ABŞ-da Elon Maskın superkompüteri ilə bağlı etiraz: Dayandırılması tələb olunur Dünya

ABŞ-da Elon Maskın superkompüteri ilə bağlı etiraz: Dayandırılması tələb olunur

NBC: NAACP, Memfis rəhbərliyini Maskın superkompüter layihəsini dayandırmağa çağırdı.

Amerika Rəngli Əhalinin İnkişafı üzrə Milli Assosiasiyası (NAACP), sahibkar Elon Maskın superkompüter layihəsinin həyata keçirildiyi Memfis şəhərində bu təşəbbüsün dərhal dayandırılmasını tələb edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

NAACP rəhbəri Derriç Conson belə deyib:
“Dünyanın ən varlı insanı olmağınız sizə qaradərili icmaları çirkləndirmək və onların sağlamlığını risk altına atmaq hüququ vermir... Biz səhiyyə departamentini dərhal müdaxilə etməyə çağırırıq.”

NAACP-nin məlumatına görə, superkompüter layihəsi ekoloji standartlara cavab vermir və bu, yaxınlıqda yaşayan icmalara zərər verə bilər. Assosiasiya layihənin təsirlərinin diqqətlə izlənilməsini tələb edib.

Colossus adlı superkompüter, Elon Maskın qurduğu xAI şirkətinə məxsusdur və Tennessi ştatında yerləşir. Bu sistem 200 min sürətləndirici (akselerator) ilə işləyir və Musk-ın fikrincə, hal-hazırda “dünyada dil modellərinin öyrədilməsi üçün ən güclü klaster”dir.

Keçən ilin avqustunda xAI şirkəti hava çirklənməsində ittiham olunmuşdu. “Cənub Ətraf Mühit Hüquq Mərkəzi” adlı təşkilat şirkəti Memfis şəhərində məlumat emal mərkəzini enerji ilə təmin etmək üçün 18 qaz turbinası quraşdırmaqda və onlardan normadan artıq istifadə etməkdə günahlandırmışdı.

Məryəm Quliyeva