“Avropa İran cəbhəsinə girmir” Gündəm

“Avropa İran cəbhəsinə girmir”

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Qərb daxilində mövqelərin fərqləndiyi müşahidə olunur”.

Bu sözləri politoloq Əli Oruclu “Xalqcebhesi.az”-a nə açıqlamasında bildirib.

O vurğulayıb ki, ABŞ-ın İrana qarşı hərbi addımları Vaşinqton üçün gözlənilməz nəticələr doğurur: “ABŞ Prezidenti Donald Tramp hesab edirdi ki, İranın bombardmanından sonra ölkə daxilində narazılıqlar artacaq və bu, rejimin zəifləməsinə gətirib çıxaracaq. Bu gözləntilərə baxmayaraq, İran hərbi, siyasi və idarəetmə sahələrində müəyyən itkilər versə də, müqavimət göstərməkdə davam edir.
Tehran Hörmüz boğazı kimi strateji alətlərdən istifadə etməklə qlobal iqtisadiyyata təsir imkanlarını nümayiş etdirib və bu, enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.ABŞ bu münaqişəyə Qərb ölkələrini də cəlb etməyə çalışsa da, Avropa İttifaqının aparıcı dövlətləri bu yanaşmanı dəstəkləmir.
Almaniya, Fransa və İspaniya açıq şəkildə bu müharibənin onların müharibəsi olmadığını bəyan ediblər.Avropa ölkələri İranla müharibəyə qoşulmağın öz təhlükəsizliklərinə mənfi təsir göstərəcəyini və Rusiyaya qarşı müdafiə imkanlarını zəiflədəcəyini anlayır”.

Onun fikrincə, belə bir münaqişəyə qoşulmaq Qərb üçün əlavə maliyyə yükü yarada bilər və bu da Ukraynaya ayrılan resursların azalmasına səbəb ola bilər: “Mövcud şəraitdə Avropanın ABŞ-İsrail xəttindən kənarda qalması daha praqmatik yanaşma kimi qiymətləndirilə bilər. Münaqişənin uzanması fonunda böyük güclər arasında qarşıdurmanın dərinləşməsi Qərb üçün müəyyən geosiyasi imkanlar da yarada bilər”.

Günel Elxan