“Bu bölgədə davamlı sülh mümkün deyil” Dünya

“Bu bölgədə davamlı sülh mümkün deyil”

“Yaxın Şərq siyasi tarixini bilən hər kəs deyə bilər ki, bu bölgədə davamlı sülh mümkün deyil. Bunun əsas səbəbi İsrailin 1948-ci ildən bəri davam edən ekspansionist siyasətidir. Yaxın Şərq bölgəsində müvafiq siyasəti həyata keçirən qüvvələr hələ ki, məqsədlərinə tam nail olmayıblar. Elə buna görə də dünən İsrail Baş naziri Netanyahu açıq şəkildə bəyan etdi ki, İsrail hələ ki, məqsədinə çatmayıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

O qeyd edib ki, İsrail İranda rejim dəyişikliyinə nail olmadı: “Bununla belə, İrana qarşı müharibədə Livanın 8%-ni işğal etdi. 2023-cü ilin oktyabrındakı Qəzza əməliyyatı çərçivəsində həm Qəzzanın yarısında nəzarəti təmin etdi, həm də Suriyada Qolan Yüksəkliklərində əlavə ərazilər tutdu. Beləliklə, İsrail bufer zonalarını gedərək genişləndirir. Bu ərazilərin gələcəkdə anneksiyasına çalışacağını ehtimal etmək olar. Vaxtilə 1967-də Qolan Təpələri də “təhlükəsizlik” məqsədilə tutulmuşdu, lakin daha sonra bura yüz mindən çox yəhudi köçürüldü və məskunlaşdırıldı. İndiki şəraitdə isə BMT-nin bufer zonası adlandırılan ərazilər tutulub və yeniləri yaradılır. Göründüyü kimi İrana qarşı müharibə sadəcə nüvə proqramı ilə bağlı deyil, ümumilikdə Yaxın Şərqdə yeni nizamın formalaşdırılması ilə bağlıdır. İran 28 fevraldan bəri ciddi şəkildə müqavimət göstərir və ABŞ-İsrail hərbi tandeminə qarşı çıxır. Bu müqavimət çərçivəsində dini rejimin əsas fiqurları itirilsə də, idarəetmə qorunub saxlanıldı. Hörmüz boğazında İranın yaratdığı vəziyyət isə atəşkəsi şərtləndirdi. Lakin İranın tam atəşkəs üçün şərtləri var - bütün regionda atəş kəsilməlidir. Bu isə İsrailin məqsədlərinə, Yaxın Şərqin yenidən dizayn planına uyğun deyil”.

Ş.Cəlilzadənin bildirdiyinə görə, odur ki, dünən, atəşkəsin elan olunmasından az sonra İsrailin hücumlara davam etdiyini gördük: “Livana hücum nəticəsində bir saatda 250-dən çox insan öldürüldü, 11 mindən çoxu yaralandı. Bu, bəlkə də dünya tarixi üçün bir saat ərzində ən çox insan öldürmə faktı kimi qeydə alına bilər.
Başqa sözlə, İranın irəli sürdüyü 10 maddəlik planın atəşkəsin əsasını təşkil etməsi gözlənilirdi, lakin bu baş vermədi. Danışıqlar başlamadan öncə bu maddələrdən üçünün pozulması - Livana və İrana hücumlar və İranın nüvə proqramının rədd edilməsini nəzərə alaraq İranın Hörmüzü yenidən bağlanması danışıqları dalana dirəyə bilər. Danışıqlarda İranı təmsil edəcək Spiker Qalibaf bu fonda danışıqları “mənasız” adlandırıb. Bununla belə optimist olanlar, müsbət nəticələrə ümid edənlər də var. Müsbət nəticənin olması üçün İranın mülki məqsədlərlə nüvə proqramı ABŞ tərəfindən qəbul edilməlidir. Yəni İrana ən azı 3-4%-lik uran zənginləşdirilməsinə icazə verilməlidir. 2015-ci ildə İranla “5+1” nüvə sazişində də müvafiq müddəa var idi. MAQATE 2016-2018-ci illərdə apardığı araşdırmalarda İranın bu tələblərə tam əməl etdiyini vurğulayırdı. Buna baxmayaraq ABŞ İranın vədinə əməl etmədiyini, uranı gizlicə zənginləşdirdiyini iddia edərək sazişdən 2018-də çıxdı. 2019-cu ildən bəri İran uran zənginləşdirməsini 60%-dən yüksəyə qaldırdı”.

Siyasi şərhçi qeyd edib ki, göründüyü kimi, ABŞ-nin ehtimalları yanlış deyildi: “İndiki halda, tərəflərin ciddi güzəştlərə getmədən sülhün əldə edilməsi imkansızdır. İran irəli sürdüyü 10 maddə əsasında sülh sazişinə nail olarsa, bu İranın qələbəsi kimi şərh oluna bilər. İranın Hörmüzdə suveren hüquqlarının tanınması və nəzarət imkanlarını saxlaması, o cümlədən gündəlik 130 civarında olan tanker keçidləri üçün 1-2 milyon dollar haqq alması qəbul edilərsə, bu dini rejimin nəinki qorunması, bərpası və daha da güclənməsi üçün kritik əhəmiyyət daşıyan maliyyə vəsaiti əldə etməsi (illik 70-90 milyard dollar) demək olar. ABŞ və İsrailin buna imkan verməsi real deyil. Odur ki, İranın uzun müddət, dağıntılar içərisində qalması, rejimin daxilən laxladılması və bərpa olunma imkanlarını tamamilə itirməsi ABŞ və İsrail planlarına daha uyğundur”.

Röya İsrafilova