

Türkiyə Qətər ilə hərbi və hərbi-texniki sahədə, eləcə də enerji sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə əmirliyə səfəri zamanı keçirdiyi görüşdə bildirib.
"Görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Qətər arasında hərbi, müdafiə sənayesi, enerji, ticarət və investisiya daxil olmaqla bir çox sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi arzusunu ifadə edib", - Türkiyə liderinin kommunikasiyalar idarəsinin səfərin yekunlarına dair bəyanatında deyilir.
Ərdoğan Türkiyə ilə Qətər arasındakı strateji tərəfdaşlığın regional və qlobal sabitliyə mühüm töhfə verdiyini də bəyan edib.
Qəzza zolağındakı vəziyyətdən danışan Türkiyə prezidenti qeyd edib ki, Fələstin-İsrail münaqişəsindən yeganə çıxış yolu iki dövlət prinsipidir. O, ölkəsinin bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadakı yenidənqurma prosesini dəstəkləyəcək və bu çərçivədə Qətərlə enerji, nəqliyyat və humanitar yardım kimi sahələrdə əməkdaşlıq edəcək.
Məryəm Quliyeva