“İranda vəziyyət axarından çıxır” Dünya

“İranda vəziyyət axarından çıxır”

“İranda artıq vəziyyət axarından çıxmaqdadır. Problem ondadır ki, kütlələrə rəhbərlik yoxdur. Aksiyalar spontan xarakterlidir. Bu spontan bir tərəfdən İran hökumətini narahat edir. Ona görə ki, aksiyalar bir neçə əraziyə daha geniş formada yayıla bilər. Amma bir şey də var. İran hökuməti gözləyir ki, müəyyən bir sakitlik yaransın. Lakin heç də yaranacaq duruma oxşamır. Çünki Xameneinin ölkəni tərk edəcəyi, Rusiyaya sığınacağı ilə bağlı kəşfiyyat məlumatları yayılıb. Digər tərəfdən isə etiraz aksiyaları daha da qızışır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

Politoloq bildirib ki, aksiyalara azərbaycanlılar çox geniş formada qatılmırlar: “Bunun da səbəbi bəllidir. Hökumətə prezident Məsud Pezeşkian rəhbərlik edir. Bəlkə də ona görə azərbaycanlılar bir az səbrlə davranırlar. Çox da dərinə getmirlər. Amma hər halda hadisələrin gedişatını da gözləyirlər. Orada həlledici qüvvə faktor olaraq Azərbaycan türkləri iştirak edir. Ancaq hələki onlar gərginliyə qoşulmurlar. Düşünürəm ki, əgər İran hökuməti lazım olan addımları atıb, üsyanları yatırmaq üçün yox, sadəcə iqtisadi baxımdan üsyançıların tələblərini həyata keçirərsə, bəlkə də müəyyən sakitlik yaratmaq olar”.

S.Hümbətov qeyd edib ki, azərbaycanlıların qatılmamasının digər səbəbi odur ki, indiki üsyanlar iqtisadi məsələlərlə başlayıb siyasi faktora çevrilir və Pəhləvilərin hakimiyyətə qayıdışı ilə bağlı tələblər səslənir: “Bu da azərbaycanlıları qane etmir. O baxımdan düşünürəm ki, azərbaycanlılar hələ ki, gözləyir. İran dövləti qeyd edilən məsələləri həll etməzsə, bu artıq gələcək üçün çox ciddi problemə çevrilib İran dövlətini nəinki molla rejimini devrilməsi, hətta parçalanmaya qədər gedib çıxara biləcək bir durum yarada bilər”.

Röya İsrafilova