Bəşəriyyət tarixinin qara ləkəsi: Çərkəz sürgünü Dünya

Bəşəriyyət tarixinin qara ləkəsi: Çərkəz sürgünü

Çar Rusiyasının strateji baxımından mühüm hesab etdiyi Qafqaz bölgəsindən Çərkəz xalqını sürgün etməsinin üzərindən 161 il keçib. Bu sürgün hər il olduğu kimi bu il də ağrı və göz yaşları ilə yad edilir.

Xalqcebhesi.az xəbər verir ki, tarixin ən qədim dövrlərindən bəri yaşadıqları ana yurdları Qafqazda bənzərsiz bir dil və mədəniyyət formalaşdıran Çərkəzlər, əsrlərlə davam edən şərəfli dirənişlərinə baxmayaraq, Çar Rusiyasının və böyük dövlətlərin müstəmləkəçi siyasətləri və strateji məqsədləri nəticəsində soyqırıma məruz qaldılar və doğma torpaqlarından sürgün edildilər.

Çərkəzlər Qafqazın yerli xalqlarından biri idi. Onların ölkəsi – Çərkəzstan – Qara dəniz sahillərində yerləşən müstəqil və firavan bir ölkə idi.

"Ya orduya qoşulun, ya da köç edin"

Rusiyanın Qara dəniz sahilinə enmək siyasəti çərçivəsində Şimali Qafqazı ələ keçirmək məqsədilə 1556-cı ildən başladığı Qafqaz–Çar Rusiyası müharibəsi 308 il davam etdi.
Çərkəzləri məhv edərək Qafqaz dağlarının iç bölgələrinə doğru irəliləyən ruslar, təslim olan Çərkəzləri ya Çarlıq ordusuna qoşulmağa, ya da sürgünə məcbur etdilər.

1800-cü illərdə Çar Rusiyası bu bölgəyə doğru genişlənməyə başlayaraq yerli əhalini sistemli şəkildə ya məhv etməyə, ya da yerlərindən etməyə başladı.
Çarın tətbiq etdiyi "yandır-yıx" siyasəti nəticəsində bütün məhsullar məhv edildi, heyvanlar qırıldı. Bunun nəticəsində yaranan aclıq yerli əhalini doğma yurdlarını tərk etməyə məcbur etdi.

1840-cı illərə gəldikdə, Çar siyasətləri nəticəsində 1,5 milyon Çərkəzin həyatını itirdiyi təxmin edilir.
Nəticəvi döyüş isə 1864-cü ilin may ayında baş verdi. Sayca beş dəfə üstün olan Çar ordusu qarşısında Çərkəzlər məğlub oldu.

Bu döyüşün baş verdiyi yerə Kbaada deyilirdi. Böyük Çərkəz sürgünündən sonra ruslar bu bölgəyə Krasnaya Polyana, yəni Qırmızı Çəmənlik adını verdilər.
Bu adın verilmə səbəbi isə çay boyunca axan suyun həftələrlə Çərkəz qanı ilə qırmızı rəngə boyanması idi.

Məryəm Quliyeva