Rusiya döyüşməyə əsgər tapmır Dünya

Rusiya döyüşməyə əsgər tapmır

Kreml Şimali Koreyaya möhtac qalıb

Rusiya Ukrayna ilə müharibədə gündə mindən çox canlı itki verir. Kreml əsgər qıtlığı ilə üzləşdiyindən başqa ölkələrə üz tutmaq məcburiyyətində qalıb. Bunlardan biri də Şimali Koreyadır. Şimali Koreyanın bu müharibədə Rusiyaya döyüşmək üçün nə qədər əsgər göndərdiyinin rəsmi statistikası yoxdur. Ukrayna tərəfinin bildirdiyinə görə, bu rəqəm 100 minə yaxındır. Son günlərdə CNN-nin məlumatına görə, Şimali Koreya Rusiya ordusuna dəstək üçün birbaşa daha 25 min nəfərlik ordu göndərməyə hazırlaşır.
Məlumata görə, bu ordu Ukraynanın təmas xəttində yerləşdiriləcək, əvəzində isə Rusiya əsgərləri hücuma keçəcəklər.
Ukrayna tərəfinin verdiyi məlumata görə, Rusiya tərəfindən vuruşan öldürülən və əsir götürülən muzdlular arasında koreyalılar da az deyil.
Yeri gəlmişkən, bu yaxınlarda Şimali Koreyanın dövlət televiziyası Şimali Koreya lideri Kim Çen İn Rusiyanın tərəfində Ukraynaya qarşı döyüşüb həlak olan koreyalı əsgərlərin xatirəsini yad edən zaman kədərləndiyi məlumatını verib.
Kanal Pxenyanda Kim Çenin öldürülən koreyalılardan birinin tabutunun üzərinə Şimali Koreya bayrağını qoyduğu mərasimin görüntülərini nümayiş etdirib.
Mərasimdə onu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.
Onu da qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında keçirilən görüşdə Kurskun işğaldan azad edilməsinə mühüm töhfə verən koreyalı əsgərlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində konkret addımların atılacağı müzakirə olunub. Hətta Şoyqu və Kim Çen İn Kursk vilayətinin bərpası perspektivlərini də müzakirə ediblər.
Hələ aprel ayında Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya, onun lideri Kim Çen İnə və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirib.
“Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissindən çıxış etdilər. Bunu yüksək qiymətləndiririk və şəxsən yoldaş Kim Çen İnə, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk. Rus əsgərləri ilə çiyin-çiyinə vətənimizi öz vətəni kimi müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığına, yüksək səviyyəli xüsusi hazırlığına və fədakarlığına hörmətlə yanaşırıq”, - Putin qeyd edib.
Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib ki, rusların cəbhədə itkiləri artsa da, düşmən qoşunlarının sayına ciddi təsir göstərmir.
“Onlar ayda 30 minə qədər insanı səfərbər edə bilirlər. Rusların gündəlik orta itkiləri 1250-dir. Yəni, bir ayda onların ümumi itkisi 5-6 mindir və bu, ordunun təxminən 1%-i deməkdir. Ordu üçün ayda 1% azalma elə də ciddi deyil. Amma onlar bir il əvvəlki qədər artmır. Artıq haqqında çox danışılan hücum hərəkətlərini həyata keçirmək üçün isə bunu artırmaq lazımdır”, - Getman bildirib.
Ekspertin fikrincə, rusların ordudakı əsgər sayını artırmaq yolları hələ tükənməyib:
“Onlar 160 min nəfəri hərbi xidmətə çağırıb. Çağırılanların yarıya qədəri ilə müqavilə imzalaya və cəbhə xəttinə göndərə bilərlər. Digər tərəfdən, muzdlu cəlbi üçün mükafatı artırmaları da mümkündür. Digər yol isə əcnəbilərə Rusiya vətəndaşlığının verilməsidir. Və təbii ki, bunlar Şimali koreyalı ola bilər”.
Xatırladaq ki, Cənubi Koreya ordusu Şimali Koreyanın yanvar və fevral aylarında Rusiyaya daha 3 min əsgər göndərdiyini açıqlayıb.
Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Pxenyan daha əvvəl Rusiyaya 11 minə yaxın əsgər göndərib, onlardan 4 mininin isə həlak olduğu və ya yaralandığı bildirilir.
