NATO Ukraynaya hərbi yardım göstərə bilər Dünya

NATO Ukraynaya hərbi yardım göstərə bilər

Olland: "Regionda təhlükəsizliyi təmin etmək üçün Rusiyaya qarşı sərt yanaşmaq lazımdır"

Cavid

"Luqanskda və Donetskdə keçirilən referendumlar bu şəhərlərin sakinlərinin özlərini Kiyev xuntasının hərəkətlərindən qorumaq cəhdidir". Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib. "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov isə Cənub-Şərqi Ukrayna əhalisini "ləyaqətli seçim" münasibətilə təbrik edib.
Mironov deyib: "Biz Ukrayna regionlarının rəyinə hörmət edir və referendumun nəticələrini tanıyırıq. İndiki məqamda Kiyevlə yalnız güc dilində danışmaq mümkündür".
Jirinovskinin partiyası (LDPR) də saxta referendumların nəticələrini tanıdığı barədə bəyanat yayıb. Beləliklə, artıq rəsmi Moskva Ukraynanın adıçəkilən regionunda keçirilən qondama referendumun nəticələrini tanıya biləcək mesajını verir.
Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov isə Ədliyyə Nazirliyindən xahiş edir ki, Kommunist Partiyasının separatçılıqla məşğul olub-olmamasını araşdırsın. Turçinov deyib ki, əgər bunun sübutları tapılsa, onda Kommunist Partiyası qadağan olunmalıdır. Turçinov parlamentdə deyib ki, Kommunist Partiyasının separatçı fəaliyyəti ilə bağlı çoxlu informasiya var. O, Kommunist Partiyasının lideri Petro Simonenkonu Mariupol hadisələri barədə yalan və Rusiyapərəst təbliğat aparmaqda ittiham edib.
Bu arada NATO-nun Ukraynaya hərbi müstəvidə yardım göstərəcəyi ilə bağlı yayılan xəbərlər siyasi ekspertlər tərəfindən ciddi marağa səbəb olub. Əksər siyasilər hesab edir ki, NATO öz bəyanatına sadiq qalaraq Ukraynaya hərbi yardım göstərərsə, bu, Rusiyanın daha da aqressivləşməsinə, o cümlədən NATO-Rusiya münasibətlərinin kəskinləşməsinə səbəb olacaq.
Qeyd edək ki, Cənubi Qafqaz turnesi çərçivəsində mayın 13-də Gürcüstana səfər edən Fransa prezidenti Fransua Olland Rusiya ilə bağlı sərt açıqlamalar verib. Gürcüstanın dövlət başçısı Georgi Marqelaşvili ilə keçirilən birgə mətbuat konfransında Fransua Olland Ukraynadakı böhrana görə Rusiyanı yeni sanksiyalarla hədələyib: "Regionda təhlükəsizliyi təmin etmək üçün Rusiyaya qarşı sərt yanaşmaq lazımdır. Avropa Birliyi Rusiyanın ərazi üstünlüyü qazanmaq üçün vəziyyəti qeyri-stabil istiqamətə yönəltməsinə etiraz edir. Əgər mayın 25-də Ukraynada prezident seçkiləri baş tutmasa, Rusiyaya qarşı sanksiyalar genişləndiriləcək". Bundan başqa Gürcüstanın ərazi bütövlüyünün Avropa Birliyi tərəfindən tanındığını xatırladan Fransa prezidenti NATO-Gürcüstan münasibətlərinə də toxunub: "Gürcüstan ilə NATO-nun münasibətlərinin formasını müəyyənləşdirmək lazımdır. Bunun üçün hələ ki hazır forma yoxdur. Bu məsələ sentyabrın 4-5-də Ulesdə keçiriləcək NATO sammitində müzakirə olunacaq".
Politoloq Fərhad Mehdiyev hesab edir ki, NATO-nun Ukraynaya hansı formada dəstək göstərəcəyi, bu dəstəyin konkret nədən ibarət olacağı mühüm əhəmiyyət kəsb edir: "Əsas məsələ hərbi dəstəyin hansı formada və nə ilə olacağıdır. Məhz bu amil Rusiyanın necə bir münasibət sərgiləməsini şərtləndirəcək. Təbii ki, NATO-nun Ukraynaya göstərəcəyi hərbi yardımın miqyası nə qədər böyük və proseslərə təsir gücü nə qədər çox olacaqsa, bu, Rusiya tərəfindən bir o qədər ciddi təpkiyə səbəb olacaq".
