

Əfşar Süleymani: “İran İsrailə məqsədinə çatmasına imkan vermədi”
İsraillə İran arasında şifahi şəkildə atəşkəs razılığı əldə edilsə də tərəflər dinc dayanmır. Fürsət düşdükdə qarşılıqlı hədə-qorxular, hətta yenidən hücumun ola biləcəyi söylənilir. Bu daha çox hücum hədəsi İsrail tərəfindən gündəmə gətirilir.
Xatırladaq ki, İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi dövlət televiziyasına açıqlamasında deyib ki, axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik.
İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Tehran ABŞ-la danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.
“Biz danışıqların bərpasında problem görmürük. Bu proseslə bağlı müəyyən şərtlər var. ABŞ-a necə yenidən etibar edə bilərik? Əgər danışıqlara qayıtsaq, İsrailin bizi bir daha vurmasına icazə verilməyəcəyinə necə əmin ola bilərik?” - prezident deyib.
ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə bildirib ki, ABŞ-İran danışıqları böyük ehtimalla gələn həftə baş tutacaq.
"Bu görüş çox yaxında baş tutacaq. Ola bilsin, gələn həftə", - o deyib.
ABŞ Prezidenti Donald Tramp da öz növbəsində İranın “görüş xahiş etdiyini” bildirib və danışıqların nəyisə kağız üzərində qoymaqla nəticələnəcəyi təqdirdə, “bu, yaxşı olardı” - deyib. Amerika liderinin sözlərinə görə, İslam Respublikası ilə danışıqlarda o qədər də xüsusi məna görmür, çünki ABŞ onun nüvə proqramını məhv edib.
"Bu baş verəndə (ABŞ İranın nüvə obyektlərinə zərbələr endirəndə - red.) mən müzakirələrin nədən ibarət olduğunu soruşdum. Düşünürəm ki, onların bizə hörməti var, İsrailə də hörməti var. Onlar görüşmək istəyirlər, biz də görüşəcəyik", - Tramp əlavə edib.
ABŞ rəhbəri həmçinin bildirib ki, Vaşinqton çətin ki, yenidən İrana qarşı hərbi güc tətbiq etsin. "Ümid edirəm, biz bunu etmək məcburiyyətində qalmayacağıq. Təsəvvür edə bilmirəm ki, biz bunu etmək istəyəcəyik", - ABŞ Prezidenti qeyd edib.
İsrail isə İranın nüvə silahı hazırlamaq iddiasından əl cıkməyənədək onun hədəfdə olacağını deyib.
“Axios” iki mənbəyə istinadən məlumat yayıb ki,
Tehran nüvə proqramını başlatmağa cəhd edərsə, İsrail İranla yenidən müharibəyə başlayacq. Ölkə bu məsələdə ABŞ-ın dəstəyinə ümid edir.
Nəşrin məlumatına görə, Ağ Evdə şam yeməyi zamanı Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu nüvə proqramı ilə bağlı gələcək addımları müzakirə ediblər. İsrail rəsmilərinin sözlərinə görə, onların baş naziri nüvə danışıqları üzrə mövqeləri koordinasiya etməyə və hərbi zərbələrin bərpası üçün mümkün ssenariləri nəzərdən keçirməyə çalışır.
Netanyahunun baş müşaviri Ron Dermer qapalı brifinqlərdə Vaşinqtona səfəri zamanı Tramp administrasiyasının müəyyən şərtlər daxilində İrana yeni zərbələri dəstəkləməyə meylli olacağı təəssüratının olduğunu bildirib. Mümkün səbəblərdən biri Tehranın zədələnmiş nüvə obyektlərindən yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq cəhdi ola bilər.
İranın xarici işlər naziri Abbas Araqçi BRICS sammitinin Rio-de-Janeyroda keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.
Onun sözlərinə görə, İran İslam Respublikasının nüvə proqramı hər zaman dinc məqsədli olub və Beynəlxalq Atom Enerjisi Agentliyinin ən ciddi nəzarəti altında həyata keçirilib.
İranın xarici işlər naziri Abbas Araqçı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammitində deyib ki, ABŞ və İsrailin inkişaf etməkdə olan, qeyri-nüvə dövləti İrana qarşı son təcavüzünün dünya sülhünün gələcəyinə dərin təsirləri olacaq.
"İsrail rejiminin İrana qeyri-qanuni hücumu BMT Nizamnaməsinə zidd olan təcavüz aktıdır. Bu qanunsuz hücumlar 6000-dən çox günahsız insanın ölümünə və yaralanmasına, infrastrukturumuza və nüvə obyektlərimizə ziyan vurub.Bu təcavüz diplomatiya və qanunun aliliyinə ölümcül zərbə vurdu",- o bildirib.
O, qeyd edib ki, İran nüvə proqramı üzrə danışıqları davam etdirməyə hazırdır, lakin ABŞ böhranın sülh yolu ilə həllində səmimi maraq nümayiş etdirməlidir.