Şimali Koreyanın Rusiyaya yaxın mənzilli ballistik raketlər, 220 ədəd 170 mm-lik artilleriya sistemi və 240 mm-lik raketatarlar da daxil olmaqla, hərbi texnika tədarükünü davam etdirdiyi qeyd olunub.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, Qərbin, habelə Ukraynanın kəşfiyyat qurumları yaxın perspektivdə Şimali Koreyanın Rusiyaya 25-30 min civarında hərbi qüvvə göndərə biləcəyi ilə bağlı məlumatları yayımlayıblar, konkret olaraq nüfuzlu CNN, Blomberq kimi nəşrlər, informasiya qurumları kəşfiyyat məlumatlarına istinad edərək belə xəbərlərlə çıxış ediblər. Bundan əlavə yer ətrafı peyklər vasitəsilə əldə edilmiş şəkillərdə koreya silahlılarının İL 76 təyyarələrində daşınması ilə bağlı təsvirlər var. Butunlukdə isə, tərəflər arasında hərbi əməkdaşlıq və qarşılıqlı yardım barədə müqavilə belə dəstəyin hüquq çərçivəsində göstərildiyini söyləməyə əsas verir: “Bu ilin aprelində Rusiya prezidenti Putin özü Kurskun azad edilməsində göstərdikləri rəşadət və qəhrəmanlığa görə Şimalı Koreya dövlətinə, onun ordusu və xalqına minnətdarlığını bildirmişdi. Bəzi məlumatlara görə Kurskun azad edilməsi uğrunda gedən döyüşlərdə Şimali Koreya özünün 4 minə yaxın hərbi qulluqçusunu itirib.
Müharibə itkilərlə müşahidə olunur və bu müharibədə hər iki tərəfin birlikdə götürüldükdə itkiləri 1 milyon nəfəri keçməkdədir və onların mütləq əksəriyyəti Ukrayna tərəfinin itkilərindən ibarətdir. Bunu bir muddət əvvəl İstanbul danışıqlarında tərəflərin əsirlərin, habelə dünyasını dəyişmiş hərbçilərin mübadiləsi ilə bağlı razılıqlar da göstərdi. Ukraynaya məxsus 6 mindən yuxarı meyitin müqabilində Ukrayna Rusiyaya 27 nəfərin qalıqlarını təhvil verirdi”.
Politoloq vurğulayıb ki, Qərb Şimali Koreyanın Rusiya tərəfində açıq şəkildə müharibəyə girməsindən narahat olduğunu bildirir. Halbuki Rusiyanın əsir götürdüyü hərbçilər arasında 50-dən yuxarı ölkənin vətəndaşları var, ümumiyyətlə, Ukrayna Beynəlimiləl Liqasında 54-dən yuxarı ölkənin vətəndaşlarından ibarət "könullulərin" vuruşmaları barədə təkzibolunmaz faktlar var. Rusiya müharibədəki itkilərini çox asanlıqla bərpa etmək imkanlarına malikdir. Halbuki Ukraynanın insani resurslarla müharibənin bir müddət də davam etməsinə duruş gətirə bilməyəcək. Zira Ukrayna və Rusiya fərqli insanı resurslara malikdirlər. ABŞ prezidenti Tramp Zelinskini Ag evdə qəbul edərkən bütün dünyanın gözu qarşısında "biz sizlərə hərbi avadanlıq və sursat verməsəydik siz iki həftəyə məğlub olardınız" ismarıcını Zelinskiyə çatdıranda o bundan xoşlanmamış və narazılığını gizlətməyə çalışmışdır. Halbuki,Tramp gerçəkliyə nəzər salmağı Zelinskiyə təklif etmiş və insan qırğınının qarşısının alınması üçün onu danışıqlara dəvət etmişdir. İndiyədək hərbi əməliyyatların davam etməsi isə rəsmi Kiyevin mövqeyi ilə bağlıdır. Avropa Birliyindəki havadarları və Brüssel bürokratiyası tərəfindən təhrik edilən Zelinski iqtidarı müharibəni Ukraynanın xeyrinə olacaq notlar üzərində başa çatdıracağına ümidlərini üzmür. Halbuki, Luqanskın ruslar tərəfindən alınması Şərqi Ukraynanın büsbütün Rusiya nəzarətinə keçməsi olmaqla yanaşı,Ukraynanın kömur sənayesi və metallurgiya bazasının da, Rusiyanın ixtiyarına keçməsi deməkdir. Bunlar isə Ukrayna UDM-nin 23%-nin onun əlindən çıxması anlamında qiymətləndirilir. Buna baxmayaraq, qlobalistlər sonuncu ukraynalıyadək bu qardaş qırğınının (hər iki tərəfdən tələf olanlar slavyanlar, habelə Rusiyanın türk və fin uqor mənşəli xalqlarıdlrlar) davam etdirilməsində və müharibənin uzadılmasına nail olmaqla Rusiyanın zəiflədilməsinə olan umidlərindən geri çəkilmək istəmirlər.
