

İstanbulda qurulan sülh masasında əsir mübadiləsi ilə bağlı razılığa gələn Rusiya və Ukrayna arasında qarşılıqlı olaraq 307 əsir dəyişdirilib.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, mübadilə nəticəsində azad edilən əsgərlərin hazırda Belarusda olduğunu və onların müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəyini bildirib.
Tərəflər arasında əsir mübadiləsinin davam edəcəyi qeyd olunub.
Ukrayna Prezidenti Vladimir Zelenski də sosial media hesabında paylaşım edərək, mübadilə çərçivəsində 307 ukraynalının azad edildiyini açıqlayıb. Zelenski, "Türkiyədə razılaşdırılan mübadilə sazişinin icrasında bu gün ikinci gündür. Cəmi iki gün ərzində 697 nəfər geri dönüb. Sabah da davam edəcəyini gözləyirik" deyə bildirib.
Əsir mübadiləsi İstanbulda aparılan danışıqlar nəticəsində qərarlaşdırılmışdı. Ötən həftə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən və 2 saat davam edən görüşlərdə qarşılıqlı olaraq 1000 əsirin dəyişdirilməsi barədə razılıq əldə olunmuşdu.
ABŞ Prezidenti Donald Trump da dünən hər iki ölkənin əsir mübadiləsi razılaşmasını tamamladığını açıqlamış və bu açıqlamadan bir neçə saat sonra ilk mübadilə baş tutmuşdu. Rusiya və Ukrayna qarşılıqlı şəkildə 390 əsiri azad etmişdi.
Məryəm Quliyeva