“Sarkisyan xain adlandıracaqlar” Dünya

“Sarkisyan xain adlandıracaqlar”

Azər Həsrət: "Hazarbayevin addımı bizim illər uzunu həsrətində olduğumuz bir istəkdir"

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın mayın 29-da Astanada təsis olunan Avrasiya İqtisadi İttifaqına ancaq BMT tərəfindən tanınan indiki sərhədləri çərçivəsində daxil ola biləcəyinə dair irəli sürdüyü şərt Ermənistanda siyasi böhrana səbəb olub. Prezident Əliyev Avrasiya İttifaqını təsis edən ölkələrin prezidentlərinə Ermənistanın bu ittifaqa ancaq indiki sərhədləri çərçivəsində daxil ola biləcəyi, bunun Ermənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi xüsusi qeydlə göstərilməli olduğu barədə məktub göndərib.
Azərbaycanın mövqeyini Astana sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev elan edib və bidirib ki, Ermənistan bu məsələni müzakirə edib ittifaqa üzvlüyü ilə bağlı yaxın 15 gündə qərar verməlidir.
Analitiklərin qənaətinə görə, Azərbaycan prezidentinin məktubu və Qazaxıstan prezidentinin bu məktubun nəzərə alınmalı olduğunu Ermənistan prezidenti Serj Sərkisyana hamının qarşısında açıq şəkildə çatdırması əsl sensasiyadır. Çünki bununla Ermənistanın qarısında sərt şərt qoyulur: "Ermənistan yeni ittifaqa ya indiki sərhədləri çərçivəsində daxil ola bilər, ya da bu ittifaqdan imtina etməli olacaq.
Əgər Ermənistan Azərbaycanın şərtini qəbul edib Avrasiya İttifaqına qoşulsa, bu, avtomatik olaraq o demək olacaq ki, İrəvanın Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara mümkün iddiaları onun yeni ittifaqdakı gələcək partnyorları, o cümlədən Rusiya tərəfindən tanınmayacaq.
"Exo Moskvı" radiostansiyasının şərhçisi Arkadi Dubnov bildirib ki, Astana sammitinin ev sahibi Nursultan Nazarbayev Azərbaycan prezidentinin məktubu və orada yer alan şərt barədə elan edəndə Ermənistan prezidenti Serj Sərkisyanın sifəti əyilmişdi, həmin anların onun Həyatında yumşaq desək, heç də ən xoşbəxt dəqiqələr olmadığını aydın sezilirdi.
Ermənistan müxalifətinin təmsilçiləri isə bildirir ki, heç bir siyasi partiya, heç bir hakimiyyət Avrasiya İttifaqına Dağlıq Qarabağsız girə bilməz. Müxalif Erməni Milli Konqresinin üzvü Vahan Xaçatryan deyir ki, əgər belə olsa, Ermənistan Qarabağla sərhəddə, məsələn Gorusda gömrük postu yerləşdirməlidir. Bu da Ermənistanın Qarabağla iqtisadi əlaqələrini mürəkkəbləşdirəcək.
Sərkisyanın yaxın günlərdə hansı qərarı qəbul etməsindən asılı olmayaraq birmənalı şəkildə aydındır ki, Azərbaycan prezidentinin Astana sammitinə göndərdiyi məktub Ermənistana ciddi siyasi və diplomatik zərbədir. Çünki Azərbaycan Avrasiya İttifaqından məsafə saxlayan, bu ittifaqa qoşulmayan ölkə olduğu halda Ermənistanın ora üzvlüyünü ciddi şəkildə mürəkkəbləşdirməyə nail olub.
Onu da əlavə edək ki, Prezident İlham Əliyev Astana sammitindən cəmi bir gün əvvəl - 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Ermənstanın və onun hakimiyyətinin ünvanına kəskin çıxış edərək demişdi ki, Azərbaycan Ermənistanı bütün regional layihələrdən təcrid edib və bu təcrid siyasəti bundan sonra da davam edəcək.
