Netanyahunun Qəzza planı: yeni təşkilatlar meydana çıxa bilər Dünya

Netanyahunun Qəzza planı: yeni təşkilatlar meydana çıxa bilər

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza ilə bağlı Vaşinqton-Təl-Əviv arasında razılığın əldə olunmaması, İsrail hökumətinin ənənvi siyasəti dvaam etdirməsi durumu daha da mürəkkəbləşdirir.

İsrail Baş naziri Benyamin Netanyahunun hərbi əməliyyatları davam etdirmək istəyi savaş coğrafiyasının genişlənmə riski yaradır.

Netanyahu deyib: “İsrail Qəzzanın bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir”. “Hərbi addımların məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyəti və Qəzzada saxlanılan israilli girovların azad edilməsi. Eyni zamanda, yaxın vaxtlarda İsrail ABŞ ilə birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfdarları tərəfindən oğurlanmasının qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsini yerləşdirəcək”,-deyə o bildirib.

Netanyahu nəyi hədəfləyir və hərbi əməliyyatlar Yaxın Şərqə necə təsir edəcək?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

“Bu əməliyyat Yaxın Şərqdə sülh ümidlərini daha da azaldır”

Yaxın Şərq üzrə ekseprt Kənan Rövşənoğlu deyib ki, İsrail Baş naziri Qəzza zolağını tam olaraq nəzarətə götürmək, HƏMAS və digər silahlı qruplardan təmizləyərək burada İsrailin nəzarətində yeni idarəçilik qurmaq, əhalinin bir hissəsini başqa ölkələrə köçürməyi planlayır: “Tanklar və zirehli texnikaların böyük miqyasda iştirak etdiyi 3 mərhələli əməliyyatı Netanyahu “Gideonun döyüş arabaları” əməliyyatı adlandırılıb. Bu əməliyyat Yaxın Şərqdə sülh ümidlərini daha da azaldır. Aydın məsələdir ki, Netanyahu hakimiyyəti nəyin bahasına olursa olsun Qəzza və ümumilikdə Fələstində İsrailin nəzarətini möhkəmləndirmək, bölgədə İsraili təhdid edə biləcək hərbi-siyasi gücün olmasının qarşısını almağa çalışır və hazırda buna böyük ölçüdə nail olub”.

Onun sözlərinə görə, lakin bir məsələ var ki, son addımları Netanyahunu dünyada təkləyir, İsrailin özündə, Qərbdə ona olan dəstək sürətlə azalır, hətta ABŞ hökuməti ilə münasibətləri soyuyub: “Bu da İsrail üçün arzuolunan deyil. Baxmayaraq ki, hazırda regionda İsraili təhdid edəcək güc demək olar ki, qalmayıb. Lakin hər bir halda son iki ildə davam edən əməliyyatlar İsrailin beynəlxalq dəstəyini əhəmiyyətli dərəcədə azaldıb”.

“Başqa bir təşkilat meydana gələcək”

Politoloq Kazım Kazımov hesab edir ki, Netanyahunun təklif etdiyi bu plan nə İsrail, nə Fələstin üçün dinclik gətirəcək: “Bu gün deyək ki, HƏMAS ortadan qaldırılacaq, lakin Qəzzanın təcridi davam edəcəyi təqdirdə başqa bir təşkilat meydana gələcək. Burada əsas məsələ davamlı sülhü təmin etməkdir. Davamlı sülhün təmin edilməsi həm maksimalist fikirlərin, mövqelərin ortadan qaldırılmasıdır, həm də hər iki tərəfin uzlaşmacı, sülhə yarayacaq təkliflərlə çıxış etməsidir”.

Əsas məsələ

K.Kazımov əlavə edib ki, əks təqdirdə 1947-ci ildən bu yana davam edən bu qanlı konflikt, o cümlədən 2023-cü ilin oktyabrından bu günə kimi davam edən aktiv müharibə fazası yerində qalacaq: “Məsələ budur ki, biz görürük ki, ABŞ-nin maddi dəstəyi də, siyasi dəstəyi də İsrailin hərbi gücü də son 2 il yarımdır ki, kiçik bir Qəzza sektorunda onlara qalibiyyət gətirmir. Digər tərəfdən qəzzalıların bölgədən köçürülməsi də yaxşı bir alternativ deyil. Birincisi, nəticə etibarı ilə qəzzalılar orada doğulub, orada böyümüş insanlardır. Digər tərəfdən onları lap göndərsinlər Misirin Sina bölgəsinə, nə olacaq? Yenə də hücumlar baş verəcək, yenə də İsrail orada dinclik tapmayacaq. Burada əsas məsələ hər iki tərəfin razı qalacağı şərtlər əsasında sülhün təmin edilməsidir. Hesab edirəm ki, İsrail hökuməti daha çox bunun üzərində işləsə bölgədə sülhə nail ola bilər, nəinki, təcrid və fələstinliləri göndərmək üzərinə”.

