ABŞ dünya jandarmı rolunu  bərpa etməyə çalışır Dünya

ABŞ dünya jandarmı rolunu  bərpa etməyə çalışır

ABŞ “Soyuq müharibə”ni qalib kimi başa vursa da, bu qələbəni qlobal miqyasda davamlı siyasi-sabit nizam – yəni “Pax Americana”ya (Ameriak sülhü) çevirməkdə uğur qazana bilmədi.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

"Vaşinqtonun liberal-demokratik dəyərlər, beynəlxalq hüquq və çoxtərəfli mexanizmlər üzərindən qurmağa çalışdığı dünya düzəni gözlənildiyi kimi işləmədi. Əksinə, son onilliklər göstərdi ki, bu model nə regional münaqişələrin qarşısını ala bildi, nə də ABŞ-ın hegemon mövqeyini uzunmüddətli şəkildə təmin etdi" - o, bildirib.

O, qeyd edib ki, “Pax Americana”nı reallaşdırmaq üçün Ağ Ev dünyanın müxtəlif bölgələrində rəngli inqilablardan tutmuş hərbi müdaxilələrə, hibrid müharibələrdən planlaşdırılmış terror aktlarına qədər geniş alətlərdən istifadə etdi. Bu kontekstdə 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən “Qoşa Qüllələr”ə hücum da qlobal nizamın yenidən dizaynı üçün dönüş nöqtəsi kimi təqdim olundu. Lakin bütün bu addımlar ABŞ-ın arzuladığı tam nəzarətli və sabit dünya modelini yaratmadı:

"Demokratlar və qlobalist dairələrdən fərqli olaraq, daha çox “müharibə partiyası” kimi tanınan Respublikaçılar Partiyası Donald Trampın timsalında ABŞ-ın xarici siyasət kursunu köklü şəkildə dəyişməyə başladı. Tramp administrasiyası “Reyqanomika”, “Ceksonizm”, MAGA (Make America Great Again) və “America First” kimi köhnə, lakin yenilənmiş doktrinaları əsas götürərək ABŞ-ın dünya jandarmı rolunu yenidən, lakin daha sərt və açıq güc siyasəti üzərindən bərpa etməyə çalışır.
Trampın birinci prezidentlik dövründə bu istiqamətdə atılan addımlar sistemli və nəticəli olmadı. Lakin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra MAGA və “America First” ideologiyası artıq planlı, mərhələli və qlobal miqyasda həyata keçirilir. Məqsəd ABŞ-ın yeni formalaşan dünya düzənində arbitr rolunu təmin etməkdir".

Cavid