“ABŞ və İsrail məqsədinə çatıb” Dünya

“ABŞ və İsrail  məqsədinə çatıb”

“Son iki gündə davam edən hərbi qarşıdurma fonunda tərəflərin üçüncü ölkələri prosesə cəlb etməyə çalışdığı müşahidə olunur”.

Bu barədə politoloq Cavanşir Abbaslı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, bu kontekstdə Küveytin ön plana çıxması təsadüfi deyil: “Hesab edirəm ki, İran bu addımı atmaqla Küveyti bir növ müharibədən kənarda saxlamağa çalışır. Münasibətlər tam ideal olmasa da, indiki mərhələdə Tehran bu istiqamətdə ehtiyatlı davranır”.

Cavanşir Abbaslı qeyd edib ki, proseslər bu şəkildə davam edərsə, İran–ABŞ gərginliyi artan xətt üzrə inkişaf edəcək: “Qısa müddətli əməliyyatlar anons edilsə də, bu savaş həm müddətinə, həm də əhatə dairəsinə görə yay aylarında baş verən 12 günlük müharibədən fərqlənə bilər. İranın ABŞ bazalarına endirdiyi zərbələr əvvəlkindən daha çoxdur və zərbələrin coğrafiyası da genişlənib”.

Politoloq digər ölkələrin də İrana qarşı əməliyyatlara qoşulması ehtimalını istisna etməyib. Onun fikrincə, bəzi müsəlman ölkələrinin bu prosesdə fəallıq göstərməsi təəssüf doğurur: “Mən hər hansı müsəlman ölkəsinin İrana qarşı savaşa qoşulmasının tərəfdarı deyiləm. Bu baxımdan Qətər tərəfindən səsləndirilən son açıqlamalar məyusedici oldu. Mövcud vəziyyət ABŞ və İsrailin ilkin məqsədlərinə müəyyən mənada çatdığını göstərir: “İranda dövlətçilik simvolu sayılan yüksək rütbəli şəxslərin sıradan çıxarılması bunun göstəricisidir. Lakin İran danışıqlara getmədikcə müharibə davam edəcək. Son açıqlamalar da Tehranın hələlik müharibəni aparmaqda qərarlı olduğunu göstərir”.

Politoloqun qənaətincə, bu mövqe qarşıdurmanın həm coğrafiyasının genişlənməsinə, həm də müharibənin uzanmasına səbəb ola bilər.

Günel Elxan