Almaniyada rus seçicilərdən ehtiyatlanırlar Dünya

Almaniyada rus seçicilərdən ehtiyatlanırlar

Almaniyada gələn ay seçkilərə hazırlaşan siyasi partiyalar sovet kökənli 2 milyon seçicinin diqqətini çəkməyə çalışırlar. Onlar rus təbliğatının səsləri dəyişə biləcəyindən narahatdırlar. Bu haqda "Reuters" informasiya agentliyinin əməkdaşı Andrea Shalal yazır. Həmin seçicilərin səsi uğrunda ən çox ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) Partiyası mübarizə aparır. Bu partiyanın siyahısında altı rus-alman namizəd var və liderləri son həftələr rus icmasıyla görüşlər keçirib.
Müəllif yazır ki, 24 sentyabr seçkisinə bu dəfə rekord sayda rus-alman namizəd gedir. Bura sosial-demokratlar, mühafizəkarlar və digər partiyalardan namizədlər daxildir. Bir neçə il öncə rus kökənli bircə təmsilçi vardı – kansler Angela Merkelin Xristian Demokrat (CDU) Partiyasının üzvü Heinric Zertik.
Hazırda Almaniyada Rusiya və keçmiş Sovet İttifaqına bağlı 3 milyon şəxs yaşayır. Onların əcdadları 300 il öncə buraya köçüblər. Ancaq iki dünya müharibəsindən sonra təqib, işgəncə və sürgünlə üzləşiblər. Bu ölkənin rus əhalisi ötən ilin yanvarında diqqət mərkəzinə gəldi. Təxminən 10 min nəfər küçələrə çıxaraq 13 yaşlı almaniyalı rus qızın guya miqrantlar tərəfindən zorlanmasına etiraz etdi. Sonradan alman polisi bu xəbəri "saxta" adlandırdı. Ancaq o zaman bu qədər rusun sosial media vasitəsiylə səfərbər olması onların Rusiyanın təsiriylə hərəkətə gəlməsi sarıdan əndişə yaratdı.
Qərb kəşfiyyat rəsmilərinin fikrincə, Moskva sosial media, RT və "Sputnik" media orqanlarının genişlənməsi və peyk yayımları vasitəsiylə Rusiyaya qoyulan sanksiyalara meydan oxuyur. Sanksiyalar Ukraynanın Krım vilayətinin ilhaqından sonra qoyulub.
Aleksndr Reiser 1996-cı ildə Rusiyadan Almaniyaya köçüb və Berlinin Marzan ərazisində rus-alman dəstək qrupu yaradıb. O deyir ki, saxta zorlama xəbərinə qarşı çıxandan sonra rusiyalı trollar sosial şəbəkədə onun saxta hesabını yaradıblar. Deyir, saxta profilin "Odnoklassniki" şəbəkəsindən çıxarılmasına bir ilədək vaxt sərf edib. Həmin profildə onun homoseksual olduğu iddia olunurdu. Reiserin sözlərinə görə, Merkel və son iki ildə Almaniyaya gələn bir milyondan çox qaçqın barədə Rusiya mediasında xeyli mənfi məlumat yayılır və bu da almaniyalı rusları qıcıqlandırır. "İcmanın ən böyük narahatlığı qaçqınlardır. Bu təsvirlər Rusiya televiziyasından gəlir və onlar deyirlər ki, ölkə… daşır və indi də Yaxın Şərqdən bu "barbarlar" gəlirlər", – o deyir.
"Reuters" yazır ki, AfD də eyni mesajı verməklə yerli seçkilərdə uğur qazana bilib. 16 əyalət parlamentindən 13-də iştirak edən AfD bu il federal parlamentə keçməyi hədəfləyir. Duysburq Universitetinin professoru Achim Goerres-in fikrincə, almaniyalı ruslar Merkelin CDU partiyasından uzaqlaşır və onların AfD-yə dəstəyi 15-20 faizə çata bilər.
Berlində bir beyin mərkəzinin rəhbəri olan Ricard Hilmer deyir ki, almaniyalı rusların böyük partiyaların nəticələrinə çətin təsiri olsun, ancaq daha kiçik partiyalar onların səsindən yararlana bilər. "Rus-alman icması… özəlliklə AfD kimi kiçik partiyaların bəzi regionlarda nəticələrinə təsir göstərə bilər", – o deyir. Ancaq Merkel də almaniyalı rusların dəstəyini qazanmağa çalışır. O, mayda rus-alman qrupların liderləriylə görüşüb və partiya onların digər almanlardan az olan təqaüdlərini artırmağa boyun olub.