
Azərbaycan Ordusu – sülhün və təhlükəsizliyin qarantı
25 İyun 23:59
Elşən Manafov: “İsrailin təkbaşına İranı məğlub etmək imkanları yoxdur”
İsraillə İran arasında atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı tərəflərdən bəyanatlar səsləndi. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İranla atəşkəs razılaşmasının əldə olunduğunu rəsmən təsdiqləyib. İsrailin “Kan” dövlət televiziyasının məlumatına görə, atəşkəs Qətərin vasitəçiliyi ilə əldə olunub.
Qeyd edək ki, Qətər həm ABŞ-la, həm də İranla yaxşı münasibətlərə malik olan ölkədir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da ötən gecə özünün sosial şəbəkə hesabındakı paylaşımında Qətər əmirinə "bölgədə sülh axtarışında etdiyi hər şey üçün" təşəkkür edib.
İran da İsraillə atəşkəsin qüvvəyə minməsi ilə bağlı bəyanat verib. Məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb. Bəyanatda atəşkəsin bərqərar olması təsdiqlənir və bu atəşkəsin birtərəfli olaraq İsrailə qəbul etdirildiyi qeyd olunur. Bəyanatda həmçinin İranın “düşmənlərə etimad göstərmədiyi” və hər an “barmağını tətikdə” saxladığı bildirilir.
Amma İsrail ordusu məlumat yayıb ki, iyunun 24-də İran tərəflər arasında əldə olunan atəşkəsdən cəmi bir neçə saat sonra İsrailə raket hücumu edib.
“Bir müddət əvvəl İrandan İsrailə doğru atılan raketlərin müəyyən edilməsindən sonra ölkənin şimalında həyəcan siqnalları səslənib”, - məlumatda bildirilib.
İsrailin müdafiə naziri İsrail Katz deyib ki, İsrail atəşkəsin pozulmasına Tehranın mərkəzindəki hədəflərə güclü zərbələr endirməklə cavab verəcək.
"İsrail ordusuna Tehranın mərkəzindəki rejim hədəflərinə zərbələri gücləndirməklə İranın atəşkəsi pozmasına qətiyyətlə cavab verməyi tapşırdım", - Katz bildirib.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranla atəşkəs razılaşmasından sonra deyib ki, fenomenal nailiyyətə baxmayaraq, biz ayıq olmalıyıq. Qarşıda bir çox problem var. Diqqətimizi cəmləməliyik. “Biz əhəmiyyətli bir fəsli yekunlaşdırdıq, lakin İrana qarşı kampaniya hələ bitməyib. Biz hazırkı əməliyyatın nailiyyətlərinə əsaslanan yeni bir mərhələyə qədəm qoyuruq. Biz İranın nüvə layihəsini illərlə ləngitmişik, eyni şey onun raket proqramı üçün də keçərlidir", - deyə Zamir bildirib. “İndi diqqət Qəzzaya, girovların evlərinə qaytarılmasına və HƏMAS hakimiyyətinin devrilməsinə qayıdır”, - o əlavə edib.
Tərəflər öz növbələrində “qələbə”lərini də bayram ediblər. İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciəti zamanı deyib ki, İsrail İrana qarşı müharibədə tarixi qələbə qazandı. "Biz nəsillər boyu davam edəcək tarixi qələbəyə nail olduq. Biz iki ani ekzistensial təhlükəni aradan qaldırdıq: nüvə bombalarını və 20 min ballistik raketi.
Biz İranın nüvə layihəsini dondurmuşuq və əgər kimsə bu layihəni canlandırmaq istəsə, biz də belə bir cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - Netanyahu bildirib.
İranlılar da iyunun 24-də "Qələbə bayramı"nı paytaxt Tehranın İnqilab meydanında qeyd ediblər. "Mehr" xəbər agentliyinin məlumatına görə, mitinq iştirakçıları “Qədir millətiyik, zillət qəbul etmərik” şüarı səsləndirərək, müqaviməti dəstəklədiklərini, xarici təhdidlərə qarşı durduqlarını bəyan ediblər.
Qeyd edək ki, 12 günlük müharibədə İsraildə İranın hücumu nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.
İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, müharibə başlayandan (13 iyundan) indiyədək İsrailə 550-yə yaxın raket atılıb, 1000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrail Vergi İdarəsi dəymiş ziyanla bağlı 38,700 iddia qəbul edib. 15 500-dən çox insan evini itirib”, - Gendelman qeyd edib.
İsrailin hava məkanı bağlanıb və 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib. İran isə 12 günlük müharibə ərzində 606 nəfərin öldüyünü, 5332 nəfərin yaralandığını bildirib.
O da qeyd olunub ki, İsrail və ABŞ-ın İranaın nüvə obyektlərinə zərbələrinə baxmayaqar, İran gizli obyektlərdə yüzlərlə, hətta minlərlə silah dərəcəli uran istehsal edə bilən qabaqcıl sentrifuqa saxlayır. Britaniyanın "Telegraf" nəşrinin məlumatına görə, İranın zənginləşdirilmiş uranının çox hissəsi ABŞ-ın Fordo, Natanz və İsfahan ərazilərinə son hücumlarından əvvəl gizli yerlərə köçürülüb: "İran hazırda heç nə edə bilməyəcək, ancaq gələcəkdə bomba hazırlamaq üçün bütün vasitələrə sahib olacaqlar".
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Politoloq Elşən Manafov deyib ki, İran və İsrail arasında artıq 12 gündur davam edən müharibə Təl-Əvivin özünün təhlükəsizlik maraqlarını qorumaq naminə regionun təhlükəsizliyini təhdid etməsi oldu. İrana hava zərbələrinin endirilməsi zərurətini Netenyahu hökuməti Tehranın yaxın vaxtlarda yarana biləcək nüvə arsenalının aradan qaldırılması zərurəti ilə izah etsə də, bütün hallarda bu zərbələr müstəqil və suveren dövlətə qarşı yönəldiyindən BMT Nizamnaməsinin kobud şəkildə pozulması, habelə beynəlxalq hüquqa sayqısızlıq kimi qiymətləndirilir. Avropa Birliyi və ABŞ istisna olmaqla bütün beynəlxalq birlik İsrailin hərəkətlərini təcavuz aktı kimi dəyərləndirib: “Nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək İranın müstəsna hüququdur, bu enerjidən istifadə edən digər dövlərlər kimi. İranın uranın zənginləşdirilməsi istiqamətində araşdırmalarının nüvə silahının əldə edilməsi üçün bəlli həddə çatdığını iddia edən İsrail, habelə Qərb unutmamalıdırlar ki, bu sahədə İranın araşdırmaları MAQATE-nin nəzarəti altında idi, digər tərəfdən İran İsrail və Qərbi narahat edən bəlli problemin həlli istiqamətində ABŞ- la danışıqlar aparırdı. Nəhayət, İran nüvə silahının yayılmaması barədə məlum müqaviləyə qoşulmuş və bəlli öhdəliklər götürüb, halbuki İsrail bu müqaviləyə qoşulmaqdan imtina edir. İsrail və ABŞ-ın İrana hücumu bəlli problemin həlli istiqamətində hər hansı irəliləyişə səbəb olmadı, əksinə artıq İran danışıqlardan imtina edir və danışıqlara gedəcəyi təqdirdə daha sərt təkliflərlə çıxış edəcəyi istisna edilmir, digər tərəfdən İranın yer altındakı bunkerlərinə, o cümlədən nüvə reaktorlarına ciddi bir zərbə dəyməyib, belə olsa idi MAQATE bunu gizlətməzdi, İran ABŞ bombardmançı təyyarələrinin zərbələrinə qədər atom silahının yaradılması üçün əldə etdiyi 400 kq artıq zənginləşdirilmiş uranı gizlədə bilib. Deməli, Trampın qeyd etdiyi kimi ABŞ heç də məqsədlərinə çatmayıb, İran isə onunla güc dilində danışmaq istəyən tərəfllərə hansı hərbi güc və potensiala malik olduğunu bir daha numayış etdirdi”.
