15:00
651
“İranın xarici işlər naziri Abbas Əraqçinin Livanın XİN başçısı Yusif Racinin açıqlamasına dərhal rəsmi cavab verməsi Tehran–Beyrut münasibətlərində yeni mərhələnin başlaya biləcəyini göstərir. Əraqçi “İran Livanın daxili işlərinə qarışmır” mesajını verərək iki ölkə arasında vasitəçilər olmadan birbaşa dialoqa hazır olduqlarını vurğulayıb. Bu, xüsusilə regionda gərginliyinin davam etdiyi bir vaxtda Tehranın riskləri azaltmağa və diplomatik meydanı genişləndirməyə çalışdığının siqnalıdır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi təhlilçi Alim Nəsirov deyib.
O əlavə edib ki, nazirin həmkarını Tehrana səfərə dəvət etməsi, əvəzində Beyrutdan dəvət gələrsə, Livana getməyə hazır olduğunu deməsi iki paytaxt arasında siyasi temperaturun yumşaldığını göstərir: “İran mediası bunu regional diplomatiyada yeni mərhələnin başlanğıcı kimi təqdim edir. Son aylarda Livan ətrafında artan təzyiqlər, Hizbullahın zəifləməsi ilə bağlı müzakirələr və beynəlxalq aktorların prosesə daha çox cəlb olunması Tehran üçün situasiyanı dəyişirib. İran üçün indi əsas məqsəd – gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq və Livan xəttində nüfuzunu diplomatik kanallarla qorumaqdır. Yəni Tehran ilk dəfədir ki, açıq şəkildə “birbaşa danışıq daha yaxşıdır” mövqeyini bu qədər açıq ifadə edir. Bu həm regional dinamikanın dəyişdiyinin, həm də İranın xarici siyasətdə daha praqmatik fazaya keçdiyinin göstəricisi ola bilər”.
Röya İsrafilova