Gömrük borcu olan xarici ticarət iştirakçılarının Azərbaycandan çıxışının məhdudlaşdırılması qaydası müəyyənləşir İqtisadiyyat

Gömrük borcu olan xarici ticarət iştirakçılarının Azərbaycandan çıxışının məhdudlaşdırılması qaydası müəyyənləşir

Gömrük borcu olan xarici ticarət iştirakçılarının Azərbaycandan çıxışının məhdudlaşdırılması qaydası müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarının hüquqları sırasına xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək əlavə olunur. Gömrük orqanlarının vəzifələri sırasına isə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək yer alacaq.

Beləliklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması gömrük orqanının müraciəti ilə məhkəmə tərəfindən təmin olunacaq.

Analoji səlahiyyətlər Vergi Məcəlləsində vergi orqanları üçün müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.