
Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşıb.
Noyabrın 24-də Bakıda TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı olub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.
Forum çərçivəsində 2 panel müzakirəsi keçirilib. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunub.
İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olub. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır. Noyabrın 25-də forum işini Naxçıvan şəhərində davam etdirib. TDT-nin tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevrilib. Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin dünya müsəlmanlarının 60%-nin yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.
Naxçıvanda forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunub. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olub. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq. Forumda birgə bəyanat qəbul olunub.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev 2025-ci il noyabrın 23-də Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndə heyətinin Azərbaycana səfərini türk dünyasında ictimai diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib. O, qeyd edib ki, bu səfər sadəcə rəsmi tədbir formatı deyil, türk məkanında QHT-lərarası əməkdaşlığın institusional əsaslarının formalaşdırılması baxımından strateji hadisədir. TDT-nin son illər inkişaf trayektoriyası artıq göstərir ki, təşkilat təkcə dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir: “Məhz bu səbəbdən QHT-lərin Bakıya səfəri türk inteqrasiyasının siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir.
Noyabrın 24-də Bakıda keçirilən açılış mərasimi və panel müzakirələri türk coğrafiyasında həmrəylik gündəminin çeviklik və məzmun baxımından genişləndiyini nümayiş etdirib. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” paneli xüsusi əhəmiyyət daşıyır, çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, türk dünyasının mədəni, humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan–Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu isə Xəzər hövzəsində sosial-dövlət və cəmiyyət–cəmiyyət əlaqələrinin yeni institutlaşma mərhələsini formalaşdırır. Bu iki istiqamət birlikdə QHT sektorunun regional proseslərdə daha aktiv, analitik və koordinasiyalı rol alacağını göstərir”.
Ə.Nuriyevin fikrincə, səfərin ən mühüm mərhələsi 25 noyabrda Naxçıvanda keçirilən iki tədbirdir. Burada Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İlk dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı fəaliyyətin uzunmüddətli planlaşdırılması, tematik işçi qruplarının yaradılması, regional layihələrin sinxronlaşdırılması və vahid mövqelərin formalaşdırılması üçün mexanizm meydana çıxır. “WUF13-ə doğru – Türk dünyasında ilk” paneli isə türk ölkələrinin qlobal urbanizasiya və dayanıqlı inkişaf məsələlərində BMT səviyyəsində fəal iştirak potensialını artırır: “Bu səfər Azərbaycan üçün də çoxplanlı nəticələr yaradır. İlk növbədə, ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir. Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir. Zəngəzur dəhlizinin humanitar ölçüsünün məhz Bakıda müzakirə edilməsi Azərbaycanın türk dünyasının birləşdirici ideya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan–Qazaxıstan əməkdaşlıq formatı, Naxçıvanda təsis konfransı, QHT diplomatiyasının yeni institusional xəritəsi ölkəmizi türk regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir.
Türk QHT Platformasının yaranması gələcək onillik üçün geniş imkanlar açır. Regional analitik bazanın formalaşması, böhran situasiyalarında humanitar koordinasiya, gənclər, media, sosial siyasət və ailə institutu sahələrində vahid şəbəkələrin qurulması, QHT sektorunun Avropa platformalarında daha güclü təmsil olunması və rəqəmsal QHT ekosisteminin inkişafı bu imkanların önündə dayanır. Bu həm də Azərbaycan QHT-ləri üçün yeni məsuliyyət yaradır. İnstitusional dayanıqlığın möhkəmləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılması, layihə menecmenti və monitorinq bacarıqlarının regional standartlara uyğunlaşdırılması zərurəti meydana çıxır.
Beləliklə, 23–25 noyabr səfəri təkcə bir forum deyil türk dünyasının sosial arxitekturasının qurulmasına yönəlmiş strateji prosesdir. Azərbaycan bu prosesdə mərkəzləşdirici rol oynayır, TDT isə dövlətlər koalisiyasından cəmiyyətlər koalisiyasına doğru inkişaf edir. Türk QHT Platformasının Naxçıvanda təsis edilməsi türk dünyasının ictimai diplomatiya tarixində yeni mərhələnin əsasını qoyur və türk coğrafiyasının gələcək onillik üçün sosial inteqrasiya xəritəsini müəyyənləşdirir”.
“Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəylinin fikrincə, TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu bir neçə istiqamət üzrə mühüm strateji, ictimai və institusional əhəmiyyət kəsb edir. Forum müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyətlərini bir araya gətirərək dövlətlərarası münasibətlərə vətəndaş cəmiyyətinin, ictimai sektorun dayağı rolunu oynayır.
İctimai birlik sədri deyib ki, Azərbaycan son illərdə Türk coğrafiyasında bütün parametrlər kimi vətəndaş cəmiyyəti sahəsində də təşəbbüskarlığı ələ alıb, prosesin lokomotivi rolunu oynamağa başlayıb: “Bu sırada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Agentliyin təşkilatçılığı ilə Özbəkistana səfər etməsi, bunun ardınca Qazaxıstan qeyri-hökumət təşkilatları ilə birgə tədbirin keçirilməsi həmrəylik forumuna doğru atılan uğurlu addımların tərkib hissəsi idi. Forum kifayət qədər məhsuldar, gələcəkdə müxtəlif sahələri əhatə edən birgə əməkdaşlıq imkanları baxımından kifayət qədər əhəmiyyətlidir. Ən əsası forum yeni tərəfdaşlıqlar yaradılmasına, birgə layihələr, qrant proqramları, təcrübə mübadilələrinin həyata keçirilməsinə zəmin yaratmış olacaq. Bu, QHT-lərin institusional güclənməsinə və daha dayanıqlı əməkdaşlıq mexanizmlərinə gətirib çıxaracaq”.
Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, Türk dövlətləri arasında ortaq kimlik və dəyərlərin qorunması üçün gənclər QHT-lərinin iştirakı xüsusi əhəmiyyət daşıyır və Forum bu istiqamətdə təşkilatların daha aktiv rol almasına təkan verə bilər: “QHT-lərin birgə fəaliyyətləri informasiya mübadiləsini də artırmış olur. Əgər son illərin statistikasına nəzər yetirsək görərik ki, Azərbaycanın çoxsaylı QHT rəhbərinin müxtəlif mövzularla bağlı məqalələri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media resurslarında işıq üzü görüb. Bu da öz növbəsində həm informasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir, həm də türk ölkələrinin media-ictimai sektor əlaqələrini genişləndirir”.
Cavid