“Bu, önəmli mesajdır”

Politoloq Aytən Qurbanova deyib ki, Netanyahunun bu açıqlamaları və Qəzza zolağının bütün ərazisi üzərində hərbi nəzarət yaratmaq istəyi Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı önəmli mesajdır: “Heç şübhəsiz ki, bu istiqamətdə ən əsas hədəf HƏMAS-ın tam neytrallaşdırılmasıdır. Digər tərəfdən isə bu yanaşma təkcə HƏMAS-ın silahlı və siyasi strukturunun tamamilə məhv edilməsini deyil, həm də təşkilatın aradan qaldırılmasından sonra yaranacaq güc boşluğunun İsrail tərəfindən birbaşa nəzarətlə doldurulmasını nəzərdə tutur. Bu məqsəd Qəzzanın gələcək statusu ilə bağlı uzunmüddətli və dərin nəticələri özündə ehtiva edir. Təbii ki, İsrailin bu strategiyası xüsusilə təhlükəsizlik və anti-terror prioritetləri nöqteyi-nəzərindən yanaşdıqda daxili ictimaiyyət və bəzi Qərb müttəfiqləri tərəfindən legitimləşdirilməyə çalışılsa da, digər regional aktorlar tərəfindən ciddi narahatlıqla qarşılanır”.

“Türkiyədə bu məsələyə yüksək həssaslıq mövcuddur”

Politoloq bildirib ki, xüsusilə İran və Türkiyə kimi güclü regional dövlətlər, eləcə də Misir kimi Qəzza ilə sərhəddə yerləşən və Fələstin məsələsində diplomatik rol oynayan ölkələr İsrailin bu strategiyasının qeyri-sabitliyi artıracaq birtərəfli və riskli addım kimi qiymətləndirə bilərlər: “İran üçün HƏMAS-ın zəiflədilməsi onun regional strateji təsirinin məhdudlaşdırılması deməkdir. İran uzun müddətdir ki, Fələstin müqavimət qruplarını, o cümlədən HƏMAS-ı siyasi və maddi baxımdan dəstəkləməklə İsrailə qarşı dolayı təsir gücünü qoruyub saxlayır. Bu gücün azalması rəsmi Tehranın regiondakı əsas proksilər vasitəsilə oynadığı rolu zəiflədə bilər. Digər tərəfdən isə Türkiyə Fələstin məsələsinə dair kifayət qədər sərt ritorika ilə çıxış edir və Qəzza üzərində İsrailin tam nəzarətini beynəlxalq hüququn pozulması və humanitar fəlakət kimi qiymətləndirə bilər. Türkiyə cəmiyyətində də bu məsələyə münasibətdə yüksək həssaslıq mövcuddur və bu da birmənalı şəkildə rəsmi Ankaranın hadisələrə diplomatik cavab addımlarında öz əksini tapa bilər”.

Qəzza planı

Onun sözlərinə görə, Misir isə həm coğrafi mövqeyi, həm də Qəzzadakı hadisələrin Sina yarımadasına mümkün təsirləri baxımından bu prosesə ehtiyatla yanaşır: “Ümumiyyətlə, Qəzza üzərində İsrailin tam nəzarəti Misirin sərhəd təhlükəsizliyinə təhdid yarada və eləcə də, yeni miqrasiya dalğası ehtimalının gündəmə gəlməsinə şərait yarada bilər. Nəticə etibarilə, İsrailin Qəzza planı beynəlxalq səviyyədə də birmənalı qarşılanmır. Təbii olaraq bir çox aktorlar münaqişənin diplomatik və iki dövlətli həll yolunu dəstəklədiklərini açıq şəkildə bəyan edirlər”.

Röya İsrafilova