“İsrail Qəzzanın dünya ilə əlaqələrinin kəsilməsində maraqlıdır” Gündəm

“İsrail Qəzzanın dünya ilə əlaqələrinin kəsilməsində maraqlıdır”

“Dünən İsrailin Qlobal Sumud Donanmasına hücumu ilə bağlı yayılan videogörüntülərdən də aydın olur ki, İsrail Yunanıstan dəniz sularında Krit adası yaxınlığında bu donanmaya hücum edib və onları əsir götürüb. Bu, təxminən 15 il öncəki Mavi Mərmərə gəmisinə hücum və bundan sonra Qəzzaya yardım aparılan donanmalara edilən hücumlarla eynilik təşkil edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, İsrail hər hansı bir formada Qəzzanın dünya ilə əlaqələrinin kəsilməsində maraqlıdır: “Qəzzaya gedən humanitar yardımlar ancaq İsrailin icazə verdiyi həddə və İsrailin özü tərəfindən həyata keçirilir. Çünki İsrail Qəzzada baş verənlərin dünya ictimaiyyətinə çatdırılmasında maraqlı deyil. Yəni bu tipli hadisələr onsuz da Yaxın və Orta Şərqdə gərgin olan vəziyyəti bir az da gərginləşdirir və Fələstin məsələsinin, Qəzza məsələsinin, ümumiyyətlə, Yaxın Şərqdə sabitliyin əldə olunması ilə bağlı səyləri ciddi şəkildə kölgədə buraxır və gələcək sülhün varlığı ilə bağlı şübhə yaradır”.

O.Qasımovun sözlərinə görə, Qəzza ilə bağlı Trampın sülh təşəbbüsləri də vardı: “Doğrudur, artıq İran müharibəsi ilə əlaqədar olaraq bu təşəbbüslər arxa plana keçib. Bu da İsrailə əl-qol açmasına imkan yaradır. Amma görünən odur ki, hazırda İran ətrafında baş verən, o cümlədən Rusiya-Ukrayna savaşında baş verənlərin miqyası o qədər böyükdür ki, bu cür hadisələr beynəlxalq ictimaiyyətin diqqətini çox da cəlb etmir”.

Röya İsrafilova