09:33
1 232
Dünya neft ticarəti üçün böyük önəm kəsb edən Hörmüz boğazını bağlı saxlamaya davam edən İrandan narahatlıq doğuran bir açıqlama gəlib. Açıqlamada, "Yəməndəki husilər Babülməndəb boğazını bağlayacaq" deyilib.
Xalqcebhesi.az xəbər verir ki, İran rəsmiləri dünya neft ticarətinin ürəyi sayılan Hörmüz boğazını qapalı tutarkən, müttəfiqləri olan husilər vasitəsilə yeni bir addımın siqnalını veriblər. Bildirilib ki, Yəməndəki husilər Qırmızı dənizin giriş qapısı olan Babülməndəb boğazını da hərəkət üçün bağlayacaqlar.
Bu vəziyyət qlobal enerji tədarükünün ən kritik iki nöqtəsinin eyni anda sıradan çıxması riskini yaradıb. Strateji su yollarının bağlanma ehtimalı dünya bazarlarında böyük narahatlıq doğurarkən, ekspertlər neft qiymətlərində kəskin artımların ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Həm Fars körfəzi, həm də Qırmızı dəniz xəttindəki bu tıxanma təkcə enerji daşımalarını deyil, həm də Asiya ilə Avropa arasındakı ümumi ticarət dövriyyəsini dayanma nöqtəsinə gətirə bilər. Qlobal iqtisadiyyat tarixinin ən böyük logistik böhranlarından biri ilə üz-üzə qala bilər.
Digər tərəfdən, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü, deputat Əli Həzrian bildirib ki, Yəmən Silahlı Qüvvələri son günlərdə Babülməndəb boğazını blokadaya almaq üçün təlimlər keçirib və boğazın bağlanması üçün hazırlıqlar tamamlanıb.
Məryəm Quliyeva