Politoloq İsrailin Dəmir Qübbəsi ilə baglı söylənilən fikirlərin gerçəkliklərdən uzaq olduğunun məlum olduğunu da diqqətə çəkib. Deyib ki, bu qübbə İsrailin hava məkanınının təhlükəsizliyini tam mənada təmin edə bilmədi, üstəlik ABŞ, Britaniya, Almaniya və Fransa tərəfindən İran dronları və ballistik raketlərinin bir hissəsi zərərsizləşdirilməsəydi İsrail daha böyuk dağıntılara məruz qalardı: “Müharibə göstərdi ki, İsrailin təkbaşına İranı məğlub etmək imkanları yoxdur. İranı dağıtmaq və ya mövcud rejimi devirmək üçün İrana olduqca böyuk sayda quru qoşunlarının müdaxiləsi lazımdır, İranın hərbi gücü, habelə potensialı, İran cəmiyyətinin monolitliyi və mövcud hakimiyyət ətrafında daha sıx və möhkəm birləşməsi inamı ətrafında isə bu ABŞ-a olduqca böyuk itki və tələfat hesabına başa gələ bilər. Belə ki, ABŞ-ın körfəzin ərəb ölkələrində, Səudiyyə, habelə BƏƏ də, o cümlədən İsraildə 40 mindən yuxarı hərbi kontingenti var və İran özünün ballistik raketləri ilə bu əraziləri, o cümlədən ABŞ hərbi bazalarını vurmaq imkanlarına malikdir.
Müharibə göstərdi ki, İranın Hörmuz boğazını baglamaq və ya nəzarətə almaq imkanları var, dünyanın əsas enerji terminalarından biri olan bu boğaz ətdafındakı gərginlik isə Avropanı keçən əsrin 70-ci illərində olduğu kimi enerji və deməli həm də, siyasi böhran faktı qarşısında qoya bilər”.
E.Mamafov onu da qeyd edib ki, müharibə ərəb və islam dunyasında Rusiyanın nüfuzunun artmasına səbəb oldu, zira İran özu üçün həlledici anda kömək üçün Rusiyaya muraciət etdi. Rusiya isə diplomatik məharəti, habelə uzaqgörənliyi hesabına tərəflərin hər biri ilə ünsiyyət imkanlarını saxlamaqla danışıqlarda vasitəçilik etmək üçün qapılarını açıq saxlayıb. ABŞ-dan fərqli olaraq tərəfkeşlik etməyib, hərçənd, İsraili də təcavuzə görə qınayıb və BMT TŞ-da Çin və Pakistanla yanaşı hərbi əməliyyatların dayandırılması üçün çağıırışlar edib.
Müharibə göstərdi ki, İranın nuvə arsenalı ilə baglı çağırışlar və buna görə də, onun nüvə reaktorlarının hədəfə alınması məsələnin görunən tərəfidir, burada ABŞ-ın İsrail vasitəsilə həyata keçirməyə çalışdığı layihə dəhlizlərə nəzarət uğrunda onun Çin və Rusiya ilə apardığı mübarizədir: “Çinin “Bir yol, bir kəmər” layihəsinə qarşı çıxdığını ABŞ İranın məlum limanlarına zərbələr endirməklə nümayiş etdirmiş oldu, digər tərəfdən ABŞ-da bilməmiş deyillər ki, İranın vurulması Çin üçün enerji təhlukəsizliyində ciddi problemlər yaşatmış olacaqdı. Zira, bu halda dünya bazarında neftin qiymətləri kəskin şəkildə artacaqdı, artıq 80 dollara çatmışdı. Hörmuz boğazının bağlanması isə neftin qiymətlərinin 200 dollara qədər qalxa biləcəyi ilə baglı proqnozlara səbəb olmuşdu. Çin isə hazırda neftin 1 barrelini İrandan 11-13 dollara alır və aydındır ki, neftin qiymətlərindəki sıçrayış ABŞ tərəfindən özünün əsas ticari rəqibi olan Çinin iqtisadiyyatına problemlər yaratmaq üçün düşünülmüşdü, bu məsələdə ABŞ-ı geri çəkilməyə məcbur edən əsas faktor hərbi sahədə onun əsas rəqibi olan Rusiyanın bu olaylardan maksimum faydalana biləcəyi ilə baglı məqamlar olmuşdu”.
Cavid