə etmiş dövlətlərdə saxlanıb. Kommunizm və komanda iqtisadiyyatından nominal imtina, demokratiya və kapitalizmə keçidə baxmayaraq, Baltikyanı ölkələr istisna olmaqla, keçmiş sovet respublikalarının çoxu dövlət idarəçiliyində mərkəzləşdirilmiş sistemi saxlayıb, kapitalizm modelini isə yalnız kəsik-kəsik qəbul edib. Bu arada rus dili Avrasiyada millətlərarası ünsiyyət dili kimi qalıb. Hətta Moskva 1990-cı illərin başlanğıcında postsovet dövrünün hərc-mərcliyindən özünə gəlib bölgə ölkələri ilə əlaqələrini bərpa edib. Rusiya postsovet məkanında öz güc və təsirini sərgiləmək üçün qoşun yerləşdirməkdən tutmuş siyasi manipulyasiyalara qədər bu rəngarəng taktikadan bu gün də yararlanır.
Bununla belə, sövet dövrünün yaşantıları zəifləməyə başlayır, çünki sovetsonrası dövrdə doğulmuş insanlar getdikcə çoxalır. Bu gün Rusiyada orta yaş 40 ildən bir qədər azdır (eyni hal Ukrayna və Belarusda da var), bu isə bildirir ki, bu ölkələrdə ortastatistik vətəndaş öz ömrünün yarısından azını sovet hökuməti dövründə yaşayıb. Əhalinin orta yaş tərkibinin 30 yaşdan az olduğu Mərkəzi Asiyada isə adamların ancaq yarısı bilir ki, sovet həyatı nə deməkdir. Cəmi iyirmi il keçəcək və Avrasiya əhalisinin böyük hissəsinin Sovet İttifaqı haqda birbaşa xatirəsi olmayacaq. Bu cür demoqrafik dəyişimlər Rusiyanın bu ölkələrdəki nüfuzuna meydan oxumaqla keçmiş sovet dövlətlərini siyasi, iqtisadi və mədəni baxımdan dəyişdirmək vədi verir.
Rusiyada ən zəruri təhlükələri nəzərə almaq lazım gəlir – təkcə ənənəvi nüfuz zonasında deyil, həm də öz sərhədləri daxilində. Avrasiyada postsovet nəsilləri öz milli hökumətlərinə sovetdəki valideynləri, nənə-babalarının sovet hökumətinə yanaşdığı tək yanaşmır. Mixail Qorbaçov sovet dövrünün sonunda islahatlar keçirməyə başlayana qədər hökumətin ünvanına tənqidi iradlar yox idi, xüsusən də ictimai etirazlar praktik olaraq yox idi və bunun ciddi səbəbləri var idi. Dövlət hökumətlə həm gerçək, həm də görüntü kimi narazılığa həbs, sürgün və ölüm cəzası ilə cavab verirdi. Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti ilk dəfə sovet siyasətini şübhəyə məruz qoymaq və nümayişlər keçirmək imkanı verdi. Lakin dövlət əvvəlkitək istənilən etiraza sərt nəzarət edir və tez-tez qüvvə işlədərək təhlükəsizlik aparatı vasitəsilə onu boğurdu.
Sovet İttifaqı dağılanda onun yerində meydana çıxan müstəqil dövlətlər aşkar özgə cür düşünməyə və narazılığın bəlirtisinə nisbətdə öz siyasətlərini hazırlamalı oldu. Avrasiyada postsovet dövlətlərinin əksəriyyəti (yenə də Baltikyanı ölkələr istisna olmaqla) etiraz edənlərə münasibətdə sərt xətt yürüdür, müxalifəti və fəalları cilovlamaq cəhdiylə onları təhlükəsizlik qüvvələri ilə boğur və xəbərdarlıq həbsləri aparırdı.
Rusiya da iğtişaşlardan sığortalanmaz oldu. Rusiya xalqı prezident Vladimir Putinin dönəmində 20 ildən kəm siyasi sabitlik və iqtisadi rifahdan sonra müəyyən yaşayış səviyyəsinə ümid bağlayır. İqtisadi tənəzzül və son illərin korrupsiya qalmaqalları rusiyalılar, xüsusən də gənclər üçün getdikcə qəbuledilməz olur. Adamlar cavabında apreldə Rusiyanın nəhəng ərazisindəki şəhərlərdə kütləvi nümayişlər təşkil etməyə başladılar. Bu etirazlar çoxlu sayda şəhərdə keçməsi və 20 yaşdan bir qədər böyük xeyli gəncin qatılması ilə diqqətçəkən idi. Yeni texnologiyalar bu nümayişlərdə çox önəmli rol oynadı. Gənc rusiyalılar internet və sosial şəbəkələr vasitəsilə təmasa keçir, müxtəlif tədbir və aksiyalar təşkil edirdilər.
Belarus kimi, Rusiya da sosial şəbəkələrə və nümayişlərə qarşı sərt tədbirlər görür, lakin ənənəvi üsullarla etiraz hərəkatlarına nəzarət getdikcə daha da çətinləşir.
Bu arada Avrasiyanın böyük hissəsində dövlət rəhbərləri əvvəlki kimi sovet dövrünə və qaydalarına aludəçilik hiss edirlər. Nəticədə hökumətlə vətəndaşlar arasındakı münasibətlər getdikcə daha da gərgin və dayanıqsız olacaq. Bu mübarizə demoqrafik tənəzzül, həmçinin siyasi və mədəni dəyişikliklərlə üzləşən Rusiyada lap çox hiss olunur. Ölkədə əhali sayının azalması Avrasiyada hakimiyyət və nüfuz uğrunda mübarizə aparan başqa dövlətlərlə müqayisədə onun iqtisadi və hərbi mövqelərinin zəifləməsinə səbəb olur. BMT proqnozlarına əsasən, Rusiya əhalisi 2050-ci ilə doğru 143 milyondan 129 milyon nəfərə qədər, yəni, demək olar, 10% azalacaq.
Rusiyadan fərqli olaraq, ABŞ əhalisi 20%-dən artıq çoxalmalıdır. Həmçinin Türkiyə və İranda da əsaslı artım olacaq. (Avropanın ən böyük ölkələri haradasa Rusiya və ABŞ göstəricilərinin arasında görünəcək.) Hətta əhalinin ümumi sayı azaldıqca slavyanların payı sabit şəkildə azalacaq ki, bu da rusiyalıların mədəni və siyasi özünüdərkinə daha çox təsir edəcək.
Rusiyanın daxildə və xaricdə üzləşdiyi çağırışlar ona öz gücünü sərgiləmək və postsovet periferiyasına təsir etmək, həmçinin öz sərhədləri daxilində rejimi və sabitliyi saxlamağa mane olacaq.
Şübhəsiz, ölkə bir sıra mədəni, sosial və texnoloji dəyişimlərə uyğunlaşacaq, amma Rusiya hər hansı siyasət yürüdür-yürütsün, demoqrafik və dil dəyişiklikləri onun ziyanına işləyəcək. Bu qayda ilə Avrasiyada postsovet əhalisi çoxaldıqca bölgədə hakim qüvvə kimi getdikcə daha çox zəifləyəcək.