“Qqlobal savaş başlaya bilər”-ŞƏRH Dünya

“Qqlobal savaş başlaya bilər”-ŞƏRH

ABŞ istehsalı olan uzaqmənzilli taktiki raketlərin Ukraynaya verilməsinin münaqişəni daha da gərginləşdirə biləcəyi bildirilir. Bu raketlər yüksək dəqiqlikli zərbələr endirmək üçün nəzərdə tutulub və lazım gəldikdə nüvə başlığı daşımaq imkanına malikdir.

Bunu hərbi ekspert Ramil Məmmədli Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.

Ramil Məmmədli qeyd edib ki, Bu raketlər yalnız ixtisaslaşmış amerikalı operatorlar tərəfindən tətbiq olunur: "Onların istifadəsi ciddi texniki və əməliyyat tələbləri tələb edir. Hazırkı şəraitdə Ukraynanın bu sistemləri qısa müddətdə tam mənimsəyib operativ şəkildə istifadə etməsi real görünmür.
Belə silahların tədarükü Rusiya tərəfindən artıq kəskin şəkildə pislənib və bu addım müharibənin gedişatını köklü şəkildə dəyişə bilər. Amerikalıların vasitəsilə belə raketlərin Rusiyaya qarşı tətbiqinə başlanması eskalasiyaya yol açaraq münaqişəni daha iri miqyaslı hərbi əməliyyatlara çevirə bilər.
Bu proses Qərb və Şərq arasında daha sərt qarşıdurma mühitini formalaşdıra bilər. Bu, sadəcə hərbi mərhələ deyil — geosiyasi və diplomatik fəsadlar da yaradar. Yeni hərbi bloklaşmalar, qarşılıqlı təzyiqlər və cavab addımları vəziyyəti nəzarətdən çıxara bilər".
Ekspert hesab edir ki, həssas raketlərin Ukraynaya verilməsi eskalasiya riskini yüksəldir və sülhə nail olmaq üçün diplomatik imkanları daraldır: “Sülh istiqamətində atılacaq addımlar məsuliyyətli və çoxtərəfli formatda olmalıdır. Əks halda müharibə dayandırılmaq əvəzinə daha geniş miqyas ala bilər. ABŞ-ın müdafiə rəhbərliyinin sərt ritorikası və silah tədarükü birgə qiymətləndirildikdə, bu, regionda vəziyyəti daha da kəskinlədir.Bu, Rusiya ilə Qərb arasında aqressiv hərbi dinamikanı dərinləşdirə və münaqişənin statusunu dəyişdirə bilər".

Günel Elxan