AİHM: Rusiya MH17 qəzasına və Donbas pozuntularına görə cavabdehdir Dünya

AİHM: Rusiya MH17 qəzasına və Donbas pozuntularına görə cavabdehdir

Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Malayziya Hava Yollarına məxsus təyyarənin 2014-cü ildə Ukraynada vurulması və həmin il ölkənin şərqində baş verən insan hüquqları pozuntularına görə Rusiyanı günahkar saydı.

AİHM-də Niderland və Ukraynanın Rusiya əleyhinə etdiyi 3 ayrı müraciət üzrə birgə iclas keçirildi. Məhkəmə, Malayziya Hava Yollarına məxsus təyyarənin 2014-cü ildə Ukraynada vurulması və həmin il Ukraynanın şərqində yerləşən Donbas bölgəsində baş verən insan hüquqları pozuntuları ilə bağlı Rusiyanı günahkar hesab etdi.

Məhkəmə Rusiyanı “döyüş şəraiti olmayan vaxtda ukraynalı mülki şəxsləri və hərbçiləri edam etmək”, “işgəncə vermək”, “mülki şəxsləri əsassız şəkildə köçürmək” və “dağıntı, talan və zorla əmlaka əl qoymaq” kimi cinayətlərdə məsuliyyətli saydı.

AİHM Moskva hökumətinə tapşırıq verdi ki, “Ukraynada Rusiya nəzarəti altında olan ərazilərdə və ya Rusiya qüvvələri tərəfindən işğal olunmuş bölgələrdə” saxlanılan bütün şəxsləri azad etsin və Ukraynadan Rusiyaya aparılmış uşaqların müəyyən olunması üçün beynəlxalq, müstəqil bir mexanizmin yaradılmasına dair əməkdaşlıq etsin.

Rusiyaya qarşı bu qərar AİHM-in 17 hakimdən ibarət Böyük Palatası tərəfindən qəbul edildi.

AİHM, 2014-cü ildə Malayziya Hava Yollarına məxsus MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin Ukraynada vurulması ilə bağlı Niderlandın və 2014-cü ilin mart ayından etibarən Donbas bölgəsində ukraynalı mülki şəxslərə qarşı “qanunsuz hərbi hücumlar”, “edam və işgəncələr” ilə bağlı Ukraynanın müraciətlərini 2023-cü ilin yanvarında qismən qəbul etmişdi.

Ukrayna həmçinin 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı da AİHM-ə müraciət etmişdi.

Hadisə

“MH17” reysi üzrə uçan təyyarə 17 iyul 2014-cü ildə, 283 sərnişin və 15 ekipaj üzvü ilə Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın hava məkanından keçərkən, Ukrayna-Rusiya sərhədinə 40 kilometr məsafədə vurulmuşdu. Təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu.

Niderland, Avstraliya, Belçika, Ukrayna və Malayziyadan ibarət Beynəlxalq Ortak İstintaq Qrupu (JIT), Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynada Rusiya ordusuna məxsus bir raketlə vurulduğunu müəyyən etmişdi.

Məryəm Quliyeva