“Sabitlik üçün siyasi iradə vacibdir” Gündəm

“Sabitlik üçün siyasi iradə vacibdir”

“Regionda sabitliyin təmin olunmasının əsas şərtlərdən biri mövcud hərbi qarşıdurmaların dayandırılması və diplomatik proseslərin yenidən işə salınmasıdır”.

Bunu deputat Hikmət Babaoğlu Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ABŞ–İsrail–İran xəttində yaşanan gərginliyin hərbi mərhələsinin başa çatması beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır: “Müharibə istənilən halda dağıdıcıdır. Raket zərbələrinin tətbiq edildiyi şəraitdə hücum vasitələrinin qarşısının alınması, xüsusilə də mülki və humanitar obyektlərin qorunması həyati əhəmiyyət kəsb edir.”

Deputat bildirib ki, bu baxımdan Ukraynanın mövqeyi humanitar məqsədlər prizmasından müsbət qiymətləndirilə bilər. Onun fikrincə, uzunmüddətli müharibə təcrübəsi yaşayan Ukrayna mülki itkilərin qarşısının alınmasının nə qədər vacib olduğunu yaxşı anlayır və bu yanaşma məhz həmin təcrübədən qaynaqlanır.

Hikmət Babaoğlu əlavə edib ki, İranın Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirakçıya çevrilməsi də Kiyevin mövqeyinə təsir göstərən əsas amillərdən biridir: “Bu faktor Ukraynanın regional proseslərdə daha həssas və prinsipial mövqe tutmasını şərtləndirir. Hansı regionda baş verməsindən asılı olmayaraq, müharibələr zamanı əldə olunan müsbət təcrübələrin öyrənilməsi və tətbiqi beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi baxımından müsbət hal hesab edilməlidir”.

Günel Elxan