20:30
350
“Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlər kilsə üzərinə təzyiqləri təsadüfi deyil və proses birbaşa baş katolikos II Qareginin nüfuzunun zəiflədilməsinə yönəlib”.
Bunu politoloq Zeynal Əmrəliyev xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyəti II Qaregin və onun ətrafını hədəfə almaqda davam edir: “Səbəb kilsənin faktiki olaraq hökumətə qarşı müxalif mövqedə dayanması və siyasi proseslərdə aktiv rol oynamasıdır. Əmrəliyev qeyd edib ki, hökumət kilsəni siyasətdən uzaqlaşdırmaq, həmçinin II Qaregini rəhbərlikdən kənarlaşdırmaq üçün ciddi təzyiq mexanizmləri işə salıb. Bu səbəbdən dekabr ayında keçiriləcək toplantı kilsə rəhbərliyi üçün xüsusi əhəmiyyət daşıyır. II Qaregin bu qurultay vasitəsilə həm öz avtoritar nüfuzunu yeniləmək, həm də Paşinyan hökumətinə qarşı mövqeyini gücləndirmək niyyətindədir. Toplantıda onu dəstəkləyən din xadimlərinin və hökumət əleyhdarı qrupların sərt açıqlamalar verməsi gözlənilir. Qarşıdurmanın dərinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın geosiyasi kursunun dəyişməsi ilə bağlıdır. Paşinyan Qərbə inteqrasiyanı sürətləndirir, Avropa İttifaqı ilə müqavilələr imzalayır, KTMT və Avrasiya İqtisadi Birliyindəki iştirakını isə dondurub. Bu isə həm Moskvada, həm də onun təsir dairəsində olan institutlarda ciddi narazılıq yaradıb”.
Politoloqun sözlərinə görə, Rusiya bu prosesə qarşı kilsə, vətəndaş cəmiyyəti qurumları, müxalifət qrupları və Sanvel Karapetyan kimi fiqurların rəhbərlik etdiyi yeni hərəkat vasitəsilə təsir göstərməyə çalışır: “Ermənistanda qarşıdan gələn parlament seçkiləri son illərin ən kritik siyasi hadisəsidir və hazırda bu qarşıdurma məhz həmin seçkilər ərəfəsində daha da kəskinləşir”.
Günel Elxan