Orta Dəhlizdə daşımaların sürətləndirilməsi üçün yeni logistik həllər tətbiq edilir Dünya

Orta Dəhlizdə daşımaların sürətləndirilməsi üçün yeni logistik həllər tətbiq edilir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində “Qazaxıstan Dəmir Yolları” şirkəti konteyner daşımalarının sürətinin artırılmasına yönəlmiş yeni logistik yanaşmalar tətbiq edir.

Bu barədə “APA-Economics” “Qazaxıstan Dəmir Yolları”nın rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, TBNM marşrutu üzrə 125 konteyner qatarı daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

“2026-cı ilin yanvar ayından etibarən konteyner qatarlarının formalaşdırılması üzrə “4:3” və “3:2” prinsiplərinə əsaslanan yeni model tətbiq edilib. Bu model dəmir yolu və dəniz daşımalarının sinxronlaşdırılmasına imkan verir və konteyner qatarlarının birbaşa gəmi partiyalarına uyğun şəkildə formalaşdırılmasını təmin edir. Bu isə yüklərin əlavə yığılmasına ehtiyacı aradan qaldırır və onların emal müddətini əhəmiyyətli dərəcədə azaldır”, - məlumatda qeyd olunur.

Bildirilir ki, layihənin praktiki icrası artıq nəticələrini göstərir: bu çərçivədə 28 konteyner qatarı partiyası göndərilib. Daşımalar əsas logistik mərkəzlər istiqamətində həyata keçirilib, o cümlədən Abşeron, Poti, Tbilisi, Mersin və İzmit.

Eyni zamanda, yük bazasının formalaşdırılması coğrafiyası da genişləndirilir. 2025-ci ildə göndərişlərin təxminən 50%-nin həyata keçirildiyi Sian şəhəri ilə yanaşı, marşruta Çinin yeni sənaye mərkəzləri - Çjençjou, İu, Xefey, Uhan, Tyantszin, Şençjen, Quanqcou, eləcə də Dunciazhen və Czinan stansiyaları da aktiv şəkildə qoşulur.

Bu, Çin Xalq Respublikasının istehsal və ticarət klasterləri tərəfindən TBNM marşrutuna Avrasiya logistikasının əsas istiqamətlərindən biri kimi davamlı marağın olduğunu təsdiqləyir.

Əldə olunan nəticələr və çatdırılma müddətlərinin azalması nəzərə alınaraq, “4:3” və “3:2” sinxronlaşdırılmış modellərinin tətbiqinin genişləndirilməsi və TBNM üzrə ilboyu müntəzəm göndərişlərin təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, sinxronlaşdırılmış “4:3” və “3:2” modelləri logistika sahəsində multimodal daşımaların (adətən dəmir yolu və dəniz nəqliyyatı) optimallaşdırılması üsullarıdır. Bu modellər müxtəlif nəqliyyat növləri arasında konteynerlərin vaxt və ya say nisbətini müəyyən edir. Onlar daşımaları sürətləndirir və qatarların birbaşa limanda yüklərin boşaldılmasına uyğun şəkildə formalaşdırılmasını təmin edir.

Rəqəmlər nisbəti ifadə edir. Məsələn, bir məntəqədən (məsələn, 4 qatar) limana gələn konteyner qatarlarının sayının, limandakı əməliyyatların və ya gəmilərin (məsələn, 3 gəmi) sayına olan nisbəti göstərilir ki, bu da fasiləsiz axının təmin olunmasına xidmət edir.