13:53
770
“Diplomatik danışıqlardan əlavə olaraq təəssüflər olsun ki, Ukrayna və Rusiya arasında qanlı toqquşmalar davam edir. Xüsusilə Rusiyanın son dövrlərdə daha da aktivləşdiyini görürük. Pokrovskda əldə etdiyi uğurlardan sonra rus ordusunun daha iştahla Ukraynaya hücum etdiyinin şahid oluruq. Şübhəsiz ki, böyük itkilər hesabına olsa da, Rusiyanın şərq vilayətlərində bir sıra uğurlar əldə etdiyini və bir sıra nöqtələri ələ keçirdiyini görürük”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
O əlavə edib ki, bu, bir az da Ukraynanı Trampın son açıqlanan sülh planına məcburetmə siyasətidir: “Bu siyasətin uğurlu olması üçün də Moskva əlindən gələni edir ki, hərbi qələbələrlə Ukraynanı öz istədiyi nöqtəyə çəksin. Əlbəttə ki, Ukrayna xalqı, hökuməti hələ qərarını verməyib. Nə baş verəcək bu bilinmir. Çünki Ukrayna həqiqətən də çox çətin bir seçim qarşısındadır. Bir tərəfdən əgər bu planı geri çevirərsə, onda ABŞ-nin Ukraynaya münasibəti necə olacaq bu bilimmir. Digər tərəfdən əgər ABŞ yardımları kəsərsə, Ukrayna müharibəni necə davam etdirəcək? Bu da böyük bir sualdır. Habelə, deyək ki, planı bu şəkildə qəbul etsə, onda Ukrayna xalqı nə üçün bu qədər il döyüşüb? niyə bu qədər itki verib? niyə Ukrayna çox ciddi sarsıntılara məruz qalıb? Bu sualları Zelenski və Ukrayna xalqı cavablaya bilməyəcək. Belə olan təqdirdə, əlbəttə ki, proseslər çox çətindir”.
K.Kazımov hesab edir ki, bu gün Ukrayna daha çox plandan tam imtina deyil, amma planda bəzi düzəlişlərin edilməsini, xüsusilə torpaq məsələsində və müharibənin dayandırılması məsələsində daha fərqli maddələr yazılmasını, bir az daha çox Ukrayna maraqlarının nəzərə alındığı bir plan istəyir: “Lakin bu, Ukraynanın istəməsi ilə həll ediləcək bir şey deyil. Çünki burada Moskvanın və Vaşinqtonun fikri də önəm kəsb edir. Hər halda “Ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır” deyiblər. Ümid edək ki, Ukrayna xalqının hüquqlarının qorunduğu və gələcəkdə regionu yeni bir müharibəyə sövq etməyəcək bir sülh imzalansın”.
Röya İsrafilova