Siyasi ekspert Azər Həsrət bildirdi ki, orada baş verənlər, özəlliklə də Azərbaycanda böyük diqqətlə izlənilirdi: "Hər şeyə rəğmən demək olar ki, bu ittifaqla bağlı qorxulan baş vermədi. Və gələcəkdə də baş verməsi üçün əsaslar yoxdur. Çünki üçlüyün əsas oyunçularından olan Qazaxıstan faktiki olaraq dəfələrlə bəyan edib ki, SSRİ-nin bərpası, yaxud ona bənzər bir birliyin qurulmasından söhbət gedə bilməz. Bu öz yerində. Ancaq bizim üçün daha önəmlisi Ermənistana verilən təpki idi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bir qədər də sərt şəkildə Ermənistanla bağlı məsələdə konkret mövqe sərgiləməsi, üstəlik də bunu Ermənistan prezidentinin qarşısında etməsi və Rusiya Prezidenti Vladimir Putinin də onunla razılaşması əlbəttə ki, çox önəmli məqamdır. Nazarbayev bu hərəkətilə bir daha göstərdi ki, o, Türk Dünyasının layiqli ağsaqqalıdır və qərar anı gələndə qətiyyət nümayiş etdirməyi bacarır. Onun bu davranışı mənə Prezident İlham Əliyevin ötən ayın əvvəlində Praqada Ermənistan prezidenti Serj Sarqsyanın Türkiyənin yoxluğundan istifadə edib bu ölkəyə qarşı fikirlər səsləndirməsi zamanı sərgilədiyi mövqeyi xatırladır. Deməli, Türk Dövlətlərinin başçıları təkcə öz dövlətlərinin deyil, həm də digər qardaş dövlətlərin mənafelərini belə açıq şəkildə müdafiə edə bilirlər. Bu isə bizim illər uzunu həsrətində olduğumuz bir istəkdir. Və belə bir durum qarşısında Serj Sarqsyanın düşdüyü durum, ölkəsində rəzil olması da bizə çox şey deməlidir".
Politoloq Vəfa Quluzadə deyib ki, Rusiya ilə Qazaxıstanın Ermənistan dövlətini Gömrük İttifaqına qəbul etməsi qanunsuzdur: "Çünki Ermənistan təcavüzkar dövlətdir". Politoloqun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasından işğalçı ölkənin 4 qətnamə ilə təcavüzü pislənilib: "BMT TŞ tələb edib ki, bütün işğalçı qoşunlar işğal olunmuş ərazilərdən çıxsın. Amma çox təəssüf ki, Ermənistan dövləti hələ də bunu etmir. Yəni bu cür dövlətlə ümumiyyətlə İttifaq bağlamaq düzgün deyil. Bu Gömrük İttifaqı Rusiyanın ideyası ilə yaradılıb. Rəsmi Moskva 1997-ci ildə "Əsgəri İttifaq" bağlayıb. Serj Sarkisyanla Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxumasından sonra reaksiyalarının dəyişməsi əsassız yerə deyil. Çünki bu torpaqları işğal edən, elə Sakisyanın adından Rusiya prezidenti Putin olub.
Hələ Sovet dövründə ermənilərə söz verilib ki, Dağlıq Qarabağı biz sizə bağışlayırıq. İşğalçı ölkə qanunsuz olaraq öz konstitusiyası ilə Dağlıq Qarabağı özlərinin ərazisi elan edib. İndi də Serj Sarkisyan razılaşanda ki, Gömrük İttifaqına Dağlıq Qarabağsız daxil olsun, bu zaman onun düşmənləri onu xain adlandıracaqlar. Bu vəziyyət onlar üçün belədir. Buna görə də həm Sarkisyan, həm də Putin narazıdır".
