
ABŞ tərəfindən İran limanlarına tətbiq edilən dəniz blokadası Tehranı çıxılmaz vəziyyətə salıb. Bu addım İranın "kölgə donanması" vasitəsilə neft ixracını davam etdirərkən, Hörmüz boğazından təzyiq gücü kimi istifadə etmək strategiyasının məhdudiyyətlərini üzə çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Məqalədə qeyd olunur ki, fevral ayında müharibə başlayanda İran dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında hərəkəti pozaraq üstünlük qazanmış kimi görünürdü. Lakin sonradan Amerika Birləşmiş Ştatları İran limanlarını blokadaya alaraq cavab verib. Bu, Tehranın sanksiyalardan yan keçməklə Çinə neft daşımasına uzun müddətdir kömək edən tanker şəbəkəsinə ağır zərbə vurub.
"İran neftinin hətta bir yükünün belə ABŞ blokadasını yararaq Çinli sifarişçilərə və ya digər alıcılara çatdığına dair heç bir sübut yoxdur", — deyə nəşr xammal məlumatları ilə məşğul olan Kpler şirkətinə istinadən yazır.
Hesabatda bildirilir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İrana işləyən 44 kommersiya gəmisi geri dönmək və ya limana qayıtmaq əmri alıb. Alternativ marşrutların imkanları isə məhdud görünür. Fars agentliyinin məlumatına görə, İran Gəmiçilik Assosiasiyası bəyan edib ki, İran ticarətinin yalnız təxminən 40%-i blokadaya alınmış limanlardan kənar istiqamətlərə yönəldilə bilər.
Blokada İranın hakimiyyət sistemi daxilindəki ixtilafları kəskinləşdirib: mülayim dairələr danışıqların tərəfdarı kimi çıxış edir, sərt xətt tərəfdarları isə blokadanın müharibə elanına bərabər olduğunu və hərbi cavab tələb etdiyini iddia edirlər.
Məqalədə vurğulanır ki, İran rəsmiləri hələ istifadə olunmamış silahlardan yararlanaraq mümkün eskalasiyanı müzakirə ediblər. Eyni zamanda, SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı olan Tasnim agentliyi bu yaxınlarda Hörmüz boğazındakı sualtı internet kabellərinin xəritəsini dərc edib ki, bu da regional kommunikasiya infrastrukturuna qarşı mümkün hücum barədə xəbərdarlıq kimi qiymətləndirilib.
Nəşrin məlumatına görə, ötən həftəsonu Tehran regional vasitəçilər vasitəsilə belə bir təklif irəli sürüb: müharibənin dayandırılması, ABŞ blokadasının qaldırılması və nüvə danışıqlarının təxirə salınması müqabilində boğazdakı hücumları dayandırmaq.
Lakin ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İran onun nüvə proqramı ilə bağlı tələblərini qəbul edənə qədər davam edə biləcək uzunmüddətli blokadaya hazırlaşmağı tapşırıb.
Nəşr qeyd edir ki, müharibə İranda bir milyondan çox insanı işsiz qoyub, ərzaq qiymətlərinin artmasına səbəb olub, internet kəsintilərini uzadıb və dolların məzənnəsinin təxminən 1,81 milyon rial səviyyəsinə yüksəlməsinə təkan verib. Blokadanın dayandırılmasına dair isə hələlik heç bir əlamət müşahidə olunmur.
Məryəm Quliyeva