“FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir“ Dünya

“FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir“

Türkiyəli nazir: "15 iyul hərbi çevriliş cəhdi Türkiyənin tarixində yaşadığı ən qorxulu və xain hərbi çevriliş, işğal cəhdi idi"


Dünən Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.
Kaya deyib ki, 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınmasında Türkiyə mediası böyük rol oynayıb, hədəflərdən biri də media olub.
Jurnalist Mustafa Canbazın həmin gün şəhid olduğunu xatırladan Türkiyənin ailə və sosial siyasət naziri bildirib ki, Türkiyə mediası həmin gün qəhrəmanlıq və cəsarət ortaya qoyub: "15 iyul hərbi çevriliş cəhdi Türkiyənin tarixində yaşadığı ən qorxulu və xain hərbi çevriliş, işğal cəhdi idi. Həmin gün ata və anasız qalan 450 övladımız var".
Hərbi çevriliş cəhdinin Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən həyata keçirildiyini söyləyən Kaya qeyd edib ki, FETÖ-nün PKK və digər terror təşkilatlarından fərqi yoxdur: "FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir. FETÖ millətimizin dini həssaslığından istifadə edib. FETÖ üzvləri bu əməllərinə görə məhkəmələrdə layiqli cəza alacaqlar. FETÖ-nün hərbi çevriliş cəhdinin bir işğal cəhdi olduğu unudulmamalıdır. Bu cəhdin qarşısı xalqın dinc müqaviməti sayəsində alınıb. Millətimiz böyük fədakarlıq göstərib. Hamilə olduğunu həyat yoldaşı ilə paylaşmayan, bu gün övladını qucağına alan qadınlarımız var. Bunlar böyük hekayələrdir. İnsanlarımız əsgər geyimindəki terrorçuların güllələri ilə şəhid oldular, parlamentimiz bombalandı. Mən bir qadın olaraq 2 övladımı həmin gecə evdə anama tapşırıb, meydana çıxdım. Həmkarlarımızla qərar qəbul edib, parlamentə toplaşdıq. Parlamentdəki partiyaların deputatları həmin gün üzərinə düşən vəzifəni yerinə yetirdilər. Qorxmadıq, demokratiyaya sədaqətimizi dünyaya və Türkiyəyə nümayiş etdirmək üçün parlamentdə idik. Bombalanan parlamentdə hərbi çevriliş cəhdinə qarşı olduğumuzu bəyan etdik. Hərbi çevriliş cəhdi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqı meydanlara, aeroportlara dəvət etməsi bir qırılma nöqtəsidir. Bu prosesin əsl qəhrəmanı isə xalq idi".
Nazir ABŞ və Avropa ölkələrinin həmin gün prosesləri yalnız müşahidə etməklə kifayətlənməsinin təəssüf doğurduğunu vurğulayıb: "Mən Hollandiyada insanlığa yaraşmayan bir münasibətlə üzləşmiş nazirəm. Məni Türkiyə səfirliyinə daxil olmağa qoymadılar. Bir çox Avropa ölkəsində FETÖ və PKK kimi terror təşkilatlarının aksiya keçirməsinə icazə verildiyi halda, bir Türkiyə siyasətçisinin danışmasına imkan verilmədi. Bu, mənim üçün yox, Hollandiya üçün utancdır. Bu yanaşma davam edir. G20 üçün bu günlərdə Almaniyaya gedən Türkiyə prezidentinə də görüş keçirməsinə imkan verilmədi. Demokratiyanı qorumaq üçün 250 şəhid vermiş bir xalqa bu cür münasibət təəssüf doğurur. Bu gün terror təhdidi ilə üzləşən Türkiyənin fövqəladə vəziyyət rejimi tətbiq etməsinə qarşı çıxılır. Ancaq bir sıra Avropa ölkələrində fövqəladə vəziyyət rejimi tətbiq edilən zaman səs çıxarmırlar. Türkiyə bütün terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparır. Türkiyənin terrora qarşı mübarizəsi Avropanın təhlükəsizliyinin təmini üçün çox vacibdir. Avropa ölkələrinin də Türkiyənin bu mübarizəsinə dəstək verməsi lazımdır. PKK, PYD, FETÖ kimi terror təşkilatlarına loyal münasibət bəşəriyyətin rifahına xidmət etmir".