“Prosesin uzanması Ukraynaya sərf etmir” Dünya

“Prosesin uzanması Ukraynaya sərf etmir”

“Ukrayna tərəfinin Krıma etdiyi hücum və körpünün vurulması insidentindən sonra Rusiya tərəfinin cavab verəcəyi gözlənilirdi. Bir məsələ də vardı, Sibir əraziləri də Ukrayna tərəfindən vurulmuşdu. Yəni artıq bu hücumların silsilə xarakter daşıması, Rusiya tərəfinin də cavab əməliyyatı keçirməsini zəruri edirdi. Bu tipli gedişlər danışıqlar prosesi fonunda baş verir”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

O əlavə edib ki, Ukrayna tərəfi başa düşür ki, danışıqlarda artıq geriyə doğru gedir və əlini gücləndirmək, həm də Qərb qarşısında hələ də varlığını sübut etmək üçün bu tipli hücumlar edilir: “Məncə bunların real nəticəsi olmayacaq. Çünki Rusiya-Ukrayna müharibəsinin uzanması Ukraynaya sərf etmir və Qərb cəbhəsində də parçalanmanı daha da artırır. Çünki Avropa İttifaqında müharibə tərəfdarları və əlehdarları olmaqla iki qisim siyasətçilər var. O da təbii olaraq Avropa İttifaqının narazılığını artırır. Yəni prosesin uzanması heç bir halda Ukraynaya sərf etmir və bu tipli hücumlar Rusiyanı daha da aqressivləşdirə bilər”.

T.Rzayev qeyd edib ki, Rusiyanın hücumları daha da sərtləşə bilər: “Danışıqlar prosesi fonunda Rusiyanın hücumlarının intensivləşməsi ilə ABŞ yenidən prosesə aktiv müdaxilə edəcək və tərəfləri danışıqlar masasına maksimum dərəcədə çəkəcək. Onsuz da danışıqlar davam edir. Amma ABŞ Ukrayna tərəfini yəqin ki, sülhə məcbur etməli olacaq”.

Röya İsrafilova