“ABŞ və İsrailin hədəfi Tehrandır” Gündəm

“ABŞ və İsrailin hədəfi Tehrandır”

“Amerika Birləşmiş Ştatları və İsrailin İranla uzun müddətdir davam edən qarşıdurmasının əsas məqsədi Tehranda özlərinə münasib hakimiyyət qurmaqdır”.

Bu sözləri politoloq Azad Məsiyev “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İrana tətbiq edilən iqtisadi və siyasi sanksiyalar sosial vəziyyəti pisləşdirmək və inqilabi əhval-ruhiyyə yaratmaq üçün nəzərdə tutulsa da, bu strategiya özünü doğrultmayıb:
“Amerika və İsrail istər respublikaçılar, istərsə də demokratlar hakimiyyətdə olmasından asılı olmayaraq, bu siyasətə xidmət edir. Taktiki gedişlərdə fərqli addımlar atıla bilər, amma əsas məqsəd İranda hakimiyyəti dəyişməkdir. Uranın zənginləşdirilməsi məsələsi də bu strategiyanın bəhanələrindən biridir. İran rəsmiləri, o cümlədən indiki prezident, bu prosesin yalnız dinc məqsədlərlə həyata keçiriləcəyini dəfələrlə bəyan ediblər və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazır olduqlarını bildiriblər. Buna baxmayaraq, İsrailin təxribatçı fəaliyyəti nəticəsində ABŞ münaqişəyə cəlb olunub.ABŞ və İsrail strateji müttəfiqlər olaraq İrana qarşı hər zaman eyni platformadan çıxış edir və məqsəd İran hakimiyyətini dəyişərək özlərinə münasib hökumət qurmaqdır. Amerika Birləşmiş Ştatları ərəb dünyasına təzyiq etmək və maraqlarına uyğun davranmayan ölkələrə İsraili yönəltmək siyasətini tətbiq edir. Bu strategiya İranda da həyata keçirilir. ABŞ-ın əsas məqsədlərindən biri Çin və Rusiyanın enerji və geosiyasi planlarını məhdudlaşdırmaqdır. İranın strateji obyektlərinə endirilən zərbələr, habelə dinc əhalinin hədəfə alınması yalnız qorxu və xaos yaratmaq məqsədilədir”.

Politoloq vurğulayıb ki, bütün bu əməliyyatlar İranın hakimiyyətini dəyişmək və ABŞ-ın istədiyi hökuməti qurmağa yetməyəcək: “İran ideoloji dövlətdir və strateji obyektləri vurmaqla hakimiyyəti dəyişmək mümkün deyil. ABŞ sadəcə sosial vəziyyəti pisləşdirmək və qorxu yaratmaq istəyir. İranın özünü müdafiə etmək haqqı BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qorunur və Tehran bu hüquqdan istifadə edir”.

Günel Elxan