Min illik kitabxanada böcək istilası: 100 min kitab xilas edilməyə çalışılır Dünya

Min illik kitabxanada böcək istilası: 100 min kitab xilas edilməyə çalışılır

Macarıstandakı Pannonhalma Başrahibliyi min illik tarixi ilə ölkənin ən qədim kitabxanasına ev sahibliyi edir. Lakin bu kitabxana hazırda mədəni irsi məhv etmək potensialına malik kiçik bir təhdidlə üz-üzədir: əczaxana böcəyi (digər adı ilə “çörək böcəyi”) istilası.

Xalqcebhesi.az xəbər verir ki, təxminən 100.000 cild əl yazması kitab bərpa qrupları tərəfindən tək-tək rəflərdən endirilir və xüsusi qutulara yerləşdirilir. Bu proses, kitablara zərər verən böcəkləri məhv etməyə yönəlmiş dezinfeksiya mərhələsinin ilk addımıdır.

Böcəklər yapışqanlara yönəlir

Adətən quru ərzaqlarda (un, taxıl, ədviyyat) rast gəlinən bu kiçik qəhvəyi böcəklər eyni zamanda kitab cildlərində istifadə olunan jelatin və nişasta əsaslı yapışqanlara da maraq göstərir. İstila, 400.000 cildlik kolleksiyanın təxminən dörddə birinin saxlandığı bölmədə aşkarlanıb. Baş bərpaçı Zsófia Edit Hajdu deyib: “Böcəklər bir neçə bölmədə görüldü, amma artıq bütün kolleksiya yoluxmuş sayılır. Bu səviyyədə bir istilanı daha əvvəl heç vaxt görməmişdik.”

İstila kitabxanada aparılan adi bir təmizlik zamanı aşkar edilib. Rəflərdə qeyri-adi bir toz təbəqəsi görülüb və bəzi kitab cildlərində dəliklər müşahidə olunub. Kitablar açıldıqda səhifələrdə də tunel izləri aşkarlanıb.

Oksigensiz mühitdə həftələrlə davam edəcək mübarizə

Kitablar tamamilə oksigeni çıxarılmış böyük plastik torbalara yerləşdirilərək saf azot qazı içində təxminən 6 həftə saxlanacaq.

Bu prosesin sonunda böcəklərin tamamilə məhv ediləcəyi gözlənilir.
Hər bir kitab yenidən rəfə yerləşdirilməzdən əvvəl tək-tək yoxlanacaq, vakuumla təmizlənəcək və zədələnmişsə bərpaya alınacaq.

Məryəm Quliyeva