Şimali Koreyanın Rusiyaya dəstəyi isə onun Rusiya, Çin, İran, BRİKS-ə daxil olan digər bəlli dövlətlərlə yanaşı birqütblu dünya nizamının əleyhinə olması, qlobalistlərin yeni dünya nizamı və ya idarə olunan xaos nəzəriyyəsinin müddəaları ilə razı olmaması və alternativ dünya nizamına olan maraqlarından irəli gəlir”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, CNN nəşrinin məlumatına görə, 2024-cü ilin noyabrında artıq 11 min şimali koreyalı hərbçi Rusiyaya göndərilmişdi və onların bir qismi Ukraynanın Kursk istiqamətindəki hücumunu dəf etməyə yardımçı olmuşdu. Bu hərbçilərdən təxminən 4 mini ya həlak olub, ya da yaralanıb. 2025-ci ilin 18 mayında çəkilmiş peyk görüntülərində əvvəllər də hərbçilərin daşınmasında istifadə olunan bir gəminin Rusiya Federasiyasının Dunay limanında lövbər saldığı əks olunub. Həmçinin, 4 iyun 2025-ci il tarixli görüntülərdə Şimali Koreyanın Sunan hava limanında yük təyyarələrinin fəaliyyət göstərdiyi müşahidə olunub. Uçuş marşrutları da əsgər daşınmasının aktivləşdirildiyini göstərir. Təyyarələrin İL-76 modelləri olduğu ehtimal olunur – bu tip təyyarələr 2024-cü ilin hərbi daşınmalarında da istifadə edilmişdi: “Moskvanın Pxenyandan yeni əsgər tədarükü onu göstərir ki, Rusiyanın müharibədə itkiləri kifayət qədərdir. Ukrayna hücumdan əvvəl kifayət qədər pafoslu cümlələrdən istifadə edən Rusiya rəhbərliyi indi döyüşdürməyə əsgər tapa bilmir və rəqibləri qarşısında olduqca pis vəziyyətə düşüb. Rus hərbi komandanlığının səhvi səbəbindən ölkənin müharibədə itkiləri də kifayət qədərdir. Başqa bir məsələ odur ki, Rusiya faktiki müttəfiqsiz qalıb. Moskva özünün yaratdığı süni təşkilat KTMT üzvlərindən belə real dəstək ala bilmədi. Buna görə də İran və Şimalı Koreya kimi dünyadan təcrid edilmiş ölkələrə möhtacdır. Rəsmi Pxenyan Moskvaya bu yardımları məcburiyyət qarşında göndərir. Çünki Rusiyadan bu ölkəyə texnoloji, silah ehtiyatı və qida məhsulları gəlir. Ancaq bu proses uzunmüddətli ola bilməz. Çünki Rusiyaya əsgər yardımı həm Şimali Koreyanın öz müdafiə qabiliyyətini aşağı salır, həm də ölkənin demoqrafik inkişafına ciddi problemlər yaradır. Şimali Koreyadan əlavə hərbi qüvvələrin müharibəyə göndərilməsi Ukrayna üçün bəzi bölgələrdə çətinlik yarada bilər. Hazırda Luqansk cəbhəsində vəziyyət gərgindir. Ehtimal ki, Rusiya koreyalı əsgərlərdən əsasən bu istiqamətdə istifadə edəcək. Ukraynaya yardıma heç bir ölkəni yaxın buraxmayan rəsmi Moskva özü üçüncü tərəfi müharibəyə cəlbə etməklə həm özünün gücsüzlüyünü ortaya qoydu, həmdə beynəlxalq hüququ heçə saydığını hamıya göstərmiş oldu”.

Cavid