"İran hələ də diplomatiyada maraqlıdır, lakin gələcək dialoqa şübhə etmək üçün əsaslı səbəblərimiz var. Əgər bu problemi dostcasına həll etmək istəyi varsa, o zaman ABŞ ədalətli razılaşmaya səmimi hazır olduğunu nümayiş etdirməlidir. Vaşinqton da bilməlidir ki, onun son həftələrdəki hərəkətləri vəziyyəti dəyişib", - deyə XİN rəhbəri bildirib.
Mövzu ilə bağlı qəzetimizə danışan İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib ki, İsrailin İrana məlum hərbi təcavüzünə başqa prizmadan yanaşmaq lazımdır. Ona görə ki, İsraili yalnız ABŞ və Qərb dəstəklədi, başqa ölkələr dəstəkləmədi, əksinə İrana hücuma görə onu qınadılar. Amma texniki baxımdan İranın xeyrinə bir iş görmədilər. İsrailin İrana hücumu yəni beynəlxalq ruha, qəbul edilən beynəlxalq qanunlara, BMT-nin əsasnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə, 39-cu maddəsinə zidd idi: “Amma İran dəstəklənmədi, baxmayaraq ki, güc imkanları bərabər deyildi, İsrail ABŞ-ın dəstəyini qazandı, amma bu hücumla istəyinə tam çatmadı. Baxmayaraq ki, ABŞ bütünlüklə İsrailə hərbi yardım edib. İsrailin məqsədi İranda hakimiyyətlə xalq arasında qarşıdurma yaratmaq, hətta rejim dəyişikliyinə nail olmaq idi. İranın atom silahı yaratmaq istəyini bəhanə edib ona hücum etməklə hakimiyyət çevrilişinə, dəyişikliyinə nail olmaq məqsədi vardı. Düzdür, məlum müharibədə İsraillə müqayisədə İran böyük itkilər verdi, amma İsrailə məqsədinə çatmasına imkan vermədi”.
Ə.Süleymani onu da vurğulayıb ki, İsrailin İrana raket hücumu nəticəsində İranın nüvə potensialının tam şəkildə məhv edilməsi deyildiyi kimi deyil: “Düzdür, İsrail İranın nüvə obyektlərini hədəfə aldı, sıradan çıxanlar da var, amma tam şəkildə yox. İranın Xarici İşlər Nazirliyinin sözçüsü də bəyan edib ki, nüvə obyektlərinin heç də hamısı sıradan çıxarılmayıb. İran vaxtında ABŞ-a deyib ki, o, nüvə silahı əldə etmək istəmir. İran açıq şəkildə bəyan edib ki, nüvə silahı əldə etməyə can atmır, nüvə enerjisini dinc məqsədlər üçün istifadə etmək istəyir, hətta ABŞ-la bu məsələ ilə bağlı istənilən sənədi imzalamağa hazır olduğunu dilə gətirib. Amma Tramp və Netanyahunun riyakarlığı nəticəsində İrana hücum edildi. Məlum danışıqlara bir neçə gün qalmış İsrail İrana raket zərbələri endirdi, danışıqların necə bitəcəyini gözləmədi. Tramp da bəyan etdi ki, iki həftə vaxt verirəm, gözləyək. Amma iki gündən sonra o da İsrailə dəstək olaraq İrana hücum etdi. Ziyan dəyib, amma nə qədər, o araşdırılmalıdır”.
İranın MAQATE ilə əməkdaşlığını dayandırmasına gəlincə, sabiq diplomatın fikrincə, görünür qarşı tərəfə yanlış məlumat verilib. İran MAQATE-nin mövqeyini ədalətsiz adlandırıb. Amma bu məsələdə MAQATE İrana tam mənada kənarda saxlamayıb.
Ə.Süleymani son günlər İsrailin yenidən İranı hədəfə ala biləcəyi ilə bağlı bəyanatlarına da münasibət bildirib. Deyib ki, İsrailin yenidən İrana raket zərbələri endirəcəyini inanmır: “İsrail özü gördü ki, İran da ona ağır cavab zərbələri endirib, zərərin çoxu gizlədilir. İsrailin İranda hakimiyyət dəyişikliyi etməsi ürəyində qaldı. Düşünmürəm ki, İsrail İranla yenidən açıq müharibə aparsın. Arada ola bilər münaqişə yaransın, amma müharibə olmayacaq. İran ABŞ-la danışıqlar aparmalıdır, müəyyən razılaşmalar əldə etməlidir. Bir növ İran ABŞ-la birbaşa münaqişəyə girməməlidir, Vaşinqtonun İsraildən uzaqlaşdırmaqdır. İranın xarici siyasətində bəzi boşluqlar var ki, onlar danışıqlar vasitəsilə dolmalıdır.
Tramp və Rubio deyib ki, İranla yenidən danışıqlara hazırdırlar. Amma İran tərəfindən bu təsdiqlənməyib. Danışıqlar mütləqdir. Tramp İranın Çinə neft satışına maneəni aradan qaldırıb, bu yaxşı gedişdir. Fikrincə, İran bu mövqelərdən istifadə etməlidir”.
Cavid