
Bu ilin noyabr ayında ölkəmizdə havaların gözləniləndən xeyli isti keçməsi diqqət çəkir. Hazırda Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə temperatur normadan yüksəkdir və mülayim hava şəraiti davam edir. Sinoptik amillər, o cümlədən cənubdan hərəkət edən isti hava kütlələri və cənub-şərq küləkləri, havanın belə keçməsində əsas rol oynayır.
Havanın normadan isti keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər. Payızlıq bitkilərin – buğda və arpanın – cücərməsi üçün mülayim temperatur əlverişli şərait yaradır və onların qışa daha inkişaf etmiş kök sistemi ilə daxil olmasını təmin edir. Eyni zamanda həddindən artıq isti hava bəzi riskləri də artırır: bitkilərin şaxtaya davamlılığı azalır, su ehtiyatları formalaşması çətinləşir və zərərvericilər daha uzun müddət aktiv qalır.
Buna paralel olaraq, insan sağlamlığı da havanın normadan isti keçməsindən təsirlənə bilər. Havanın düzgün keçməməsi meteohəssas şəxslərdə təzyiq dəyişikliklərinə, mədə-bağırsaq sistemi problemlərinə və allergik reaksiyalara yol aça bilər.
Bu mövzu ilə bağlı kənd təsərrüfatı və sağlamlıq sahəsində fəaliyyət göstərən ekspertlər artıq öz fikirlərini açıqlayıblar və mövcud vəziyyətin yaratdığı risklər və imkanlar barədə məlumat veriblər.
“Noyabrda temperatur normadan yüksəkdir”
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda Bakıda, Abşeron yarımadasında və ölkənin bölgələrində sabit, mülayim hava şəraiti davam edir. Sinoptik amillərlə bağlı temperaturun yüksəlməsi xüsusilə son günlərdə nəzərə çarpır.
Onun sözlərinə görə, hazırkı vəziyyət cənubdan hərəkət edən isti hava kütlələri və cənub-şərq küləklərinin təsiri ilə formalaşır:
Bu axınlar havanın mülayim keçməsinə və temperaturun normadan yüksək olmasına səbəb olur.Bakıda və Abşeron yarımadasında maksimal temperatur 22 dərəcəyədək, bölgələrdə isə 25 dərəcəyədək yüksəlib. Noyabrın ötən dövründə orta temperatur iqlim normasından 3.9 dərəcə artıqdır və ayın 21 günü normanı üstələyib.Çoxillik müşahidələr əvvəlki illərdə də buna bənzər isti noyabr günlərinin qeydə alındığını göstərir. 2023-cü ildə Bakıda və Abşeronda 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti müşahidə olunmuşdu.
Ölkə ərazisində müşahidə olunan hazırkı mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".
Noyabr ayında havanın normadan isti keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər. İsti hava payızlıq buğda və arpanın cücərməsi üçün əlverişli şərait yaradır, torpaqda istilik rejimi yaxşı olur və bitkilər qışa daha inkişaf etmiş kök sistemi ilə daxil olurlar. Bu, yazda onların inkişaf potensialını artıra bilər.
“İsti hava təhlükəlisi”
Həkim-terapevt Etibar Süleymanov diqqətə çatdırıb ki, hazırda havaların dəyişkən və mövsümə uyğun keçməməsi bir çox insan üçün risk yarada bilər.
Onun fikrincə, havanın normadan isti keçməsi ətraf mühitdəki mikrobların inkişafına səbəb ola bilər: "Meteohəssas şəxslərdə təzyiqin oynaması, mədə-bağırsaq sistemi riskli olanlarda mədə xoralarının və allergik xəstəliklərin artması mümkündür. Havanın düzgün geyinilməməsi ilə əlaqədar tərləmə və soyuqlama halları da xəstəlik riskini artırır”.
“İsti hava – həm fürsət, həm risk”
İqtisadçı ekspert Akif Nəsirli vurğulayıb ki, temperaturun yüksək olması həm də risklər yaradır: “Həddindən artıq isti hava bitkinin vegetativ inkişafını normadan çox artırır. Kəskin soyuqlar düşdükdə zəifləmiş bitkilərin şaxtaya davamlılığı azalır, zədələnmə riski yüksəlir. Eyni zamanda su ehtiyatlarının formalaşmasına təsir edir, qar yağışı azalır və ya tez əridir ki, bu da yaz üçün su qıtlığı riskini artırır. Havanın isti keçməsi həmçinin zərərvericilər və xəstəliklərin inkişafına əlverişli şərait yaradır. Payızda soyuq olmadığı üçün zərərvericilər uzun müddət aktiv qalır, bu da yazda populyasiyanın kəskin artmasına səbəb olur”.
Ekspert qeyd edib ki, noyabrın normadan isti keçməsi bir tərəfdən payızlıqların başlanğıc inkişafını yaxşılaşdırsa da, digər tərəfdən qış təhlükələrini, su qıtlığı riskini və zərərverici təzyiqini artırır.
Günel Elxan