Politoloq Ərəstun Baxşəliyev isə "burada mənim diqqətimi çəkən əsas məsələ tərəflər arası müqavilənin imzalanmasından sonra ictimaiyyətə verilən görüntü oldu",- deyə bildirdi: "Çox maraqlı idi. Əslində burada baş verən proseslərin özü belə göstərirdi ki, tərəflər arasında bir gərginlik yaşanmış və bu gərginlik hələ də yaşanmaqda davam edir. Fikir verərsinizsə Rusiya prezidenti Putin öz əlini əllər üstünə son olaraq qoyduğu qənaətində olsa da Qazaxıstan Prezidenti Nazarbayev öz əlini sonradan Putinin əli üzərinə qoyur. Bu isə Vladimir Putinin xoşuna gəlmir və o, öz əlini Nazarbeyevin sinəsinə vurur. Bu çox maraqlı görüntü idi... Nazarbayev "mənim dediyim oldu" mesajını verməyə çalışsa da Putin sonradan yanıldığını düşünərək öz əlini Nazarbeyevin sinəsinə toxundurur. Bunun Ardınca isə Nazerbayev təkrar əli ilə Putinin biləyinə toxunur... Ardınca isə "savaşın" sonu olaraq Putin öz əlini ehmalca Nazarbayevin çiyninə vurur və "mən deyəcəyim olacaqdır" deyə öz mesajını verir..
"Dəyirmi masa" ətrafında danışıqlar və məsləhətləşmələr getdiyi əsnada Nazarbayevin Azərbaycanı müdafiə etməsi, Putinin isə bu əsnada Nazarbayevə diqqətlə qulaq asması əvəzinə jurnal oxuması da tərəflərarası münasibətlərin o qədər də yumşaq məcrada olmadığına işarədir.
İttifaqın yaradılması hələ hər şey demək deyil düşüncəsindəyəm. Ancaq bu da bir faktdır ki, Putin buna nail oldu. Və digər tərəflər vermiş olduğu mesajda da "mən istədiklərimə nail olacağam" mesajını verir".
Politoloq Qabil Hüseynli isə deyib ki, Azərbaycana Qarabağı tam qaytarmaqla bağlı təminat verilərsə, hakimiyyət Avrasiya İttifaqı məsələsini müzakirə edə bilər. O, İlham Əliyevin Qarabağla bağlı Avrasiya İttifaqının təsisçisi olan ölkə rəhbərlərinə - Putin, Nazarbayev və Lukaşenkoya - müraciətinin ciddi fakt olduğunu bildirib: "İlham Əliyevin müraciətinin Astana toplantısında səsləndirilməsi və qəbul edilməsi, əlbəttə, çox yaxşı bir jest idi. Yəni ki, Azərbaycanın ərazi bütövlüyünə dəstəkləyən qərar idi. Amma əsas məsələ odur ki, bu qərarlar az olmayıb və onların həyata keçirilməsində problemlər yaranıb. Məsələn, ermənilər deyirlər ki, bizim Qarabağla aramızda heç vaxt sərhəd-keçid məntəqələri olmayıb və Gömrük İttifaqının qərarları ora da aiddir. Üstəlik də Moskvadakı politoloqların bəziləri müxtəlif psixoloji təzyiq vasitəsilə Azərbaycana təsir etmək istəyirlər. Ermənistanın Gömrük İttifaqına qəbulu Qarabağın da daxil olması demək deyil. Ortada sənəd və qərar var. Sadəcə olaraq, onların icrasına nəzarət etmək lazımdır. Hər halda, mən orada Azərbaycan prezidentinin Qarabağla bağlı müraciətini ciddi fakt hesab edirəm". Politoloq şərtləri yerinə yetiriləcəyi təqdirdə Azərbaycanın Gömrük İttifaqına daxil olmasının reallaşa biləcəyini söyləyib: "Əgər belə bir şey olarsa və Azərbaycana Qarabağı tam qaytarmaqla bağlı təminat verilərsə, bu məsələ Azərbaycan siyasi hakimiyyətində müzakirə edilə bilər. Hesab edirəm ki, bu, təqdirlə də qarşılanar. Amma bir şərtlə ki, bu məsələdə səmimiyyət olsun və proses Azərbaycan Gömrük İttifaqına daxil olmamışdan əvvəl həyata keçirilsin. Dağlıq Qarabağdan Ermənistan qoşunlarının çıxarılması, ətraf yeddi rayonun azad edilməsi Azərbaycanın ilkin şərtləri ola bilər. Bu məsələnin yaranmasında Rusiyanın rolu var və Rusiya bunu həll edə bilər. Bu məsələni həll edərsə, Azərbaycan niyə də cavab addımı atmağa razı olmasın? Bizim üçün Qarabağ həyati əhəmiyyət daşıyır".

Əli