Rusiyanın Effektiv Siyasət Fondunun rəhbəri, politoloq Pavel Danilin isə qeyd edib ki, Brüssel və Vaşinqton heç də başdansovudu siyasət yürütmür: "Əksinə, mövcud vəziyyətdən Rusiyanı zəiflətmək üçün istifadə edirlər. Ukrayna əslində onlara heç lazım deyil. Onlara sadəcə zəifləmiş Rusiya lazımdır. Bunun üçün isə onlar müxtəlif növ münaqişələri təhrik etməklə Ukraynanı alət kimi istifadə edirlər".
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN-ə Rusiyanın Ukrayna siyasətini şərh edib: "Belə görünür, prezident Vladimir Putin Ukraynada əməliyyatları əvvəlcədən planlaşdırmayıbmış. Belə bir sual vermək lazımdır: o, Olimpiya oyunlarına 60 milyard dollar xərcləyib. Onlar açılış və bağlanış mərasimlərində Rusiyanın normal ölkə olduğunu göstərməyə çalışdılar. Buna görə də onun üç gündən sonra Ukraynaya bilərəkdən hücuma başlamaq istəməsi mümkün deyil".
Henri Kissincer Rusiya liderinin hərəkətlərinin çox güman ki nəzarətdən çıxan vəziyyətə reaksiya olduğunu qeyd edib: "Fikrimcə, o hər zaman Ukraynanı özünə tabe etdirmək istəyib. Mənim həmişə görüşdüyüm ən məhur ruslar da, o cümlədən, Soljenitsın və Brodski kimi dissidentlər Ukraynanı rus tarixi və mədəniyyətinin bir hissəsi sayıblar. Amma mən inanmıram ki, o bu dəfə vəziyyətin bu həddə çatmasını istəyirdi. Mənə elə gəlir ki, o, vəziyyətin tədricən inkişaf edəcəyini düşünürdü, bu isə daha çox onun fövqəladə vəziyyətə reaksiyasına oxşayır. Əlbəttə, onun bunu nəyə görə etdiyini izah etmək onun başqa bir ölkəni ilhaq etməsi, ya da sərhəddini keçməsinə bəraət qazandırmaq demək deyil. Lakin mən düşünürəm ki, əvvəlcə, biz Ukrayna problemini həll etməli, sonra isə Rusiya ilə münasibətləri müzairə etməliyik".
Politoloq Vüqar Zifəroğlu isə bildirib ki, Ukraynanın şərqində keçirilən referendumlarda elan edilən nəticələr gözlənilən idi. Əslində Rusiya tərəfinin referendumların təxirə salınması ilə bağlı etdikləri müraciət sadəcə siyasi-diplomatik gediş hesab edilə bilər: "Bu referendumlar Ukraynanın daxilində də qarşıdurmanın daha sərt müstəviyə keçməsinə səbəb olacaq. Rəsmi Kiyev Krımın anneksiyasından sonra şərqdə də vəziyyətin nəzarət altından çıxması ilə razılaşa bilməz. Bu səbəbdən də əməliyyatlar daha aktiv xarakter daşıyacaq. Rusiyanın qarşısında isə iki yol var. Birinci yol referendumun nəticələrini qəbul etməklə Dumada təsdiqləmək. Bu Rusiyaya qarşı Qərbin daha sıx birləşməsinə səbəb ola bilər. Eyni zamanda Kiyevlə münasibətlərdə hər hansı bir danışıqlar imkanını tamamən sıradan çıxarmış olacaq. İkinci yol isə hələ gözləmə mövqeyi sərgiləməkdir. Bu zaman ise şərqdəki tərəfdarların xəyal qırıqlığına uğraması və bu da nəticə etibarilə proseslərin Kiyevin xeyrinə dəyişməsinə səbəb ola bilər. Hər iki yol Rusiya üçün problemlərə yol açmaqla yanaşı yeni proseslerin başlamasına səbəb olacaq".